Ziyalılarla reklam agentliyi arasında anlaşılmazlıq dərinləşir - Vasif Sadıqlıdan sərt cavab


  • 17:52 / 10 05 2021 |
  • Bölmə: Köşə


Paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif təsnifatlı  obyektlərin adlarında və reklam mətnlərində azərbaycan dilinin tələblərinin pozulması hallarına qarşı yüzlərlə ziyalının vəziyyətin əleyhinə etiraz kompaniyası genişlənməkdədir. Pozuntularla bağlı  başda prezident administrasiyası olmaqla cavabdeh qurumlara ünvanlanan müraciətlər əsasında müzakirələr açılsa da, hələ ki, ortada məntiqi nəticə yoxdur. Kampaniyanın təşkilatçılarından biri Vasif Sadıqlı ziyalılarla reklam agentliyi arasında dərinləşən anlaşılmazlığa cavab verib. Həmkarımızın sərt üslubda qələmə aldığı həmin yazısını təqdim edirik.

“Ananın dediklərinə o, tam laqeydliklə qulaq asırdı, elə bil bu sözlərin ona dəxli yoxdu.Yəqin, otluqda cırıldayan çəyirtkəyə də beləcə qulaq asardı. Və onda Nayman-Ana manqurt oğlundan soruşdu:
— Sən daha nə istəyərdin?
— İstəyərdim ki, mənim də hörüyüm olsun ağamınkı kimi”.

Ç. Aytmatov. «Gün var əsrə bərabər» romanından
 
Başqa planetlər necədi, nə cürdü, nə təhərdi, Mirzə Cəlil demiş, nə tükdə canavardı, deyə bilmərəm, amma bu dünyada adam darıxmır. Bura başdan ayağa ekstrimdir. Ekstrim isə adrenalin deməkdir. Bütün bunları nəyə görə deyirəm? Bu günlərdə aprelin 17-də “musavat.com” saytında gedən “Ziyalıların Prezident Administrasiyasına ünvanladıqları müraciətlə bağlı qalmaqal səngimir...” adlı yazıya rast gəldim. Söhbət dövlət dilini Bakının mərkəzindən didərgin salan əcnəbi dillərdə reklam və lövhələrdən gedir. Jurnalist Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanovdan və Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəridən açıqlama alıb. Elmin bəyin dedikləri ilə işim yoxdu. Amma mətbuat katibinin sözlərinə və ADRA rəsmilərinin bir sıra hərəkət və hərəkətsizliklərinə etinasız qalmaq olmur. Niyə hiddətləndiyimizi izah etməyə çalışaq:

Əvvələn, jurnalist ziyalıların nə istədiyini soruşduqda məzkur Agentliyin məzkur mətbuat katibi belə cavab verir: “Onların iddiası budur ki, niyə şəhərin mərkəzində bir sıra brend adları xarici dildə yazılıb”. Bildirmək istəyirik ki, bir sıra məlum kəmiyyətin yarıdan az olmaqla kiçik, bəzənsə cüzi hissəsinə deyilir. Həmin məlum kəmiyyətin əlli faizinə yarısı, yarıdan çox olanda çoxu, bir az da çox olanda  əksəriyyəti, lap çox olanda isə mütləq əksəriyyəti deyilir. Mətbuat katibi ya bunun fərqində deyil, ya da qəsdən ictimai rəyi çaşdırmaq istəyir. Əgər Rəsulzadə küçəsində 42 obyektin 40-da, Cavid prospekti, Nizami küçəsi, Azərbaycan prospekti, Əziz Əliyev küçəsi və s. ərazilərdə 70-90 faizində dövlət dilindən istifadə edilməyibsə, buna bir sıra yox, ən azı əksəriyyəti deyilməli idi.

Saniyən, Agentliyin mətbuat katibi dövlət dilində heç nə yazılmayan obyektlərin üzərindəki yazıların əcnəbicə olmasını özünəməxsus şəkildə izah edir: “Həmin adlar dünya brendləridir”. Bu da ziyalıları onları başa düşməməkdə ittiham edən mətbuat katibinin daha bir yanlışı. Monitorinq keçirilən ərazilərdə yüzlərlə brend var ki, beynəlxalq yox, yerlidir və onların fotoşəkilləri ADRA-ya iki dəfə təqdim edilib. Bir neçə nümunə göstərim: “TN Avtoçhexol”, “Nush Cake House”, “Boranı Restaurant”, “Pasha Game Center”, “Xan Halı”, “Lustur Ucuzluq”, “Darçın Perfumes & Accessories”, “Döner Et Döner Toyuq”, “Boutique by Tarana”, “Manidoro by Səxavət”. Doğrudanmı, bunlar beynəlxalq əmtəə nişanlarıdır? Elədirsə, bunu sənədlərlə sübut edin. Əgər deyilsə, “həmin adlar dünya brendləridir” demək saytın oxucularını və xalqı aldatmaqdır.

