İrandakı azərbaycanlıların zülmünə dözməyək


  • 10:43 / 01 10 2022 |
  • Bölmə: Köşə


İki həftə əvvəl İranda gənc qızın əxlaq polisi tərəfindən öldürülməsi ilə başlayan etiraz aksiyaları səngimək bilmir.  

İran rejiminin aksiyalarının qarşısını almaq üçün ən sərt tədbirlərə, çox zaman zorakılığa, şiddətə əl atması da etirazçıları qorxutmur. Əksinə, etiraz dalğası getdikcə daha geniş ərazilərə yayılır, müxtəlif millətlərin yaşadığı bölgələrdə mitinqlər, yürüşlər birbirini əvəzləyir.

İran rejimi ölkəni təcrid vəziyyətində -  informasiya blokadasında saxladığı üçün dünya ictimaiyyəti orada baş verənlər barədə dəqiq və operativ məlumat ala bilmir. Hadisələrin başladığı gündən rejim ölkədə interneti, sosial medianı məhdudlaşdırıb. Sadəcə rejimə bağlı informasiya mənbələri normal fəaliyyət göstərə bilir ki, onların da yaydığı məlumatlar birtərəfli olduğundan etibarlı sayıla bilməz. Onsuz da az sayda olan müstəqil media qurumları, bloqgerlər, insan haqları təşkilatları isə dəqiq məlumatların ölkədən çıxarılmasında ciddi çətinliklər, əngəllərlə üzləşir. Buna baxmayaraq, yenə də onların sayəsində bəzi məlumatlar əldə edə bilirik.

Tehran meri Möhsün Mənsuri İran paytaxtında günlərdir, davam edən iğtişaşların başa çatdığını desə də, digər mənbələr bu məlumatı təsdiqləmir. Hətta bu məlumat doğru olsa belə, digər bölgələrdə aksiyalarının, həbs və qətllərin, rejimin digər zorakılıqlarının davam etdiyi bildirilir.

Mərkəzi Osloda yerləşən İran İnsan Haqları Dərnəyi son aksiyalarda rejim gücləri tərəfindən ən az 76 etirazçının öldürüldüyünü açıqlayıb. Bəzi mənbələrin məlumatına görə, artıq 83 nəfər öldürülüb.

Rəsmi məlumatlarda isə bu rəqəm 41 nəfər göstərilir. 

Hüquq-müdafiə təşkilatları rejim qüvvələrinin aksiya iştirakçılarına qarşı odlu silahdan istifadə etdiyini, onlarla dinc sakinin bu şəkildə öldürüldüyünü bildirir. Bu olayları əks etdirən görüntülər yayılmaqda davam edir.

Məlumatlara əsasən, son iki həftədə minlərlə insan saxlanılıb. Tutulanlara təcridxanalarda olmazın işgəncələr verilir, bir neçə nəfərin məhz işgəncə nəticəsində öldürüldüyü gələn xəbərlər arasındadır. Həbs olunanların sayı həddən çox olduğu üçün təcridxana və həbsxanalar ağzına qədər dolub. Qeyd olunur ki, bu səbəbdən izolyasiya yerlərindəki otaqlara tutumundan 4-5 qat artıq insan doldurulub.

Ancaq xalq dayanmır. İlk günlərdə aksiyalarda qadınlara qarşı zorakılığa, şiddətə son qoyulması tələb olunurdusa, zaman keçdikcə diktatura rejiminin ləğvi ilə bağlı şüarlar səslənməyə başlandı və bu, indiyədək davam edir. Rejimin girovuna çevrilmiş İran vətəndaşları ən təməl  haqlarının bərpasını tələb edir, dini, milli, irqi, cinsi ayrıseçkiliyə qarşı dirənir. Onlar dirəndikcə rejim daha da sərtləşir, insanlara ən təməl haqlarını vermək əvəzinə, onları öldürmək, həbs etməklə insan kimi yaşamaq haqlarını əllərindən alır. 

Əslində fars rejimindən bundan başqa nəsə gözləmək də sadəlövhlükdür. Bu rejimin işğalçı, totalitar mahiyyətindən, xoş olmayan niyyətindən ən çox zərər çəkən o taylı, bu taylı Azərbaycan türkləridir. 200 il əvvəl işğal etdiyi ərazilərimizin böyük hissəsini özünə birləşdirən İran orada türklərə qarşı mütəmadi soyqırımları həyata keçirib, soydaşlarımızın assimiliyasiyası üçün bacardığı hər şeyi edib ki, türklər dillərini, milli kimliklərini unutsunlar. İranın müstəqil Azərbaycan Respublikasına münasibəti də ortadadır. Yəni, İrandan müsbət hər hansı davranış gözləmirik. 

Bu məsələdə dünya ictimaiyyətinin, xüsusilə hər kəsə demokratiya, insan haqları dərsi keçən Qərbin reaksiyası ilə bağlı fikirlər birmənalı deyil. Əslində Qərbin lazımi səviyyədə təpki göstərməsi də gözlənilmirdi. 

Heç kimə sirr deyil ki, İranda hüquqları ən çox pozulan, təhdidə, təzyiqə, zorakılığa məruz qalan türklərdir. Çox milyonluq Azərbaycan türkləri elementar hüquqlarından belə məhrumdur. Ona görə Türk Dövlətləri Birliyi,  bütövlükdə Türk Dünyasının hüquq-müdafiə təşkilatları səfərbər olmalı, soydaşlarımızın haqq səsini dünyaya çatdırmağa çalışmalıdır.

Gülşən Hacıyeva 
AY Partiya Başqanının İnsan haqları və QHT-lərlə iş üzrə müavini




Oxşar xəbərlər