Aysel Qaybaliyeva: Heydər Əliyevin gənclər siyasəti və bu siyasətin davamı


  • 08:24 / 10 05 2020 |
  • Bölmə: Köşə

 
Hər bir xalq öz gələcəyinin təminatını gənclərdə görür. Savadlı və sağlam düşüncəli gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Elə bu səbəbdən dövrümüzdə gənclər siyasəti Azərbaycanda olduğu kimi digər dünya ölkələrində də önəm verilən məsələlərdəndir. 
İntellekt səviyyəsi yüksək, düşüncəsi formalaşmış hər bir gənc bu günümüzün və gələcəyimizin qoruyucusudur. Hər bir müasir Azərbaycan gənci keçmişimizdən, ulu babalarımızdan bizə miras qalan kimliyimizi, doğma ana dilimizi, adət-ənənələrimizi bugünə və gələcək nəsillərə ötürən əsas mənbədir. 

Ölkəmizdə gənclər siyasətinin təşəbbüskarı və yaradıcısı Ulu Öndər Heydər Əliyev olmuşdur. Respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam düşüncəli, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı və bunu dövlətin birbaşa siyasəti formasına çevirmişdir. Tarixə nəzər salsaq görərik ki, hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində çoxlu sayda azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib. Ulu Öndərin bu addımı gənc nəslə diqqət və qayğının dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrildiyini sübut edir və Azərbaycan gənclərinin təşkilatlanması prosesinin gücləndirilməsinin aparıcı məqsədlərdən biri kimi qarşıya qoyulduğunu göstərir. 
 
Bu sahədə növbəti böyük və uğurlu addımlardan birinin ölkə ərazisində Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Bu qurum vasitəsilə gənclərin müxtəlif dövlət orqanlarında işlərə cəlb olunması və onların iş sahəsindəki fəaliyyətini əlaqəndirilməsi məqsədi öz təsdiqini tapdı. Gənclər və İdman Nazirliyi qısa bir zamanda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirməkdə müxtəlif uğurlar əldə edib. Hal-hazırda da daha inkişaf etmiş və təkmilləşdirilmiş formada bu siyasət həyata keçirilir. O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi sayəsində təqdirəlayiq işlər görülüb. Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib. Forumlarda Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilib, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi ilə əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulub. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. 
 
Hal-hazırda isə biz gənclər bu vəzifəni həyatımızın ən vacib missiyası olaraq qəbul edirik və bunun uğrunda əlimizdən gələni etməyə çalışırıq. Gənclərin inkişafı ölkənin inkişafının birbaşa mənbəyidir. Çünki Ulu Öndərin də vurğuladığı kimi gənclər gələcəyimizdir. Hər bir azərbaycanlı gəncinin müstəqil Azərbaycanın bugünündə və gələcəyində uğurlu izləri olmalıdır. Biz bunu tətbiq olunan dövlət siyasətindən də aydın formada müşahidə edə bilərik. Son illərdə də Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri gənclər siyasətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi kimi bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir. 

Ölkəmizdə bu siyasəti təsdiqləyən müxtəlif dövlət proqramlarının məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına imkan yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Ölkə başçısının 2020-ci ili “Könüllülər ili” elan etməsi gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaları, müasir informasiya texnologiyalarından səmərəli istifadə etmələri, ölkədə birbaşa könüllülük hərəkatının inkişaf etməsinə gətirib çıxartdı. Bu da gənclər siyasətinin müasir dövrümüzdə də uğurla davam etdirildiyini göstərir. Gənclərimizin bu imkanlardan faydalanması onların birbaşa inkişafına və təkamülünə gətirib çıxarır. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və güclü Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində daim onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar. 
 
Bakı Slavyan Universitetinin tələbəsi



Oxşar xəbərlər