Salisən, mətbuat katibi qeyd edir (sitatlardakı səhvlərə görə cavabdeh deyilik): “Qanunvericiliyə görə Azərbaycan ərazisində dövlət dili ilə yanaşı xarici dildə olan reklamdan da istifadə oluna bilər”. Bəli, biz bunu müraciətimizdə dəfələrlə vurğulamışıq. Amma mətbuat katibi oxuculara və cəmiyyətə təlqin etmək istəyir ki, bu lövhələr, reklamlar yalnız əcnəbi dildə yazılıbsa, bu, sahibkarın hüququdur: “Eyni zamanda, qanunvericiliyə görə, sahibkarlığın istehlakçılar bazarında özlərini öz adları kimi tanıtmaq hüququ var. Bir çox xidmət və ticarət obyektləri də bu hüquqlarından istifadə edirlər. Yəni, onlar xarici dildə reklamı yerləşdirməzdən əvvəl bununla bağlı əmtəə nişanı kimi qeydiyyatdan keçən və digər sənədləri Dövlət Reklam Agentliyinə təqdim edirlər. Yalnız bundan sonra həmin sənədlər varsa özlərini tanıtmaq hüququ verilir. Yəni, xarici dildə olan reklamlarını yayımlaya bilirlər”. Bəli, məlum olur ki, mətbuat katibi daha yuxarıda dediyi bu sözləri unudub:
“Sadəcə bu zaman xarici dildə olan mətn Azərbaycan dilində olan mətndən sonra gəlməlidir və onun ölçüləri Azərbaycan dilində olan mətnin ölçülərindən böyük olmamalıdır. Bu, Qanunvericiliyin bir müddəasıdır”. Bəli, amma xarici dildə olan mətnin dövlət dilində olan mətndən sonra gəlməsi üçün obyektlərin üzərində Azərbaycan dilində mətn olmalıdır. Bu, imperativdir. Fəqət yuxarıda deyildiyi kimi, Rəsulzadə küçəsində 42 obyektin 40-da, deyilmədiyi kimi, Cavid prospekti, Nizami küçəsi, Azərbaycan prospekti, Əziz Əliyev küçəsi və s. ərazilərdə reklamların 70-90 faizində dövlət dilindən istifadə edilməyib.

Rabeən, qurumun rəsmisi jurnalistin: “Bəs niyə ziyalılar hələ də sizdən şikayətçidir?” - sualına belə cavab verib: “Bu sualı onların özlərindən soruşmaq lazımdır. Çünki hər dəfə ziyalılar bizə müraciət edəndə görüşlər keçirib, məsələ izah olunub”. Oxucuda belə təsəvvür yaranır ki, ADRA zərərçəkmiş kimi qəbul edilməlidir - nə qədər izah edirlərsə, ziyalılar anlamır ki, anlamır. Müraciəti imzalayanların içərisində 30-dan artıq professor, bir neçə əməkdar elm xadimi, beynəlxalq mükafatlar almış alimlərimiz, ümumiyyətlə, yüzdən artıq alim, o cümlədən AMEA Dilçilik İnstitutunun sabiq direktoru, AMEA-nın müxbir üzvü, yazıçı və digər ziyalılar var. Doğrudanmı, elə hesab edirsiniz ki, bu şəxslər nə yazdığının, niyə yazdığının fərqində deyil və sizin izahlarınızı dərk etmək iqtidarında deyil. Bu Azərbaycan ziyalısına həqarət deyilmi?

Xəmisən, martda birgə monitorinq zamanı ticarət və digər xidmət obyektlərinin üzərinə xidmətlə bağlı olub, əmtəə nişanının mətninə daxil olmayan əcnəbi dillərdə sözlərin, söz birləşməsi və cümlələrin yazılmasına niyə yol verilməsi barədə sual verdik. ADRA nəyə görə susur? Bu suala yazılı cavab verə bilərsinizmi?

