Hacı Zeynalabdin Tağıyev qəhrəmanlığı


  • 12:29 / 21 01 2022 |
  • Bölmə: Köşə


Bakının ən görkəmli tarixi yerlərindən birində - Qala divarının önündə ömrü böyu Bakının, ümumiyyətlə, Azərbaycanın inkişafına, abadlaşmasına böyük töhfələr vermiş xeyriyyəçi milyonçu Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev abidənin açılışında iştirak etmişdi.

Hacı Zeynalabdin Tağıyev Azərbaycanın neft sənayesinin banilərindən biri olub. Onun Azərbaycanın milli kadrlarının hazırlanmasında böyük təsiri danılmaz faktdır.

Z.Tağıyevin respublikada incəsənət, jurnalistika və təhsilin qurulmasında və inkişaf etməsində böyük rolu olub. Azərbaycanda ilk dəfə Qızlar Gimnaziyasının açılması da Zeynalabdin Tağıyevin adı ilə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı”.

Bu günə qədər Bakını və Sumqayıtı içməli su ilə təmin edən şollar suyunun çəkilişi Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına başa gəlib.

Görkəmli milyonçu Bakıda teatr binası və bir sıra memarlıq üslubunda binalar tikdirib istifadəyə vermişdi. 

Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və vəsaiti hesabına Azərbaycanda tramvay xətti, bir çox sənaye müəssisələri də açılmışdır ki, bu da xalqın rifahının yaxşılaşmasına səbəb olmuşdur.

Zeynalabdin Tağıyev təkcə Bakıda deyil, eyni zamanda Naxçıvanda, Gəncədə, Şamaxıda və azərbaycanlıların yaşadığı Gürcüstanın bir sıra bölgələrində də öz vəsaiti hesabına məktəblər  açdırmışdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Yüzlərlə azərbaycanlı gənclərin Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür. Həmin o tələbələrin arasında Əziz Əliyev də olmuşdur.

Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazıb xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur”.

Bildiyimiz kimi müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim ərəb dilində yazılıb. Ona görə də ərəb dilini bilməyən azərbaycanlılar bu müqəddəs kitabı oxumağa çətinlik çəkiblər. Odur ki, Zeynalabdin Tağıyev ilk dəfə olaraq Qurani-Kərimi azərbaycan dilinə tərcümə etdirib. Eyni zamanda Z.Tağıyevin təşəbbüsü və vəsaiti hesabına Azərbaycanda dini abidələr, məscidlər təmir edilib və yeniləri inşa edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix muzeyinin binası əsaslı təmir edilmişdir.

Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər və Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyaya təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. 

Azərbaycanın multikultral dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə ikinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. 

Müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrinin inkişafına xidmət edir”.

Şəhla Ağbulud



Oxşar xəbərlər