Yeni reallıq: Dəmir yumruq və Azərbaycan gəncliyi - Ramin Səmədov


  • 10:06 / 31 03 2021 |
  • Bölmə: Köşə


Tariximizin şanlı səhifəsinə çevrilmiş 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış parlaq qələbənin dövlətimizin və xalqımızın gələcək uğurlarının başlıca amilinə, müharibə günlərində böyük qürur hissi ilə yaşanmış xalq-ordu-iqtidar birliyinin sabahkı həyatımızın təməl prinsipinə çevriləcəyinə heç bir şübhə yoxdur.

Dövlət başçısının müdrik siyasəti, milli ordumuzun rəşadəti sayəsində qazanılmış möhtəşəm Zəfərdən sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət və yaşanan reallıqlar Azərbaycanın beynəlxalq aləmdə uğurlu xarici siyasət yürütdüyünü bir daha təsdiq edir. Azərbaycan Respubikasının Prezidenti cənab İlham Əliyev bir neçə gün öncə Novruz bayramı ərəfəsində Şuşa şəhərinə tarixi səfəri zamanı xalqa müraciətində qeyd edib:

“Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.

Həqiqətən də, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və 2003-cü ildən başlayaraq uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində Azərbaycanda tamamilə yeni gənc nəsil formalaşmışdır. Müasir Azərbaycan gəncliyi birinci Qarabağ müharibəsi dövründə dünyaya göz açmış, son 30 il ərzində yüksək vətənpərvərlik ruhunda yetkinləşmiş, 44 günlük Vətən müharibəsində böyük Zəfərə imza atmış, vətənini sevən, millətinə bağlı, dövətinə sadiq gənclikdir. Ölümün gözünə dik baxıb doğma torpağının hər bir qarışı uğrunda canını fəda etməyə hazır olan gənclikdir. 

Azərbaycan gənclərinin bu zəfər salnaməsi dünya hərb tarixinin ən şanlı səhifələrindən biri kimi hələ uzun illər oxunacaq, tədqiq ediləcək və bir çox dünya xalqlarının gəncləri üçün nümunəyə çevriləcəkdir. Ermənistanla Azərbaycan arasındakı haqq və ədalətin bərpası, əzəl torpaqların mənfur düşmən əsarətindən azad edilməsi uğrunda savaş təkcə qoşunların təmas xəttində, hərbi müstəvidə deyil, həm də informasiya məkanında aparıldı. Bu savaşda vətənpərvər gənclərimiz cəbhəyə könüllü yazılmaqla yanaşı, mütəmadi olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin Ermənistanın ölkəmizə qarşı təcavüzü barədə məlumatlandırılmasında fəal iştirak etdilər. Geniş dünyagörüşü, tarixi hadisələr barrədə anlayışı, xaric dil bilikləri olan, xüsusən də bu xüsusiyyətlərə malik olmaqla xaricdə yaşayan azərbaycanlı gənclərin informasiya müharibəsinin gedişatına təsiri mühüm əhəmiyyət kəsb etmişdir.
Yüksək qürur hissi ilə qeyd etmək lazımdır ki, gənclərimizin fəallığı sayəsində çoxsaylı sosial media platformalarında düşmənə adekvat cavablar verilir, onun heyrət və nifrət doğuran yalanları ifşa edilir, Qarabağ həqiqətləri bütün dolğunluğu ilə dünyaya çatdırılırdı. Vətən müharibəsi Azərbaycan gəncliyini tariximizi daha dərindən öyrənməyə, müvafiq araşdırrmalar aparmağa sövq etdi, gəncləri siyasi və tarix elmlərinə, eləcə də hərb elminə daha dərindən yiyələnməyə həvəsləndirdi. 

Regionda yaranan yeni reallığın müəllifi kimi Azərbaycanın bundan sonra inkişaf yolunda daha böyük uğurla və qətiyyətlə irəliləyəcəyi danılmazdır. Qarşıda bizi nəhəng quruculuq işləri gözləyir: işğaldan azad edilmiş torpaqlar dirçəlməli, şəhərlər, qəsəbələr və kəndlər bərpa edilməlidir. Təbiidir ki, yeni dönəmdə, yeni reallıqlar fonunda Azərbaycan gəncliyinin üzərinə şərəfli missiya və mühüm vəzifələr düşür ki, bu da müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi dövründə xalqa müraciətlərində dəfələrlə qeyd edilmişdir. Azərbaycan gəncliyi bundan sonra da vətənpərvərlik və dövlətçilik ruhunda yetişməklə, azərbaycançılıq məfkurəsinə sadiq olub milli-mənəvi dəyərləri layiqincə qorumaqla, qloballaşan dünyada aparılan informasiya müharibəsində fəallıq nümayiş etdirməklə, ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla Azərbaycanın gələcəkdəki titanik uğurlarına öz layiqli töhfəsini verməlidir. 
Bu gün ölkəmizin insan kapitalının mühüm və perspektivli tərkib hissəsi olan gənclər qarşısında yeni üfüqlər açılır, böyük imkanlar yaranır. İctimai həyatın bütün sahələrində kifayət qədər fəal olan, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən Azərbaycan gəncliyi bu imkanlardan layiqincə yararlanır, həm təhsildə, həm də əmək fəaliyyətində nailiyyətlər qazanır, dövlətimizin mənafeyini, xalqımızın maraqlarını etibarlı şəkildə müdafiə edir. 
Azərbaycan xalqı ən çətin və mürəkkəb dövrlərdə, taleyüklü problemlərin həllində sərgilədiyi milli birlik və həmrəylik, vətənə sevgi və dövlətə sadiqlik sayəsində bir çox ağır durumlardan üzüağ və alnıaçıq çıxmağı bacarmışdır. Bu dəfə də belə oldu. Müdrik və güclü lider, onun ətrafında dəmir yumruq kimi cəmləşmiş xalq və onun yetişdirdiyi sağlam gəncik böyük Qələbəni təmin etdilər. Möhkəm və sarsılmaz xalq-iqtidar birliyinə nail olmuş dövlətlərin qüdrəti və məğlubedilməzliyi biz tarixdən bəllidir. Məhz bu cür dövlətlər haqq və ədalət, sülh və tərəqqi uğrunda istənilən mücadilədə daim qələbə qazanırlar. 
Biz milli birliyimizlə, vəhdətimizlə müdrik dövlət rəhbərimizin uzaqgörən siyasətini dəstəkləyərək müqəddəs amal uğrunda yaşanmış Vətən müharibəsində dəmir yumruğa çevrildik. Zərbəsi mənfur düşməni məhv edən bu dəmir yumruğun gücü dövlət rəhbərimizin iradəsi və qətiyyətindən, ordumuzun rəşadətindən, ölkəmizdə yaşayan bütün xalqların milli birliyindən, Azərbaycan gəncliyinin vətənpərvərliyindən qaynaqlanır. 
Savaş bitdi... Həsrətə son qoyuldu. Əsarətdən qurtulmuş əzəl torpaqlarımıza qədəm qoyuruq. Qurub yaratmaq üçün... Bu torpaqlara yeni nəfəs verib, onları həyata qaytarmaq üçün. Ön sırada qarşısında yeni yollar açılan Azərbaycan gəncliyidir. 
Xalqına qələbə sevinci yaşadmış Azərbaycan gəncliyi, sənin kimi övladı olan millətin dəmir yumruğu bir daha açılmayacaqdır. 
 
 
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri



Oxşar xəbərlər