Pulla ölçülən “hörmət” - Müəllimlər Gününə həsr olunur


  • 12:26 / 05 10 2021 |
  • Bölmə: Köşə


Bu gün Azərbaycan məktəblərində acınacaqlı vəziyyət hökm sürür. Yox, yox, söhbət təhsildən getmir. Elə buna görə də vəziyyət acınacaqlıdır. Çünki təhsildən söhbətin getməsi üçün zaman qalmır. Valideynlərin başı müəllimlər üçün pul yığmağa, hədiyyə seçməyə qarışıb. Həm də ildə bir dəfə yox, 4-5 dəfə. “Müəllimlər günü” ,” Yeni il” , “Novruz bayramı”, “8 mart günü”, müəllimin ad günü.


Indi siz deyin, bu qədər “bayramın” arasında təhsildən, kitabdan danışmağa vaxt qalar?! Imkanı çatan, çatmayan, evinə çörəyi zorla alan, süfrəsində quş südü əskik olmayan, övladına dərslikdən başqa kitab almayan, evində qatı açılmayan kitablar saxlayanlar - hamı bu axına düşüb gedir. Sanki QANUNDUR! Ya pul, ya da hədiyyə ilə müəllimi təbrik etmək məcburiyyəti formalaşıb. Bəli, istək yox, MƏCBURİYYƏT! Bu məcburiyyəti isə formalaşdıran müəllimlər yox, valideynlər özləridir. Təhsil Nazirliyi nə qədər bu hallarla mübarizə aparsa da, valideynlər qapıdan, bacadan, necəsə müəllimin cibinə yol tapırlar. “Filankəs 50 manat verib, borc-xərc tapıb, mən də 50 manat verməliyəm. Hamı versin, mənim uşağı elə qalsın?” Hələ “bərk gedən” məktəblərdə 50 manat verən valideynlərə xor baxanlar da var. Həmin məktəblərdə  100 manatdan dəm vurulur. 20,30 manatdan «atışıb verənlər də var. (Baxır məktəbə, müəllimə, valideyn kolletivinə.) Bu da müəllimlərə “hörmətimiz.” 

Mən demirəm müəllimləri təbrik etməyək, edək. Amma bunu məcburiyyətə, törənə çevirməyək. ”Məbləğ” formalaşdırmayaq. Bayramları keçdik,  müəllimin ad gününün qeyd olunması nə deməkdir axı? Bu hansı məntiqə, ağıla sığır? Şagird məktəbdə müəllimdən elm öyrənməyə gedir, yoxsa onun doğum gününü təbrik etməyə?! Bizim dövrümüzdə (32 yaşım var) nəinki müəllimin ad gününü təsəvvür edir, hətta müəllimin, yemək yemədiyini, su içmədiyini düşünürdük. İlahiləşdirmişdik. Evdə də müəlllimin bizi izlədiyini, gördüyünü düşünürdük. Müəllim o səviyyədə idi bizim üçün. Anamın dövründə isə bir gül, bir açıqca ilə müəllim təbrik olunarmış. O da məcburiyyət yox, istəkdən, sevgidən irəli gələrək. İndi isə valideynlər müəllimin cibini, evini, servantını, boyun-boğazını doldurmaq üçün bəhsəbəhsə giriblər. Müəllim bütün bunlar üçün şərait yaratsa da, yaratmasa da günah valideynlərdədir. Valideyn əndazəni aşmasa, istəyi məcburi vəziyyətə çevirməsə, bu kimi hallar kütləvi hal almaz. Yadıma müəllimlərimdən birinin Romada mədəniyyətin, incəsənətin inkişaf etdiyi, saysız-hesabsız qonaqlıqların təşkil olunduğu, bahalı və çoxsaylı naz-nemətləri dadmaq üçün insanların süni yolla mədələrini boşaltdıqları, (qusduqları) ardınca isə yenidən yeməyə davam etdikləri – yəni əndazənin aşıldığından bəhs etdiyi dönəm düşdü. 

Hədiyyənin, pulun məbləğini təyin edərkən bu məqamı da unutmayaq. Əgər verdiyimiz hədiyyənin qiymətinə uyğun övladımıza qiymət yazılacaqsa, yenə də uduzan biz olacağıq. Həm maddi, həm də mənəvi... 

Övladı məktəb yoluna qədəm qoyan valideynlər! Gəlin, yalnızca təhsil məsələləri ilə məşğul olaq, fikrimiz, düşüncəmiz maarifdə, elmdə, övladlarımızın daha yaxşı təhsil almasında olsun. Hansı kitabları oxusunlar, hansı imtahanları versinlər, hansı dilləri öyrənsinlər, gəlin, bu məsələləri müzakirə edək, bunlarla beynimizi yoraq. Müəllimləri isə yığdığımız, verdiyimiz, o “manatlarla” qiymətsizləşdirməyək. Müəllimə ən böyük hörmətimiz onun dəyərini, müqəddəsliyini qorumaq olsun. Necə ki, biz indi müəllimlərimizi hörmətlə, yüksək dəyərlə anırıq, bizim böyütdüyümüz nəsil də bu hisslərdən məhrum olmasın. Ümummilli lider Heydər Əliyevin bu fikirləri ilə yazımı sonlandırmaq istəyirəm: “Mən dünyada müəllimdən yüksək ad tanımıram”. Gəlin, müəllimli, valideynli, şagirdli - hər birimiz bu adın yüksəkliyinə xətər gətirməmək üçün çalışaq! Təhsil naminə - övladlarımızın, dövlətimizin, ölkəmizin gələcəyi naminə!
 
 Nərmin Qabil                                                                                             




Oxşar xəbərlər