ZƏFƏR YOLU!..


  • 13:27 / 08 11 2021 |
  • Bölmə: Köşə


27 sentyabr 2020-ci il. Hələ heç kim heç nə bilmirdi. Ancaq bir qəribəlik olduğu hiss olunurdu. İnternetin işləməməsi isə təşvişi daha da artırırdı.

Ölkədə nə baş verir?  Səhəri qarışıq duyğularla açsaq da, bir neçə saat sonra gözlənilməyən anda çoxdan gözlənilən xəbərin sevinci ilə bütün Azərbaycan çuğladı. Aparıcının titrək səslə çatdırdığı “Ordumuzun bəzi əraziləri azad etməsi” xəbəri bütün xalqı sevinc və qürurla gilələnmiş göz yaşlarına boğdu. Qələbə elə o gün başladı. İşğal, itirmək, əzilmək, qara tarixlər, boynubüküklük, inamsızlıq - hamısının üzərində qələbə qazanıldı o gün. Sınmış qürurumuzu, itirdiyimiz inamımızı geri qaytardıq o gün. Məğrurluğu, əyilməzliyi, cəsurluğu - türkün qüdrətini yenidən dərk etdik o gün. Yalnız bir gün ərzində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Horadiz, Yuxarı Əbdürrəhmanlı; Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri; Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəklikləri azad etmişdi ordumuz. Gücünü göstərmişdi düşmənə. Nəyə qadir olduğunu sübut etmişdi igid əsgərlərimiz. 

Həmin gün “Ürəyim dağa döndü” ifadəsinin əsl məğzini anlamışdım. Ordumuzun, dövlətimizin, ölkəmizin, əslində, necə güclü, iradəli, əzmli olduğunun şahidi olmuşdum.

Cəbhədə nələrin baş verdiyini düşünür, döyüş meydanlarını təsəvvürümdə canlandırmağa çalışırdım. Xəyalımda hərbçilərimizi dağı yerindən oynadan qəhrəmanlar kimi təsəvvür edirdim. Əsgərlərimiz ard-arda hücumlar edir, güllələri dolu kimi yağdırır, yerdən - göydən düşmənin üzərinə tərlanlar kimi şığıyır, ona göz açmağa imkan vermirlər. Düşmən təsəvvürümdə çox cılızlaşmışdı. Onlar yerin dibində bizimkilərsə yüksəkliklərdə idilər. Kürəyində üçrəngli bayraq , əlində avtomat, gözündə qisas, qəlbində vətən sevgisi olan Azərbaycan əsgərinin ayaqları altında cılız, miskin erməni inildəyir, yalvarırdı....
Bax, bu ruhu qazanmışdıq o gün biz. O gün idi qələbənin-zəfərin əsası. O gün idi zəfərin başlanğıcı. Amma bir məqamı unutmayaq. Qələbənin başlanğıcı həmin gün ola bilər, lakin zəfərə, onun başlanğıcına  gedən yol var. Elə hər şey o yoldan – Zəfər yolundan başlayır

Yaşı minilliklərlə ölçülən bu yurdun dövlətçilik tarixindən, bizə miras qalan o dövlətçiliyi, o coğrafiyanı qorumaq eşqindən, 100 il əvvəl qalxmış aylı-ulduzlu üçrəngin sevdasından başladı o yol. 200 illik qan tariximizdən, 1905-1907, 1917-1918-ci illərdə qırılan soyumuzdan, yurdundan, yuvasından qovulan 10 minlərlə soydaşımızın zülmündən başladı o yol. 1988-ci ildə meydanlarda coşan xalqın ürək çırpıntılarından, səngərlərdə son gülləsinə qədər döyüşən qəhrəmanların igidliyindən, 20 yanvar günü tanklara sinə gərənlərin cəsurluğundan, matəmə batmış xalqın göz yaşlarından başladı Zəfər yolu. Xocalıda görünməyən vəhşilikləri yaşayan dözümlü xalqın qan yaddaşından, qız-gəlinlərin itirilmiş namusundan, yetim qalmış uşaqların məhv olmuş həyatından başladı o yol. 1 milyon qaçqının vətən həsrətindən, torpağının yağı düşmənin əlində olmasına dözə bilməyən ərlərin qeyrətindən, Vətən eşqindən başladı Zəfər yolu. Səbr kasası daşmış oğuz türkünün meydana şığıdığı o gün uzun illər gəldiyi yolun sonu - qələbənin isə başlanğıcı idi. Zəfər günündə Azərbaycan əsgəri meydanlarda, kişi kimi, üzbəüz, mərd-mərdanə döyüşdü. Əliyalına, qız-gəlinə, qocaya, xəstəyə bir güllə atmadan döyüşdü. Torpağımıza soxulub “Mənimkidir” deyən şərəfsizi susdurmaq, məhv etmək, haqqı olanı almaq üçün savaşdı. Qanıyla-canıyla, arxada buraxdığı gözüyaşlı əzizlərilə bərabər savaşdı.” Vətən sağ olsun”,- deyərək ölümə getdi o qəhrəmanlar. Yaralandılar yenə döyüşdülər, vuruldular yıxılmadılar. Əli silah tutduğu, son damla qanının canında olduğu müddətdə döyüşdülər onlar. Qayaları dırmandılar, 30 il həsrət qaldıqları o torpaqları dişiylə-dırnağıyla qazaraq, daşa-divara qucaq açaraq yeridilər. Bir silahla, bir bıçaqla qartal kimi şığıdılar düşmənin üzərinə .

O gün Azərbaycan igidləri hərb tarixinə yeni bir səlnamə yazdılar. Dünyanı, hərbi ekpertləri hələ də düşündürən bir səlnamə. Onlar qələbənin sirrini müasir silahlarda, pualarda, döyüş taktikasında axtarırlar. Ancaq bizi zəfərə aparan o cansız texnikalar yox,  Vətən eşqi, torpaq həsrəti, haqq savaşının olduğu uzun bir yol idi – ZƏFƏR YOLU!..

Nərmin Qabil 



Oxşar xəbərlər