Tağıyevin neft imperiyasını əlindən alan ingilis zabiti - FOTO


  • 14:33 / 07 07 2021 |
  • Bölmə: Köşə


Hacı Zeynalabdin Tağıyevin bu fotosu bütün mənbələrdə bu cür təqdim edilir: “Hacı Zeynalabdin Tağıyev işlər müdiri Uilyams ilə birgə”.

Kimdir axı bu Uilyams? Necə oldu ki, Rusiya imperiyasının ən varlı adamlarından olan, adı Fransa, Almaniya, İngiltərə və digər ölkələrdə hörmətlə çəkilən, Şərqdə mesenat addımları ilə sevilən azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyevin yanında ikinci adama, işlər müdiri vəzifəsinə gəldi çıxdı?

XIX əsrin 80-ci illərində H.Z.Tağıyev firması ildə 163.800 ton neft çıxarırdı, 1893-cü ildə hasilat 327.600 tona, 1896-cı ildə isə 524.160 tona çatmışdı. Neft sektorunda rəqabət olduqca güclü idi. Bu rəqabətə baxmayaraq, neft sənayesində liderlərdən olan Hacı Zeynalabdin Tağıyevin bütün biznesi niyə ingilis Uliyams tərəfindən idarə edilirdi?

Bibiheybətdə və Balaxanıda 32 hektar 76 sot neftli torpaq, iki neft daşıyan gəmi, Saritsın, Nijni Novqorod və Moskva şəhərlərində anbarlar, ağ neft və sürtkü yağları istehsal edən zavodlar Hacı Zeynalabdin Tağıyevə məxsus idi. Bunların idarəsini əlinə alan Uliyams haqqında demək olar ki, heç bir məlumat yoxdur. Bütün mənbələrdə haqqında informasiya olmayan Uilyams ilk dəfə Şimali Qafqazda ingilis ordusunun kapitanı (bəzi mənbələrdə mayor) kimi peyda olur. Bura Xəlil əfəndi adlı tərcüməçi ilə gələn Uilyams Şimali Qafqazda neft axtarışlarında iştirak edir. Burada danışıqlar aparan Uilyams Şimali Qafqazın mədən, zavod, dəmir yolları, poçt-teleqran xəttlərini 50 illik müddətə İngiltərəyə satılmasını təklif edir. Bu müqavilə alınsa idi, Uilyamsın illik gəliri 10.000 funt sterlinq olmalı idi. Lakin burada Rusiya imperiyasının yüksək çinli məmurları təklifdən imtina edirlər. O, geri qayıtmayaraq dünyanın neft mərkəzi sayılan Bakıya gəlir. İngiltərənin Bakıdakı konsulu Mak Donnelin vasitəsilə Hacı Zeynalabdin Tağıyevlə tanış olur və qısa zamanda onun etibarını qazanır.

Uilyams Tağıyev imperiyasının əsas simalarından biri olur. Və bu vəzifədə olaraq Bakı nefti və burda olanlar barədə İngiltərə hökumətini tez-tez məlumatlandırır. Onun birbaşa əlaqədə olduğu ingilis bankiri E.Qubbardla Tağıyev arasında vasitəçi olan Uilyams üzərinə düşən işin öhdəsindən gəlir. Hacı Tağıyevi aldadaraq, saxta sənədlər düzəldərək Hacı Zeynalabdin Tağıyev mədənləri, neft kəmərləri, neft daşıyan donanması, dəmir yolu çənləri, Rusiyanın müxtəlif şəhərlərində ağ neft, mazut anbarları olan firmasını 5 milyon rubla ingilis bankiri E.Qubbardın başçılıq etdiyi qrupa satmışdır. Onun müəssisələri əsasında 1897-ci ildə ingilislər tərəfindən “Rusiyada neft və duru yanacaq çıxaran cəmiyyət” (“Oleum”) yaradıldı. Amma o, “Oleum”un direktorlarından biri kimi qalmışdı.

İngilis kapitalistləri Tağıyevin 20 milyon manat dəyəri olan mədənləri, ağ neft, yağ və kükürd turşusu zavodlarını, neft kəmərini, neftdaşıyan donanmanı, dəmir yolu çənləri parkını, Rusiyanın bir çox şəhərlərindəki ağ neft-mazut anbarlarını 5 milyon yarıma almağa müyəssər oldular. İngilis kapitalistləri H.Z.Tağıyevin satın alınmış müəssisələrindən çoxlu gəlir götürdülər. Tağıyevin başa çatdırmadığı quyular tezliklə güclü fantan vurdu. Təkcə 4 ay ərzində (1897-ci ilin noyabrından 1898-ci ilin martınadək) “Oleum” 40 milyon pud neft çıxartdı ki, bu da cəmiyyətə 300 min funt sterlinqdən çox və ya 30 milyon manat xalis gəlir gətirdi.

Sövdələşmənin bağlanmasından sonrakı 2 il 4 ay ərzində isə ingilislər 7,25 milyon manat xalis gəlir götürdülər. “H.Z.Tağıyev” firmasının satın alınması ingilis kapitalının Azərbaycan neft sənayesinə coşğun müdaxiləsi üçün mühüm təkan oldu. İngilis kapitalı fəaliyyət sərbəstliyi aldı və XX əsrin əvvəllərində, tədqiqatçıların ifadəli təbirincə desək, Neft Bakısında kök saldı. Müəyyən dövr ərzində ingilis kapitalistləri çar qanunvericiliyinin hətta son dərəcə yumşaq məhdudiyyətlərindən yan keçərək, Bakı neft mədənlərini almaq üçün H.Z.Tağıyevin adından pərdə kimi istifadə edirdilər.

Uilyams Hacı Tağıyev və Musa Nağıyev barəsində Bakıda şayiələr yayaraq onları ingilis agenti kimi qələmə verdirir. Hətta Bakıda neftxudaların iclasında bunu onun üzünə deyəndə Tağıyev qəzəblə, “Mən şərəfimi və Vətənimi heç nəyə və heç kimə satmaram” cavabını verir.

Daha sonra Uilyams barədə heç bir məlumata rast gəlinmir. Tağıyev və onun yeni biznesində onun adı çəkilmir. Hacının işlər müdiri isə Konstantin Aleksandroviç İretski olur. O, Bakı şəhər Dumasının üzvü və müxtəlif illərdə onun sədri, daha sonra isə H.Z.Tağıyevin işlər müdiri olmuşdur.

Beləliklə, ingilis kəşfiyyatının zabiti Uilyams sayəsində ingilislər Bakıda neft sektoruna qoşulurlar.

Zaur Əliyev, dosent




Oxşar xəbərlər