Sədisən, Dövlət Agentliyinin digər nümayəndələri də hər iki görüş zamanı səriştəsiz və ya deyilən problemin həllində istəksiz olduqlarını biruzə veriblər. Belə ki, ötən ilin iyulunda BŞİH-də keçirilən görüşdə ADRA rəsmisi iradlarımızı bildirəndən sonra belə cavab vermişdi: “Sizə kömək edəcəyik”. Görünür, məzkur qurumun adı zikr edilməyən rəsmiləri hələ bunun fərqində deyilər ki, Azərbaycan dövləti Reklam Agentliyini Azərbaycan xalqının maraqlarının qorunması üçün yaradıb. ADRA-nın Nizamnaməsində göstərilir ki, bu qurum reklam üzrə vahid tənzimləməni və nəzarəti həyata keçirməlidir. Həmin Nizamnamənin 1.2. maddəsinə görə isə, Agentlik fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını ... Azərbaycan Prezidentinin digər fərmanlarını, sərəncamlarını… digər normativ hüquqi aktları rəhbər tutmalıdır. Belə olan halda “sizə kömək edərik” o deməkdir ki, ADRA rəsmiləri ya reklam sahəsində Konstitusiya və qanunların tələblərinə əməl etməyin onların hüququ yox, birbaşa vəzifəsi olduğunun fərqində deyillər və ya da bilərəkdən bunu ziyalılara lütf, xeyirxahlıq kimi təqdim edirlər.
Sabiən, ötən ilin iyulunda Əqli Mülkiyyət Agentliyinin nümayəndələri ilə görüş təşkil olunacağını vəd etdiniz. Amma hələ də görüş baş tutmayıb. Müzəffər Azərbaycan ordusu Qarabağda 30 il möhkəmlənmiş düşməni 44 gündə süpürüb atdı. Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün 308 günə bir görüşü təşkil edə bilmirsiniz və ya istəmirsinizsə, problemin həllində maraqlı olmağınız barədə dediklərinizin səmimiyyətinə necə inanaq?

Səminən, keçən ilin iyulunda BŞİH-də görüşdən qabaq hörmətli dostlardan biri dedi ki, məmurlar ziyalılara yuxarıdan aşağı baxır. Haqlı olduğuna inanmağım üçün çox vaxt tələb olunmadı. Deyəsən, bu kreslolarda nə sakral güc varsa, ora oturan adam özünü alçaq dağların (ağlınıza başqa şey gəlməsin, hündür olmayan) yaradılmasının ideya müəllifi, baş konstruktoru və podratçısı, eləcə də baş mühasibi, Müşahidə Şurasının sədri, səhm nəzarət zərfinin sahibi kimi hiss edir... İstər ötən il iyulun 3-də keçirilən görüş, istər mətbuat katibinin yuxarıda deyilən açıqlaması, istərsə də martın 17-də Rəsulzadə küçəsində keçirilən monitorinq zamanı buna bir daha əmin olduq...
Təsiən, ADRA nümayəndələri iyul görüşündə ticarət və digər xidmət müəssisələrinin lövhələrindəki yazıların əcnəbi dillərdə olmasını həm də Paris Konvensiyası ilə əsaslandırmağa çalışırlar. Halbuki 2005-ci il oktyabrın 20-də Paris şəhərində qəbul edilmiş “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiya, adından da göründüyü kimi, mədəni müxtəlifliyin qorunması üçün qəbul edilib və sənədin preambulasında “dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu” xüsusi vurğulanır. Həmin sənədin “Məqsədlər və rəhbər prinsiplər” adlı fəslində (maddə 1 (h)) “dövlətlərin öz ərazilərində mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üçün uyğun hesab etdikləri siyasət və tədbirləri dəstəkləmək, qəbul etmək və həyata keçirmək kimi suveren hüquqlara malik olduqları” təsdiq edilir. Aydındır ki, heç bir konvensiya bu və ya digər dövlətə öz rəsmi dövlət dilində lövhələrin yazılmasını, sahibkarlıq subyekti ilə vətəndaş arasında ünsiyyətin dövlət dilində qurulmasını qadağan edə bilməz və etməyib.

