Tanınmış aktyor Fəridbəy Kərimov AzTV-nin “Agent 001” verilişinin aparıcılarından biri olacaq.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, o, verilişdə dördüncü “agent” kimi çıxış edəcək.

Əvvəlki buraxılışlarda əsas “agent” aktyor və rejissor Vüsal Hacı Qədir digər iki “agent”lə birlikdə qonaqlarını öz yanına gətirir, onları həyat və yaradıcılıqları ilə bağlı sorğu-sual edirdi. 

F.Kərimov yayımlandığı gündən tamaşçılar tərəfindən rəğbətlə qarşılanan “Agent 001”in aprelin 16-da efirə gedəcək buraxılışından etibarən aparıcı qismində çıxış edəcək. Onun ilk “hədəf”i məşhur aparıcı, aktrisa Kamilə Babayeva olacaq. Yeni “agent” AzTV-nin digər “agent”ləri ilə  birlikdə Kamilə Babayevadan  bu vaxta kimi heç kimin dilə gətirmədiyi  ittihamlara cavabı verməsini istəyəcək.

Qeyd edək ki, ”Agent 001”in  ilk buraxılışı martın 5-də yayımlanıb. Layihənin qonağı statusundan asılı olmayaraq – deputat, idmançı, aşpaz, müğənni, aktyor və s. – hər kəs ola bilər.

İlk qonaq peşəkar kikboksçu, 25 qat dünya çempionu Eduard Məmmədov olub. 

Bu günə qədər gedən buraxılışlarda “Agent 001”in digər qonaqları aktrisa Mehriban Zəki, kinorejissor Ayaz Salayev və  yazıçı İlqar Fəhmi kimi tanınmış simalar olub. 

Aprelin  9-da efirə gedəcək buraxılışda isə “ittiham kürsüsü”ndə müğənni Nigar Camal olacaq. 





Oxşar xəbərlər