Ədəbiyyatdan əbədiyyətə gedən Xəlil Rza Ulutürk yolu


  • 07:04 / 20 05 2022 |
  • Bölmə: Köşə
 




Ölüm varki, həyat qədər dəyərli, 
Həyat var ki, ölümdən də zəhərli 
Yaşamaq da xoşdur, ölmək də xoşdur, 
Qayəsiz həyatda ölüm də boşdur... 
 
Hüseyn Cavid
 
Xalqımızın çətin günlərində Xəlil Rza Ulutürk “Mən Ali baş Komandan deyiləm, amma “Silahlan”, “Hara qaçırsan dayan”, “Qorxaqlıq, cəsurluq” şeirlərilə xalqı azadlıq mübarizəsinə çağırmışam” demişdi. Necə də dəqiq ifadə edib. 

Yox, sən ölməməlisən! 
Hələ ki, gedib gələn Nəfəsinlə silahlan! 
Qəfəsdəsənmi?! Qır,sök,
Qəfəsinlə silahlan! 

Xəlil Rza Ulutürk 1932-ci il 21 oktyabrda Salyanda anadan olub. 2 saylı şəhər orta məktəbində təhsil alıb.1949-1954-cü illərdə Azərbaycan Pedaqoji Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsində oxuyub.1950-1960-cı illərdə ADU-nun baş müəllim işləyib. Aspirantura təhsilinə də yiyələnib. 

Xəlil Rza Ulutürk Azərbaycan dilinin saflığı uğrunda mübarizə yolu seçib. 1984-cü ildə “Ömürdən uzun gecələr”, “Qardaşlıq çələngi” kitablarını yazıb. İctimai görüşlərinə görə təqiblərə məruz qalıb. Onu ADU-dan uzaqlaşdırsalar da, sonralar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada o, var qüvvəsilə elmi-tədqiqat işi və bədii yaradıcılıqla məşğul olur. Bununla yanaşı azadlıq mübazisəni də davam etdirir. 

Azadlığı, istəmirəm zərrə-zərrə, qıram-qıram. 
Qolumdakı zəncirləri qıram gərək, qıram-qıram 
Azadlığı istəyirəm SƏMA gibi GÜNƏŞ gibi CAHAN gibi! Çəkil, çəkil, ey qəsbkar 
Mən bu əsrin gür səsiyəm.
Gərək deyil, sısqa bulaq 
Mən ümmanlar təşnəsiyəm!!! 

-deyən və əməlində də vətəni üçün canından pay verən vətənpərvər şair  şəhidlik zirvəsinə ucalan oğlu haqqında belə demişdi: “Təbriz yenə doğular, ancaq Vətən əldən getməməlidir”. 

Odlu-alovlu çıxışları ilə həmişə düşmənə qarşı nifrət püskürən, xalqı ermənilərin dilimizi, tarixmizi, məhv etməsinə qarşı biganə qalmamağa, igid oğulları müstəqillik mübarizəsinə çağıran Xəlil Rza istiqlal şairi kimi yaddaşlarda qaldı. 

Xəlil Rza Ulutürk ümumi türk dünyasının şairi idi. O, istəyirdi ki, türklər bir yumruq kimi birləşsinlər. 1990-cı il 20 Yanvar hadisələrinə, rus qoşunlarının günahkar insanları tankların altına salmasına yenə öz çıxışları, şeirlərilə kəskin bir dillə cavab vermişdir. Ulutürk zirvəsi saflıqla, ədalətlə qazanılan zirvədir. Bu zirvəyə çatmaq üçün vətənini, xalqını Xəlil Rza Ulutürk kimi sevmək lazımdır. Onun əsərlərinin əsas qayəsini vətən sevgisi, düşmənə nifrət, xalqın azadlığı, bütün zəncirləri qıraraq birgə olmaq arzusu təşkil edib. Əsərlərini ötəri bir hisslərlə deyil, ürəyindən, qəlbindən axıb gələn hisslərlə yazırdı. Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım müsahibələrinin birində deyir: “Xəlil Rzaya 80-ci illərdə millətçi damğası vurmaq istəyirdilər. Xalqın azadlığını istədiyinə görə şair bir çox mərhumiyyətlərə məruz qalıb. Şair çıxış edərkən bir çoxları zalı tərk edir, onu “dəli” adlandırırdılar. Ancaq Ulu Öndər Heydər Əliyev ona demişdir ki, “Sən millətçi deyil, xalqın şairisən””.
Xəlil Rza Ulutürk haqqın, ədalətin öz yerini tapmasını istəyirdi. Xəlil Rza xalqın haqsız yerə qırğınlara, təhqirlərə, gülləyə tuş gəlmələrinə etirazını bildirirdi. “Məzarlara gül qoymayaq, Cahan özü gülzar olsun”. 

