Ailədə stressin qarşısını necə almalı?- Psixoloqdan izah


  • 14:25 / 29 08 2021 |
  • Bölmə: Köşə


Dünya yarandığı gündən inkişafa doğru gedir. Bu inkişaf həm cəmiyyətə, həm də elm və texnologiya sahəsinə öz töhfəsini verir. Ancaq hər müsbət irəliləyişin özü ilə gətirdiyi mənfi məqamlar da vardır. Hər bir inkişaf insanların sosial, şəxsi və ailə həyatına təsirsiz ötüşmür. Nəticədə bir çox psixoloji problemlər ortaya çıxır. Müasir dövrümüzün ən mühüm problemlərindən biri stressdir. Stress bir insanın özünün, ailəsinin,yaxınlarının həyatını alt – üst etməsi üçün kifayətdir. Belə ki, stress uşaqlar da daxil olmaqla yaşayan hər bir fərdə müəyyən dərəcədə təsir edir və bu təsir az və ya çox şəkildə hər bir insanda özünü göstərir.

Uşaq ailədə böyüyüb boya – başa çatır. Eyni zamanda, ailənin yaşadığı bütün hadisələr uşaqların davranışına təsir göstərir. Valideynlərin həyatları boyunca yaşadıqları hadisələr, təhsil səviyyələri, mühitin təsirləri, cəmiyyətdəki statusları kimi bir çox amillər ailədaxili münasibətlərin bu gününə və gələcəyinə təsir göstərir. Yəni ana və atanın uşaqlıqdan başına gələn hadisə və ya öz ata – anasından gördüyü davranış tərzi onun stress amilinə münasibətinə, şəxsiyyət kimi formalaşmasına, eyni zamanda uşağına verdiyi təhsilə və ya göstərdiyi reaksiyaya da təsir edir. Belə ki , bir ailənin stressə verdiyi cavabı tam dəyərləndirmək üçün bundan öncəki həyatını da nəzərə almaq lazımdır. Məsələn, uşaqlıq dövründə yaşanılan müəyyən bir hadisədə ana –atanın verdiyi reaksiya indiki eyni hadisədə övladın verəcəyi reaksiyanı qismən də olsa müəyyən edir. O uşaqların verəcəyi reaksiya da öz uşaqlarına təsir edəcək. Belə qənaətə gələ bilərik ki, ana – atanın yaşadığı bütün hadisələr uşaqların davranışında da öz əksini tapır. Bu uşaq istər doğulmamış olsun, istər altı aylıq körpə olsun müəyyən dərəcədə təsirini gələcəkdə göstərəcək.

Ana ataya düşən vəzifə isə ailədə yaşanılan hadisələrin uşağa mənfi təsirinin qarşısını almaqdır. İnsana bu və ya digər dərəcədə təsir edən stress amillərini qeyd edək: bir yaxınının və ya dostun vəfatı; köçmək; ayrılıq; boşanmaq; iqtisadi çətinliklər; fiziki xəstəliklər; cinsi və ya fiziki istismar; valideynlərin psixoaktiv maddələrdən asılılığı; uşağa lazımi qədər vaxt və sevginin verilməməsi; uşağa düzgün, normal qulluğun edilməməsi; uşaqdaki zəka problemlərini nəzərə almadan uşaqdan yüksək nəticə gözləyən ailə davranışları; işsizlik; yeni bir iş; valideynlərin iş yerində vəzifəsinin artması ( işin çoxluğu və müvəffəqiyyət tələbinin artaraq uşağa ayrılan zamanın azaldılması); yeni bir qardaş - bacının doğulması; cəmiyyətə təsir edən stress faktorları; cinayətə qarışma; ikinci evlilik; ana –atanın həddindən çox qoruyucu, yoxlayıcı olması; ailədə və məktəbdə şiddət hadisələri; məktəb problemləri və s.

