Sosial şəbəkələr, ya canlı ünsiyyət?


  • 10:00 / 20 05 2022 |
  • Bölmə: Köşə
İnternetin nəhəng məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual ünsiyyət qurmaq, məktublaşmaq, alış-veriş etmək, gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bütün bunlar insanlara bilik əldə etmək üçün internetdən  geniş istifadə imkanları verir.

Bu gün də internet mühitində ən populyar layihələrdən biri sosial şəbəkələrdir. Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlarsız boş vaxtımızı təsəvvür edə bilmirik, bəzən sosial şəbəkələr hətta vacib iş aləti də olur. Əgər bir neçə il öncə sosial şəbəkə serverləri gənclərin əyləncə, vaxt keçirmə yeri sayılırdısa son zamanlarda  internet şəbəkəsinə münasibət tamamilə dəyişib. Artıq məlum pandemiya ilə əlaqədar karantin dönəmindən başlayaraq həm böyüklər, həm də gənclər tədrisdə sosial şəbəkələrə üz tutmağa başlayıb.

Fikir veribsinizsə, bir qrup insan oturub söhbət edərkən belə, fikri telefonda, əsasən isə sosial şəbəkələrdə olur. Sosial şəbəkələr əslində günümüzün tələbidir və bundan qaçmaq da olmur, amma baxır necə istifadə edirsən. Hər bir işdə olduğu kimi bunun da mənfi və müsbət tərəfləri var. Doğru istifadə etdikdə, faydası çoxdur, əks halda, sadəcə vaxt itkisidir... Maraqlıdır, sosial şəbəkələri təyinatına uyğun olaraq necə istifadə etməliyik?

- Sosial şəbəkələr populyarlaşmağa başladıqdan sonra internetin özündən əvvəlki kommunikasiya alətlərini kölgədə qoydu. Əvvəllər  "Skype " tətbiqindən  daha geniş istifadə olunurdusa, hazırda o da öz mövqeyini  itirməkdədir. Özündən əvvəlki kommunikasiya alətlərini qabaqlayan sosial şəbəkələr isə "Facebook", "Tvitter", "İnstagram"ı misal göstərmək olar. Məhz "Facebook" özündə mətn, foto, video zəng, canlı yayım kimi bir çox yeni funksiyalar da cəmləyib. Çünki sosial şəbəkələr bazara uyğunlaşmaq üçün biri digərində gördüyü yeniliyi özündə tətbiq etməyə çalışır. Bildiyiniz kimi "İnstagram" şəbəkəsi daha çox fotolar və qısa videoların paylaşılması üçün faydalıdır. Kifayət qədər biznes qurumları, məşhur adamalar, təşkilatlar da görür ki, bu imkanlardan istifadə edərək video və fotolarla uğurlu reklam əldə edilir,  satış həyata keçirir, məşhurlaşırlar.
Sosial şəbəkələrdə həm ünsiyyət, həm də maarifləndirmək üçün imkanlar varsa, bunlardan istifadə etmək lazımdır. Facebookun özündə kifayət qədər səhifələr vardır ki, həmin səhifələrin məqsədi maarifləndirici materiallar yayımlamaqdır. 


Ünsiyyətə gəlincə, bunun hansı formada olmasının fərqi yoxdur, əylənmək və  ya yeni dostlar tapmaq üçün ola bilər. 3-4 il əvvəl bu vasitə  daha böyük qisim istifadəçilərin yeni tanışlıq qurması və əyləncə xarakterli idisə, indi artıq özünü maarifləndirmə, ictimaiyyətlə əlaqələr və marketinq işinin qurulmasına gətirib çıxarıb. Bunun əsas səbəblərindən birincisi sosial şəbəkələrin geniş kütlə arasında populyarlaşmasıdır.

Sosial şəbəkələrin müsbət cəhətləri ilə yanaşı mənfi cəhətləri də mövcuddur. Sosial şəbəkələrdə yerləşdirdiyimiz şəkillər bizim şəxsi məlumatlarımız əslində olduqca təhlükədədir. Ailələr arasında münasibətin pozulması, hətta bəzən insanların öz canlarına qəsd etməsi də bu mənfi cəhətlərə daxildir. Sosial şəbəkələrin daha bir təhlükəli və mənfi cəhəti ondan ibarətdir ki, burada  insanların şəxsi məlumatlarının asanlıqla yayılmasına və ya əldə edilməsinə səbəb olur. Bütün bu mənfi istiqamətlərdən istifadə olunmaması üçün maariflənmə işləri aparılmalıdır, insanlar ehtiyatlı olmalı və eyni zamanda dövlət nəzarəti olmalıdır. Məsələn, müəyyən söhbətlər zamanı xəbərdarlıq siqnallarının daxil olması və digər elektron nəzarət halları vacibdir. 

Maariflənmə işləri həm məktəbdə, həm də müəyyən təşkilatlarda aparılmalıdır. Çünki insanlar çox vaxt yanlış yolda olduqlarını bilmirlər, onları düzgün yola dəvət etmək lazımdır. Onsuz da həyata yenicə qədəm qoyan gənclər artıq əsl həyatın məhz virtual dünya olduğuna inanırlar və tədricən virtual dünyanın sakinlərinə çevrilirlər. Bu virtual dünya isə onların daxilində yaranan boşluğu doldurur. Eyni zamanda virtual dünya real dünyadan uzaqlaşmağa şərait yaradır. 

Sosial şəbəkə sakinlərinin əksəriyyəti real həyatda nə vaxtsa, müxtəlif problem və s. kimi şeylərlə üzləşmiş insanlardır. Sosial şəbəkə isə  bu insanlara sanki bir növ sığınacaq verir desək, yanılmarıq. Lakin bütün vaxtımızı da buna sərf etmək düzgün deyil. Gənclər ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoysa, daha doğru olar. Saatlarla internet qarşısında olmaqdansa, vaxtımızı sizə maraqlı olan başqa şeylərə də sərf edə bilərsiniz. Bir də yaddan çıxarmaq olmaz ki, insanlar arasında  canlı ünsiyyəti heç nə əvəz edə bilməz.
 
Aysel İsazadə 
Naxçıvan Dövlət Universiteti 
Jurnalistika fakültəsinin tələbəsi 



Oxşar xəbərlər