Kimdir ŞƏHİD?


  • 14:22 / 14 09 2022 |
  • Bölmə: Köşə


Nərmin Qabil

Kimdir şəhid? Vətəni uğrunda canından keçməyə cəsarəti olandır ŞƏHİD. Ən ali duyğuya- vətənpərvərlik hissinə sahib olan, yalnız özünün yox, vətəninin, dövlətinin taleyini düşünən, xalqının qeyrətini çəkəndir ŞƏHİD. Əzizlərindən, öz canından, işıqlı dünyadan, gəncliyindən əl çəkərək “Vətən sağ olsun” deyə biləndir ŞƏHİD. Qəhrəmandır ŞƏHİD. Bizdə o qəhrəmanlardan minlərlədir. Ən yüksək ali duyğulara sahib, mənən zəngin, ancaq maddi olaraq kasıb... Hamısı kasıb...

Bir sot torpaq üçün pulu olmayıb vaqonda yaşayan, ancaq bir ovuc torpaq üçün canından keçəndir şəhid. Kasıbdır ŞƏHİD!

Uşaq evində böyüyüb, evi, torpağı, mülkü, ana-atası olmayandır şəhid. Üstündə heç nəyi olmayan bu torpağa canını verərək, torpağın altına gedəndir ŞƏHİD. Kasıbdır ŞƏHİD!

Ən böyük var-dövləti övladı olan, onu da şəhid verərək bağrı çatlayan ataların övladıdır ŞƏHİD. Kasıbdır ŞƏHİD!

Övladını böyüdən zaman ona verməyə çay-çörək tapmayan anaların övladıdır ŞƏHİD. Kasıbdır ŞƏHİD!
Əgər kasıb olmasaydılar...

Əgər kasıb olmasaydılar, ataları pulun, gücün hesabına “ne qodnıy” kağızını alıb , villalarında, bahalı  maşınlarda, gecə klublarında, əyləncə məkanlarında kef-damaqda yaşadardılar övladlarını. Ya da ən pis halda arxa cəbhədə, mərmi yağışından, top səsindən uzaqda, şəraiti yaxşı olan hərbi hissədə öz “hərbi borcunu yerinə yetirib” burnu qanamadan geri dönərdilər. O zaman o atanın da bağrı çatlamayacaqdı. Min bir əziyyətlə oğul böyüdən ana övladının bayrağa sarılaraq gələn tabutunu qucaqlamayacaqdı. O uşaqlar da yetim böyüməyəcəkdi. Atasının sürdüyü bahalı maşınlarda gəzəcəkdilər. Ehtiyac içində yox, bal-qaymaq içində böyüyəcəkdilər. Hər şeyləri olacaqdı. Ancaq vətən sevgisi olmayacaqdı, bayraq onlar üçün müqəddəs olmayacaqdı. Çünki bahalı həyatda bu duyğulara yer qalmır, vətən, torpaq, müharibə haqqında düşünməyə “oxot” qalmır. Əvəzində isə sağ və kef-damaqda olacaqdılar. 

Demək ki, pulla bəzən ölümün də qabağını almaq olurmuş. Pulu olmayan kasıbsa, ölməyə məhkummuş. Daha doğrusu bu hadisələrin fonunda şəhid olmağa desək daha dəqiq olar. Şəhid olmaq yüksək mərətəbədir, cənnətlə mükafatlanır deməksə, kasıbın təsəllisidir. Əgər cənnət doğrudanda varsa...
 
                                                                                                         



Oxşar xəbərlər