Ailəyə təsir edən stress amilləri nəticəsində ana –atanın təsirlənməsi və bəzi psixoloji problemlərin yaranması gözləniləndir. Stressə verilən reaksiya hər kəsdə fərqli olsa da, ana –atada yarana biləcək əlamətləri belə sadalaya bilərik: Ana – atada depressiya; Həyata qarşı marağın olmaması; Özünə qulluğun azalması; İş motivasiyasında azalma; Ailəyə olan marağın azalması; Yuxu və iştahada olan dəyişikliklər; Nəzarətin azalması; Tez əsəbləşmə; Dözümsüzlük; Uşağın sevgi və emosional ehtiyacını qarşılamama; Təkliyə meyillilik; Sosial uyğunsuzluq; Halsızlıq; Yorğunluq; Psixoaktiv maddələrə meyllilik; Ailəyə ayrılan zamanın azalması. Ana – atada yaranan bu dəyişikliklərin ailə üzvlərinə, xüsusilə də uşaqlara çox mühüm təsirləri olacaq.Uşaqlarda olan əlamətləri də bu cür sadalaya bilərik: Məkəb müvəffəqiyyətində azalma; Dost münasibətlərində problemlər; İctimai fəaliyyətlərə qarşı marağın olmaması; Özünə inamda azalma; Dözümsüzlük; Tez hirslənmə; Çox yatmaq və ya yuxusuzluq; İştahada azalma və ya artma; Hadisələri mənfi dəyərləndirmə; Təkliyə meyillilik; Qarşı çıxma; Riskli davranışlar; Psixoaktiv maddələrin istifadəsinə meyl; Hər şeydən tez sıxılma; Sevdiklərinin başına bir şey gələcək qorxusu; Daxilə qapanma və səssiz, sakit olmağı seçmək; Məktəbə getmək istəməmək; Münasibətlərə qarşı istəksizlik; Səsə və hadisələrə qarşı həddən artıq oyanıqlıq; Əsəb partlayışları; Həddən çox hərəkətlilik. Uşaqlarda yarana biləcək psixoloji problemləri isə belə sadalaya bilərik: Travma sonrası stress pozuntusu; Depressiya; Tik pozuntuları; Kəkələmə; Nitq pozuntusu; Davranış dəyişiklikləri (barmaq əmməyə başlamaq, uşaq kimi davranışlar və s. ); Altını islatma və kirlətmə; Reaktiv bağlılıq pozuntusu; Dissossiativ pozuntular; Narahatlıq pozuntuları; Yuxu pozuntuları. Uşaqlarda yarana biləcək problemlərin qarşısını almaq və psixi sağlamlıqlarını qorumaq üçün aşağıdakılara diqqət yetirmək lazımdır (hər yaş üçün fərqli olsa da belə ümumiləşdirmək olar): Mümkün olduğu qədər uşaqları stressdən qorumalı; Ana və ata hansısa hadisədən təsirləndiklərində vaxt itirmədən psixiatrik yardım almalı; Uşağa sevgi və dəstək artırılmalı; Məktəb və müəllim ilə iş birliyi təşkil edilərək uşağa qarşı maraq və dəstək artırılmalıdır; Bu dövrdə yarana biləcək psixoaktiv maddələr kimi riskli davranışlara qarşı uşağın davranışlarına nəzarət edilməlidir; Ana –ata mümkün olduğu qədər uşaqla yaxınlıq edərək uşağın özünü, duyğularını ifadə etməsinə zəmin hazırlanmalıdır; Uşaqda bəzi davranış dəyişiklikləri və yuxarıda vurğulanan əlamətlər görülərsə vaxt itirmədən lazımi psixiatrik dəstək alınmalıdır; Uşaq sosial fəaliyyətlər yönündən mümkün olduğu qədər dəstəklənməlidir; Stressin təsirini azaldan fəaliyyətlərə, istirahətə bütün ailənin qatılmağını təmin etmək; Uşaq motivasiyasını və əhval – ruhiyyəsini artıran insanlarla tez-tez görüşməlidir; Stressin təsirlərinə qarşı hazırlıqlı olmaq lazımdır; Uşağa göstərilən anlayış bu müddət ərzində artırılmalıdır ( bu zaman düzgün olmayan davranış problemləri mövzusunda diqqətli davranılmalıdır); Uşağın hadisələr qarşısındakı emosional ifadələrinə dəyər verilməli və uşaq bəzi mövzularda rahatladılmalıdır; Həm ana, həm də ata uşağa ayırdıqları vaxtı və verdikləri dəstəyi artırmalıdır; Əvvəlcədən yəqin edilə bilən stress amilləri üçün bəzi psixoproflaktik tədbirləri alaraq uşaq mənfi hadisələrə başdan hazırlanmalıdır.

 Yuxarıda qeyd olunan məqamlara diqqət yetirərək stressin ailəmizdə yarada biləcəyi fəsadların qarşısını ala bilərik. Təbii ki , mütəxəssisdən peşəkar dəstək almaq şərtilə.


 Könül Qocayeva, psixoloq



Oxşar xəbərlər