Əli Kərimlidən erməni quldurlarına dəstək - Sənan Nəcəfov yazır


  • 17:15 / 26 08 2021 |
  • Bölmə: Köşə


Dünən isə erməni mediası və tg kanalları Ağdərədə evlərin birinə azərbaycanlı hərbçinin daxil olması və yerli polis tərəfindən həbs edilməsi haqda məlumat yayıb, videolar paylaşıblar. Erməni tərəfinin bildirdiyinə görə, evdə iki uşaq olub və onlardan biri polisə zəng edib və Cəmil Babayev adlı hərbçi tutulub.

Kadrlara baxdıqda əsgərin saxlanılması, nümayiş olunan hərbi geyim, forma üzərindəki yazılar, bayrağın tikilişi, hərbi geyimin alt köynəyi, qırmızı səkkizguşəli bayraq (Osmanlıda, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı olub və heç bir döyüş bölmələrinin şevronunda elə bayraqdan istifaə olunmur)  və digər xırda detallar çəkiliş və fotoların birbaşa bizim əsgərlə bağlı olmadığı, saxta məlumat olması qənaətinə gətirir. 

Hazırda sülhməramlılarla danışıqlar gedir və yaxın müddətdə qaytarılması gözlənilir. Bu belə. İndi gələk daxildəki feykomatlara. 

Trolbaşı Əli Kərimli hadisəni eşidər-eşitməz hövhələnk status yazaraq özünü növbəti dəfə biabır edib. 

“Ağdərəyə getmək cinayətdir? Hərbçimiz Cəmil Babayev silah işlətməyib, zorakılıq etməyib, sadəcə Ağdərəyə getdiyi üçün Qarabağdakı separatçılar tərəfindən həbs olunub, haqqında cinayət işi başladılıb. Bu rəzalətə İlham Əliyev nə deyəcək? Bəs deyirdi, düşmən kapitulyasiyanı qəbul edib? Bəs deyirdi, ərazi bütövlüyümüz təmin olunub, Qarabağ münaqişəsi bitib?”

Cümlələrdə həmişəki pafosu, populizmi qoyaq bir tərəfə, əsas ixtisasca hüquqşünas olan birinin, Allah qoymasa partiya sədrinin yazdıqlarında hüquqi nihilizmə, savadsızlığa diqqət çəkək.  

“Cəmil Babayev silah işlətməyib, zorakılıq etməyib, sadəcə Ağdərəyə getdiyi üçün Qarabağdakı SEPARATÇILAR tərəfindən HƏBS OLUNUB, haqqında CİNAYƏT İŞİ başladılıb”. 

Əvvəla, hazırda Qarabağ ərazisində müstəqil respublika, statuslu qurum, “separatçı”, hərbi birlik və s. ifadələrlə bəzədiyiniz heç bir təsisat yoxdur. Orada olanlar Azərbaycan ərazisində- sülhməramlıların məsul olduqları bölgədə yaşayan erməni əsilli vətəndaşlardılar. Status, qurum, ordu, dəstədən söhbət gedə bilməz. İkincisi, heç bir halda, heç bir yerdə, heç bir hüquqda adi bandit qruplaşmasının kimisə oğurlaması, girov götürməsi HƏBS sayılmır. Həbsi beynəlxalq və yerli qanunlarla təsbit edilmiş müvafiq qurumlardan başqa kiminsə həyata keçirməsi hüquqi nonsensdir. “Həbs olunub”, “Cinayət işi qaldırılıb” adi banditlər tərəfindən tödədilmiş cinayətə hüquqi anlam verməkdir. Təxminən belə izah verək: küçədə bir nəfəri oğurlayıb aparırlarsa, həmin cinayətkarlar seçilmiş qurbanı həbs edirlər? Ona cinayət işi qaldırırlar? Bu qədər savadsızlıq olmaz ki. Əli Kərimli bu fikirləri yazmaqla Qarabağda fəaliyyət göstərən terror qruplaşmasına, qondarma quruma hüquqi status verir, onları öz düşüncəsi ilə tanımış olur.

Bu isə heç vechlə qəbul oluna bilməz və mütləq təkzib olunmalıdır. 

Digər tərəfdən, Azərbaycan hərbçisi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində əsir götürülə bilməz və hərbçimiz az müddət ərzində geri qaytarılacaq. Qaytarılmasa Azərbaycan xüsusi xidmət və polis bölmələrinin əllərində anti-terror əməliyyatı keçirmək üçün yetərli arqument var. 

Yekunda, Əli Kərimlinin dəfələrlə işlətdiyi “bəs kapitulyasiya etmişdilər?”, “bəs atəşkəs elan olunmuşdu? “bəs status ləğv olunmuşdu” ifadələrinə də toxunaq. Biriniz ona başa salın ki, atəşkəs dövlətlər arasında olur, ölkə daxilində müəyyən səbəblərdən silahı təhvil verməyən bandit qruplaşmaları ilə yox, ay dünyadan bixəbər. Cənab İlham Əliyev isə “status yoxdur, olmayacaq” fikrini isə o qondarma rejimə dəstək verən güclərə ünvanlamışdı.


Siz isə həmin güclərdən aldığınız tezislərlə tutuquşu kimi təkrarlamaqla hansı mövqedə olduğunuzu göstərirsiniz. 

İndi isə gözləyək: Kəimlinin təkzibini və əsgərimizin sağ-salamat geri qaytarılmasını.



Oxşar xəbərlər