Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qalibləri mükafatlandırıldı


  • 18:53 / 14 09 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Nyu-Yorkda fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı,  Amerika–Azərbaycan Musiqi Fondunun iştirakı, Diasporla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin dəstəyi ilə gerçəkləşdirilən Hacıbəyli Beynəlxalq Bəstəkarlıq Müsabiqəsi başa çatıb.
 
Diaspor Komitəsindən "Rupor"a verilən məlumata görə, Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə təşkil edilən müsabiqənin məqsədi Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) yaradılmasında misilsiz xidmətlər göstərmiş dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin plagiatdan qorunması, geniş təbliğ edilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir.
 
2021-ci il yanvarın 15-də elan olunmuş şərtlərə əsasən, hər bir iştirakçı təşkilat komitəsi tərəfindən seçilmiş 10 musiqi mövzusu (bir və ya bir neçəsi) əsasında bəstələdiyi, başlığında Ü.Hacıbəylinin və onun melodiyasının adının qeyd edildiyi instrumental əsəri 20 iyul 2021-ci il tarixinə kimi müsabiqəyə təqdim edib. Müsabiqədə Yaponiya, Çin, Tayvan, ABŞ, Kanada, Böyük Britaniya, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Avstriya, Almaniya, İsrail, Bolqarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Türkiyə, Kolumbiya, Çili, Venesuela, Meksika, İran, Küveyt, Ukrayna, Qazaxıstan, Özbəkistan və Azərbaycandan 51 bəstəkar iştirak edib.
 
15 avqust tarixinə qədər münsiflər heyəti audio yazı və həmçinin PDF faylı şəklində təqdim olunmuş əsərlərlə tanış olub və qiymətləndirib. Münsiflər heyətində  Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Dr. Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq,  Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor, Dr.Nərgiz Əliyarova həyata keçirib.
 
Hər il dahi bəstəkarımızın doğum günündə keçirilən 18 sentyabr – Milli Musiqi Günündə müsabiqənin qaliblərinin adları açıqlanacaq. I, II və III  yerlərin sahiblərinə diplomlar və pul mükafatları təqdim olunacaq. Bundan başqa, iki iştirakçı Üzeyir Hacıbəyli adına Diplom və “Ən gənc bəstəkar” xüsusi diplomları, beş iştirakçı isə diplomlarla təltif olunacaq.
 
Qaliblərin əsərləri sentyabrın 23-də Bakı şəhərində Ü.Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil ediləcək Qala konsertdə ifa olunacaq. Konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu, Azərbaycan Dövlət simli kvarteti, CadeNZa qrupu, Azərbaycanın Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artist Nərgiz Əliyarova və gənc bəstəkar Zərrin Şükür də iştirak edəcəklər. 
 
Noyabrın 5-də isə Nyu-York şəhərindəki Linkoln Mərkəzində Hacıbəyli Beynəlxalq Bəstəkarlıq müsabiqəsinin yekun konserti keçiriləcək. Müsabiqəyə təqdim olunan əsərlərin ən yaxşıları ABŞ-da nəşr olunacaq.



Oxşar xəbərlər