Azərbaycan-Türkiyə münasibətləri bu gün


  • 19:42 / 17 06 2021 |
  • Bölmə: Köşə


                                   
 İkinci  Qarabağ müharibəsində Müzəffər  Azərbaycan Ordusunun əldə etdiyi şanlı Qələbə Qafqaz regionunda diplomatik baxış bucaqlarının dəyişməsinə səbəb olmuşdur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xalq-Dövlət-Ordu birliyinin nəticəsi olaraq Azərbaycan dövlətinin qazandığı qələbə yeni diplomatik uğurlara da yol açmışdır. Azərbaycanın Respublikasının regionda artan beynəlxalq nüfuzu digər dövlətlər tərəfindən birmənalı qarşılanmamışdır. Tariximizə nəzər salanda Azərbaycan diplomatiyasının dövlətçilik tariximizin tərkib hissəsi olduğunun şahidi oluruq. Avropa və Asiya qitələrinin qovşağında mühüm mədəniyyət mərkəzindən biri olan  Azərbaycanın dövlətçilik tarixində qonşu və digər dövlətlərlə diplomatik münasibətlər mühüm əhəmiyyət daşımışdır. Qədim və orta əsrlər dövründə Azərbaycanın diplomatik münasibətlərində artan dinamika ilə yanaşı gərginliklər də mövcud olmuşdur. Azərbaycan və Türkiyə münasibətləri hər zaman önəmli olsa da  obyektiv və subyektiv səbəblər baxımından orta əsrlərdə Avropa ilə münasibətlərə üstünlük verilmişdir.  XV əsrdən etibarən Azərbaycanda tarixi təcrübənin, ibrət dərslərinin nəticəsi olaraq mərkəzləşdirilmiş milli dövlət quruculuğuna başlanılmışdır. Həmin dövrdə mövcud olmuş Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu kimi Azərbaycan dövlətləri regionun siyasi, hərbi prosesləri ilə bərabər iqtisadi və mədəni həyatında da mühüm rol oynamışlar. İlk dəfə Avropa ilə diplomatik əlaqələr yaradan Ağqoyunlular zamanından başlayaraq Avropa dövlətləri ilə sıx diplomatik əlaqələr saxlanılmışdır. Beləki regiona maraq göstərən dövlətlər dini-siyasi faktorlardan istifadə edərək tarixin müxtəlif zamanlarında türk-müsəlman dünyasında parçalama siyasəti yeritməyə çalışmışlar. Amma həmin dövlətlər unudurlar ki, indi nə XV əsr, nə də XVI əsr deyil ki, dini-siyasi amillərdən istifadə edərək iki türk dövlətini üz-üzə qoyaraq regionda parçalanma siyasəti aparsınlar. 

XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qurmağa nail olmuş Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olan Türkiyə ilə siyasi, iqtisadi və mədəni sahədə birgə əməkdaşlıq təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayırsa,   Şuşa Bəyannaməsi  siyasi müstəvidə ölkələrimiz arasında əməkdaşlığın yüksək inkişafının  göstərir.

XXI əsr hadisələrə daha obyektiv və opeativ baxmağı tələb edir. Azərbaycan-Türkiyə münasibətləri diplomatik uğurlarımızın içərisidə xüsusi olaraq diqqəti cəlb edir. İstər Vətən müharibəsi gedişi zamanı istərsə də müharibədən sonrakı dövrdə Azərbaycanın haqq işini dəstəkləyən Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərində yeni bir inkişaf mərhələsi başlanmışdır. 30 ildən artıq bir dövrdə davam edən Qarabağ münaqişəsi zamanı ermənipərəst mövqeləri ilə saxta obyektivlik nümayiş etdirən dövlətlər Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyirlər. Qarabağ münaqişəsinin tənzimlənməsində 1992-ci ildən üzü bəri mühüm rol oynamalı olan ATƏT-in Minski qrupuna rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi dövlətlər münaqişənin ədalətli həllində fəaliyyətsiz mövqe nümayiş etdirdilər. 44 günlük Vətən müharibəsindən sonra əldə etdiyi qələbə ilə dünyanın hərb tarixində yenilik yaradan Azərbaycan dövləti  diplomatik tərəfdaşlığını genişləndirməkdədir. Öncədən bildirim ki, Qarabağ münaqişəsi zamanında hər vaxt Azərbaycan Respublikasının haqq işini dəstəkləyən Türkiyə Respublikası başçısının azad olunmuş Azərbaycan torpaqlarına səfər etməsi heç bir bəyannamə imzalanmadan belə bütün dünyaya ünvanlanmış diplomatik jestdir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ilk olaraq azad olunmuş Füzuli rayonu ərazisində görüşməsi, birgə əməkdaşlıq şəraitində aparılan infrastruktur layihələrin gedişi ilə tanış olması əhəmiyyətli olduğu qədər də bizim üçün qürurvericidir. Azad olunmuş ərazilərədə yaşayış məntəqələrinin müasir tələblərə uyğun yenidən  qurulması istiqamətində atılan birgə adımlar Azərbaycan Republikasının iqtisadi gücünün göstəricisi olmaqla bərabər bölgəyə sərmayə qoymaq istəyən dövlətlərin mövcudluğunun və birgə əməkdaşlığın nəticəsidir. Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin tarixi baxımdan Vətən müharibəsinin sona çatmasından keçən qısa bir vaxtda Füzuli rayonunda yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak etməsi, Aşağı Köndələnçay su anbarının texniki göstəriciləri ilə tanış olması, Füzuli rayonunda tikilən Beynəlxalq Hava Limanında və Zəfər yolunda  işlərin gedişi yaxından maraqlanması erməni vandalizminə məruz qalmış tarixi yurd yerlərimizin tezliklə abadlaşacağından və köçkünlərimizin öz doğma yurdlarına dönəcəklərindən xəbər verir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında 15 iyun 2021-ci ildə müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ümumi maraqlar və beynəlxalq hüququn normaları baxımından əhəmiyyətlidir. Şuşa Bəyyannaməsi iki dövlət arasında imzalanmaqla yanaşı bütünlükdə türk dünyası üçün, regionun və dünyanın gələcək hərbi-siyasi sabitliyi, dinamik iqtisadi və mədəni inkişafı baxımından önəmlidir. Vətən müharibəsi gedişində Azərbaycana öz mənəvi-siyasi dəstəyini göstərən Türkiyə Respublikası  13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”yə və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”a, 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”yə sadiqliyin davamı olan Şuşa Bəyannaməsi regionda daimi sülhün qarantı olmaqla yanaşı Zəngəzur dəhlizi kimi geosiyasi əhəmiyyətə malik birgə nəqliyyat layihələrinin inkişafına yeni imkanlar yaradır. Şuşa Bəyannaməsi Azərbaycanın eləcə də bütün Qafqazın mədəniyyət mərkəzi hesab olunan Şuşa şəhərinin siyasi mərkəz kimi nüfuzunu önə çəkir. Şuşa əhərində qardaş Türkiyə dövlətinin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar bunun bariz nümunəsidir. İnanırıq ki, Şuşa şəhəri mədəniyyət beşiyi olaraq Qafqazda özünəməxsus yer tutduğu kimi siyasi mərkəz olaraq da bütünlükdə Qafqazın və dünyanın mühüm mərkəzlərindən birinə çevriləcəkdir. 
 
   Qabil Əliyev 
  Füzuli rayonu




Oxşar xəbərlər