Azərbaycanın Xalq artisti Yalçın Rzazadə vəfat edib.

"Rupor" xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Orxan Rzazadə bildirib.  O, atasının uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat etdiyini deyib.

Y.Rzazadə sabah dəfn ediləcək. Onun harada dəfn ediləcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Yalçın Rzazadə 31 dekabr 1946-cı ildə Lənkəran rayonunda ziyalı ailəsində doğulub. Onun sənət yolu orta məktəbdə təhsil aldığı illərdən başlayır. İncəsənətə olan marağı Yalçın Rzazadəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna - aktyorluq fakültəsinə gətirib çıxarır. 1968-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə daxil olur və 1973-ci ildə təhsilini qırmızı diplomla yekunlaşdırır.
Hələ Konservatoriyanın tələbəsi olarkən, Azərbaycan Dövlət Teleradio Komitəsinə işə daxil olur və rejissor assistenti kimi əmək faəliyyətinə başlayır. Teleradio Komitəsində çalışdığı illərdə Gülarə Əliyevanın "Dan ulduzu" ansamblına dəvət olunur.
Yalçın Rzazadəni Azərbaycan tamaşaçısına tanıdan onun 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.
İllər ərzində Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar ona mahnılar yazmışlar. Oxuduğu orkestrlərdən-Böyük Simfonik və Estrada- Simfonik Orkestrləri, Xalq Çalğı Alətləri Orkestri, Dan Ulduzu İnstrumental Ansamblı, Vaqif Mustafazadənin rəhbərliyi ilə “Sevil” vokal ansamblı, Əhsən Dadaşov adına “Xatirə” ansamblı, SSRİ-nin  Yuri Silantyev və Aleksandr Mixaylovun rəhbərliyi ilə Estrada- Simfonik orkestrləri, Leninqradda Leybmanın rəhbərliyi ilə Caz Ansamblı ona müşayiət ediblər.





Oxşar xəbərlər