Xəlil Rza Ulutürk görkəmli şair və alimliklə yanaşı ,həm də istiqlaliyyət şairidir.Vətənpərvərlik ruhunu oğluna da aşılamışdır. Xəlil Rza Vətən yolunda oğlunu və özünü fəda etdi.

Xəlil Rza oğlu Təbriz Xəlilbəyli döyüş şücaəti ilə həmişə yoldaşlarından fərqlənirdi. O,1992-ci il Daşaltı əməliyyatında qəhrəmancasına həlak olur, şəhidlik zirvəsinə ucalır. Bu xəbər şairi dərindən sarsıdır.Təbriz Xəlilbəyli anadan olanda şair “Oğul həsrəti” adlı şeirini yazmışdı, sanki onun vaxtsız vəfat edəcəyini qabaqcadan duyurmuş. 

Ən böyük sevincsən, ən müqəddəs qəm, 
Məni od içinə atan Təbrizim 
Üzünə baxanda balam deyirəm, 
Adını çəkəndə - atam Təbrizim 
Nurunla açılan al səhərəm mən
Yeddi il yol gələn, a mənim ilkim, 
Gəldiyin yollara gül düzərəm mən 
Ən böyük sevincsən, ən müqəddəs qəm. 
 
Xəlil Rza 990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən həbs edilir, Moskvaya -Lefortofo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair Lefortofo gündəliyini, 200-dən çox şeir, poema və məktublarını qələmə alır.1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən şair bir ay məhkəmə prosesindən sonra azadlığa buraxılır. Ancaq həbsdə şəkər xəstəliyinə tutulan şairin 1994-cü ildə vəziyyəti ağırlaşır və iyul aynın 22-də vəfat edir. 

Onun vəfatı keçən əsr poeziyamız üçün ağır itki oldu. Şair deyirdi: “Yoxdur, üçüncü bir yol.... Bir həyat var, bir ölüm”. Ulu Öndər Heydər Əliyev demişdi: “Mən onun cəsurluğuna, dönməzliyinə vurğunam. O, vətənpərvər, qayğıkeş insan, gözəl vətəndaş idi”. 

Xəlil Rza poeziyası gələcək nəsillər üçün xəzinədir. O, drammatik poeziya ustasıdır. İnadkar və sarsılmaz, cəsur və mübariz olan şair həyat və sənətdəki ideya mövqeyini dürüst seçmiş, öz poetik istedadına güvənərək bu məfkurə uğrunda mübarizənin önündə getmişdir. 

Onun şeirləri dillər əzbəri olmalı nəsildən-nəsilə ötürülməlidir. Onun mübarizliyi, mərdliyi hamının yaddaşında qalıbdır. Bu gün onun arzuları həyata keçib.Vətənin igid oğulları Qarabağımızı azad edib. Azərbaycan müstəqildir, azaddır. Ona görə də fəxrlə deyirik: - Ruhun şad olsun. Xalqın mərd oğlu, mübariz oğlu, tarixdə iz qoyan sənətkar, Xəlil Rza Ulutürk!Türk dünyasının günəşi! Milli Qəhrəman atası! Allah rəhmət eləsin, vətənpərvər ata və oğula!
 
Sacidə Hüseynova 
Naxçıvan Dövlət Universiteti 
Jurnalistika fakültəsinin tələbəsi 



Oxşar xəbərlər