Azərbaycan şairi “Rusiyanın qızıl qələmi” mükafatına layiq görüldü - Fotolar


  • 14:27 / 01 11 2021 |
  • Bölmə: Mədəniyyət və Şou


Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısında yer alan, rus yazıçısı Lev Tolstoyun “Müharibə və Sülh” romanını qələmə aldığı Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən əfsanəvi Rostovlar Evində “Rusiyanın qızıl qələmi” XVII Beynəlxalq Müsabiqəsinin Milli Ədəbi Mükafatı laureatlarının mükafatlandırılması mərasimi keçirilib.

“Vətənxəbər”in məlumatına görə, tədbir Rusiya Yazıçılar Birliyi və Çap Məhsulları Yayımcıları Assosiasiyasının dəstəyi ilə Ədəbi İcmalar Birliyi tərəfindən təşkil olunub.

Tədbirdə mədəniyyət və elm xadimləri, ictimai təşkilatlar, Rusiya, Özbəkistan, Almaniya, Fransa, Tacikistan, Suriya və digər ölkələrin nümayəndələri iştirak ediblər. Onların arasında “Heyvanlar aləmində” verilişinin məşhur teleaparıcısı, ictimai xadim, səyyah və alim-zooloq, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin professoru Nikolay Drozdov da olub.

Məlumat üçün bildirək ki, “Rusiyanın Qızıl Qələmi" Milli Ədəbi Mükafatı müsabiqəsinin təsisçisi Aleksandr Buxarov, münsiflər heyətinin sədri Ədəbi Cəmiyyətlər Birliyinin prezidenti Svetlana Savitskayadır.

2021-ci il yanvarın 1-dən sentyabrın 15-dək münsiflər heyəti 35 ölkədən olan yazıçıların 10 mindən çox əsəri ilə tanış olub. Sevindirici haldır ki, Azərbaycan şairi Sahib Məmmədov “Rusiyanın Qızıl Qələmi” Milli Ədəbi Mükafatının Beynəlxalq Müsabiqəsinin sahibi olub. O, “Pozitiv düşüncə məsəli” əsərinin yüksək bədii məharətinə görə qızıl döş nişanı və “Rusiyanın Qızıl Qələmi” adına layiq görülüb.

"Azərbaycan poeziyası bu gün özünü zənginləşdirib. Belə bir mötəbər ədəbi mükafatın adına sahib olmaq mənim üçün böyük şərəfdir. Təsisçilərə, təşkilatçılara və münsiflər heyətinin üzvlərinə təşəkkür edirəm. Bütün mükafatçıları, laureatları və diplom sahiblərini təbrik edirəm. Rostov Evində belə səmimi qəbula və bənzərsiz ab-havaya görə xüsusi təşəkkür edirəm. Belə günlər həmişəlik xatırlanır", - deyə Sahib Məmmədov bildirib.

35 yaşlı Sahib Məmmədov Rusiyada, Belarusiyada, Ukraynada və digər ölkələrdə keçirilən beynəlxalq poeziya müsabiqələrinin laureatıdır. O, Nəsimi Festivalının ikiqat diplom laureatı (2018, 2019), LiFFt 2019 Beynəlxalq Ədəbiyyat Festivalının “Gənc Səs” nominasiyası üzrə qalibidir. Şair Azərbaycan, Rusiya, Şimali Amerika və Beynəlxalq Yazıçılar Birliyinin üzvü, Avrasiya Yaradıcılıq Gildiyasının (London) səfiridir.

Qeyd edək ki, bu il Azərbaycan yazıçıları da laureat diplomları ilə təltif olunublar: “Gənclərin tərbiyəçisi” nominasiyası üzrə Səriyyə Məmmədova, Rusiya və Azərbaycan mədəniyyətlərinin yaxınlaşmasında şəxsi xidmətlərinə görə; "Nəsr" nominasiyası üzrə Aleksandr Hakimov - əsərlərin humanistliyinə və mənəviyyatına görə, “Hərbi-vətənpərvərlik mövzusu” nominasiyası üzrə Aqşin Əliyev - “Taxmira (Tomiris) – Massagetlərin kraliçası” əsərinə görə.

Həmçinin Səriyyə Məmmədova 2018-ci ildə “Rusiyanın qızıl qələmi” Milli Ədəbi Mükafatının Beynəlxalq Müsabiqəsinin sahibi olub, qızıl döş nişanı və “Rusiyanın Qızıl Qələmi” adına layiq görülüb.




































Oxşar xəbərlər