Aşirən, iyul və mart görüşündə ADRA təmsilçilərinə xatırlatdıq və iki dəfə fotoşəkillərlə sübut etdik ki, Paris Konvensiyasına qoşulan ölkələr beynəlxalq əmtəə nişanlarını qorusa da, mütləq o adları transliterasiya edib, öz dillərinə uyğunlaşdırır və obyektlərin üzərinə yazırlar. Bu zaman cavabınız belə oldu ki, o ölkələr fərqli əlifbalardan istifadə etdikləri üçün elə yazır, bizdə isə latın qrafikası olduğu üçün başa düşülür və ehtiyac yoxdur. Əgər bu cavabın hüquqi cəhətdən absurd olmadığına əminsinizsə, dediklərinizi yazılı şəkildə təsdiq edə bilərsinizmi?
 
Nəhayət, ziyalıların nə istədiyi Dövlət Agentliyinə hələ də tam aydın olmayıbsa, təkrar edirik:
1. Dil dövlətçiliyin mühüm atributlarından biri, mədəniyyətin mövcudluğunun şərti, onun yaşamasının spesifik üsulu, mədəni kodların formalaşması faktorudur. Bakının küçələrində müşahidə edilən dil mənzərəsi qeyd-şərtsiz mədəni-linqvistik ekspansiyadır və əsas məqsəd xalqın öz dövləti ilə identikləşmə mexanizmlərini zəiflətməkdir. Bunun qarşısını almalı olan müvafiq icra hakimiyyəti orqanı isə Azərbaycan Dövlət Reklam Agentliyidir.
2. “Dövlət dili haqqında” qanuna əməl edilməməsi, Bakının, eləcə də artıq digər şəhərlərimizin millilik elementlərinin get-gedə yoxa çıxması, ayrı-ayrı şirkətlərin öz biznes maraqlarını önə çəkib Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən biri, bəlkə də, birincisi olan dilimizi sıxışdırması təkcə ədəbi dilə qarşı hörmətsizlik deyil, həm də dövlətimizin rəsmi azərbaycançılıq ideologiyası ilə daban-dabana ziddir. Sanki bu təhdid nəzərə alınaraq hələ 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd edilirdi: “Şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir”.

3. Azərbaycan Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması təsbit edilib (maddə 21). Bu, o deməkdir ki, istər dövlət, hökumət strukturları, istərsə də özəl sektor subyektləri vətəndaşlarla ünsiyyəti bu dildə qurmaldır. Ticarət və xidmət obyektləri vətəndaşlara xidmət edir, həmin obyektlərin üzərindəki yazı vətəndaşlarla ünsiyyət üçündür və bu ünsiyyət dövlət dilində olmalıdır.

4. Bu dilin dövlət dili kimi ölkənin siyasi, ictimai, iqtisadi (ticarət və digər xidmətlər iqtisadi fəaliyyət sahəsidir), elmi və mədəni həyatının bütün sahələrində işlədilməsi qanunun tələbidir (“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanununun 1.2. maddəsi)
5. Yenə həmin Qanunda (maddə 17) dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının...” adında işlədilməsi tələb edilir. Eləcə də qanunda qeyd edilir ki. “göstərilən təsisatların adını əks etdirən lövhələr... dövlət dilində tərtib olunur”.

6. Yenə həmin Qanuna görə, “... bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır” (maddə 18.1.).

7. Bakının küçələrində Azərbaycan dilində yazılan lövhələrdə hətta orta məktəb şagirdlərinin tuta biləcəyi minlərlə (!) leksik, orfoqrafik, qrammatik və punktuasiya səhvləri var. Belə kobud səhvlər dövlət orqanlarının nüfuzuna ağır zərbə vurmurmu? Onları da bizmi tapıb sizə göndərməli və tədbir görməyiniz üçün aylarla gözləməliyik? Deyəsən, bunların qarşısını almaq sizin birbaşa vəzifənizdir... Amma nə olar, yenə koronavirus aman vermir deməyin, yoxsa camaat elə bilər ki, COVİD 19 virusları gündə milyonlarlarla adamın alış-veriş elədiyi şəhərdə eksklüziv olaraq ADRA əməkdaşlarını hədəfə alıb qarabaqara izləyir...
7+1. Yazımı yapon yazıçısı Rünoske Akutaqavadan bir sitatla tamamlayıram: “Siz avropalı kimi geyinib özünüzü avropalı hiss edirsiniz. Lakin bir avropalı üçün siz, sadəcə, öz dəyərlərinə tüpürmüş yaponsunuz” (pardon – V.S.).

Hörmətlə...
Xeyirli şənbələr...





Oxşar xəbərlər