İlqar Rəsul: Planetə kənar müdaxilə gözlənilir


  • 22:57 / 16 04 2020 |
  • Bölmə: Köşə


Koronavirus yadplanetlilərin yer üzünə buraxılış vəsiqəsidir

(Gerçəyə çevrilmək şansı günbəgün daha da böyüyən ehtimallar) 

16-cı əsrdə - xüsusən Avropada insan çoxalanda və o vaxt üçün əldə edilməsi mümkün olan sərvətlər azalanda bacarıqlı insanlar okeanı keçib ərazisi böyük, insanı az, sərvəti çox yeni dünya tapdılar. Ölümü göz önünə alan, həyatını yelkənli gəmilərdə küləyin, dalğanın mərhəmətinə ümid edərək o boyda okeanı keçənlər sonradan “kasıblar”, “əfəllər”, bir çox  hallarda “avaralar”, “quldur-qaçaq” adlandırılan bu insanlar əslində çox fərasətli insanlar idi və nəticədə onların okeanın o tayında qurduğu dünya göz qabağındadır.

Heç şübhəsiz ki, zaman keçdikcə okeanın o tayında da insan artacaq, yeraltı və yerüstü sərvətlərə qənaət etmək məcburiyyəti yaranacaqdı. Beləliklə bütün dünyanın yenə də harasa köçmək ehtiyacı yaranacaqdı. Yarandı da. Artıq yer üzündəki insanın sayı, planetin yaşatmaq imkanlarını xeyli üstələyir və insan artımı dayanmadan irəliləməkdədir. Hətta müharibələr belə bu artımı səngidə bilmir. Mütəxəssislər deyirlər ki, planet ən yaxşı halda 3 milyard insanın yaşaması üçün münasibdir. Dünyanın düzəninə təsir edə bilən bəzi milyarderlər isə bu məsələdə bir az da irəli gedib planetdə 1.5 – 2 milyard insanın qalmasını məqbul sayırlar. Öldürmək əlbəttə ki, məqbul variant deyil (baxmayaraq ki, “fövqəlinsanlar” arasında bunu da çıxış yolu sayanlar var), qalır köçmək.  Bəs hara? Artıq nə keçiləsi okean, nə də fəth ediləsi yeni materiklər var. 

Amma əslində bu ilk baxışda belə görünür. Köçməyə və fəth etməyə məntəqələr var. Bu sistemi düzüb qoşan, yaradan orasını da düşünüb. Prosesləri diqqətlə təhlil edəndə görürük ki, okean  üzərindən adlamaq əslində böyük köçün ilkin mərhələsiolub. Əsas mərhələ sonrakı köçdür. Yəni indiki. Bəlkə də 20-30 il bundan əvvəl baş verməli olan köç. Bu köçü etmək üçün insan daha mükəmməl gəmilər yaratmalı idi. Və o gəmilər uzun bir müddət dayanmadan yeni torpaqlara reyslər etməli idilər. İnsanınsa başı daha çox köhnə torpaqda müharibələrə, mənimsəmələrə qarışdı...

Qayıdaq hara köçmək mərhələsinə

Görünən odur ki, bizim günəş sistemində yalnız bir planetdə insan yaşayır. Qalan planetlərin heç birində bu həyat yoxdur. Amma bu planetlərin əksəriyyətinin artıq yerdə tükənməkdə olan və yaxud azalan sərvətlərlə zəngin olduğu daha sirr deyil. Bu cür planetlərdə yaşamaq üçün münbit şəraiti yaratmağa da indiki insanın hər cür bilik və bacarığı var. Qalır, nə? Bəli, həmin o daha böyük okeanı – kosmosu keçmək. Əslində indiki insanın yerə ən yaxın planetə - Marsa səfər etməsi, 16-cı əsrdəki insanın okean keçib materikə çatması ilə təxminən eyni şeydi. Düzdü, indiki səyahət bir az daha çox zaman ala bilir. Amma o vaxt okean keçmək üçün sərf edilən zaman da həmin insanlar üçün çox idi. Üstəlik indiki texnologiya, köhnə torpaqla əlaqə imkanları vəziyyəti xeyli yüngülləşdirir. Hələ onu demirəm ki, indiki situasiyada okean(kosmos) daha təmiz, materiklər də (planetlər) göz qabağındadı. Get, şərait yarat, böyük köçü başlat. Amma olmadı. 1961 və 69-cu illərdə əvvəl kosmosa çıxan, sonra aya uçuş edən insan aradan keçən bu yarım əsrdə Marsa irimiqyaslı köçün yolunu çəkə bilməyib. Bəlkə ona görə ki, bu müddət ərzində o, yer üzündə sərhədləri götürmək, ümumi ev yaradıb onun problemlərini həll edib yeni ev barədə düşünmək əvəzinə ayırıcılığı, bölüçülüyü, mənimki və özgəninki düşüncəsini daha da kəskinləşdirdi? Bəlkə məhz bu xislətin sahibi olduğu üçün onun ikinci köçü gerçəkləşdirməsinə kənardan icazə verilmədi? 

Hə, əlbəttə, bu sualın verilməsi təbiidir: kim icazə vermədi? Bəlkə bu koronaviris məsələsini ortaya atanlardı elə o icazə verməyənlər də. Görünən odur ki, hamı bu prosesi hərəkətə gətirən qüvvənin qarşısında quzuya dönüb. Dünənə qədər “evdən çıx, get iş gör, pul qazan” fəlsəfəsi ilə yaşayan dünya axı bu gün, birdən-birə, özxoşuna “evdəqal” prinsipi ilə yaşaya bilməzdi. 
Görünən odur ki, kimsə və ya nəsə insanları məşq elətdirir. Təlim keçir. Lap əsgərlikdəki kimi:
 
Düzlən! Farağat! Olmadı! Bir də. Düzlən! Farağat! Olmadı! Sizin...!

Söyə-söyə bu əmri təkrarlayırlar zabitlər. Ta ovaxtadək ki, hamı bir nəfər kimi düzlənməyi və farağat dayanmağı-yəni qaydalara uyğun, nümunəvi davranmağı  alındırır. Bundan sonra növbəti komanda verilir əlbəttə: Sağa (sola, geriyə)dön! Irəli... addımla...marş!
Əsgərlər dönür və bir nəfər kimi addımlayır. Hara? Əlbəttə ki, komandirin istədiyi səmtə. Narazı halda? Yox! Hətta mahnı oxuya-oxuya. İstəyirlər mahnı oxumaq? Bu artıq vacib deyil. Komandir istəyirsə, oxuyacaqlar. Komandir kimdi? Yönəldici. Aparır əsgərləri böyük meydana, ora kim gəlir? Əlbəttə ki, daha böyük yönəldici. Həlledici yəni. General, marşal, ali baş komandan və s.
Bax eyni situasiya ən azı 2000 ildi özünü nümunəvi aparmayan bəşəriyyətlə - insanlıqla baş verir indi. Görünən odur ki, kimsə və ya nəsə, insanlara başçılarının dili ilə komanda verir: 

Evdə qal! Çıxma! Olmadı! Bir də. Evdə qal! Çıxma! Olmadı! 

Burda artıq hər “olmadı!”dan sonra “sizin...“ deyə söyüş söyülmür. Sadəcə minlərlə, bir azdan milyonlarla insan qırılır. Hər “olmadı!”dan sonra söyüşdən betər cəza yəni...

Yəqin ki, bu proses yaxın tarixdə bir neçə dəfə təkrarlanacaq. Bizim üçün təkrarların arasındakı zaman kəsiyi 3-5-10 ay, bir il, para il də ola bilər. Amma əsas komandanı verən – yəni Həlledici üçün bu zaman 3-5 saniyədən artıq olası deyil. Hər “Evə gir!” olmadı”ların arasındakı məsafə yəni. 

Və bu “Evdə qal! Çıxma! Olmadı!” prosesi ta ovaxtadək davam edir ki, yer üzündə hamı bir nəfər kimi (sonmərhələdə hətta polislər və həkimlər də) və ləngimədən komandanı yerinə yetirməyi, yəni nümunəvi davranmağı öyrənir. Yönəldicilər prosesi alındırandan sonra nə olur? Bəli? Meydana Həlledici gəlir. Ən böyük komandan yəni. Gəlir və yeni bir düzən, nizam-intizam, daha ağıllı həyat tərzi formalaşdırır ki, insanlar ağıllı yaşasınlar. Təmizkar, ədəbli olsunlar. Beləliklə həm də böyük köçə - yəni qonşu planetlərə köçməyə layiq olsunlar. Amma bu, köçmək, hələ sonrakı məsələdi. İndilik vacib olan dediyim kimi nümunəvi davranmağı, əmrə tabe olmağı öytrənməkdir. 

Bu baxımdan çox güman ki, koronavirus prosesi bir məşqdir və onun ardınca yer üzünə yadplanetlərin müdaxiləsi gözlənilir. Müdaxilə edirlər və təmişzlik işləri aparırlar. Ümid edək ki, bu müdaxilə dağıdıcı yox, yaradıcı olacaq. Hər halda pis niyyətlə gələn insanlığın çətin duruma düşməsini oturub gözləməz, çoxdan gələrdi. Görünür onların gəlməsinə də ciddi səbəb lazımdı. Səbəbsiz müdaxiləyə öz nizamları imkan verməz hər halda. Əgər belədirsə, demək ki, koronavirus yadplanetlillərin yer üzünə gəlişi üçünj buraxılış vəsiqəsi rolunu da oynaya bilər... 

P.S. Bizim nəsil qədər bu planetdə yeniliklər, dəyişikliklər görən nəsil olmayıb yəqin ki. Ona görə də, tezliklə daha irimiqyaslı və bəlkə də fantastik dəyişikliyin şahidi olacağımız qaçılmazdı...



Oxşar xəbərlər