Qazinin ittihamı, direktorun kəskin cavabı, nazirlik rəsmisinin ümid verməsi - Narazılıq


  • 09:24 / 21 09 2022 |
  • Bölmə: Mədəniyyət və Şou / Hadisə


Qarabağ müharibəsi veteranı, Nüsrət Kəsəmənlinin nəvəsi Cavidan Kəsəmənli Gənc Tamaşaçılar Teatrının rəhbərliyini ittiham edib. 

"Rupor" xəbər verir ki, bu barədə moderator.az saytına danışan aktyor müharibədən qayıdandan sonra 4-5 ay psixologiyasını toparlamaq üçün çox əziyyətlər çəkdiyini deyib: 

"O dönəmdə də heç bir yerdə çalışmırdım. Nə öz sahəmdə, nə də digər sahələrdə. Yanvar ayından sonra qərara gəldim ki, öz sahəm üzrə fəaliyyətimi davam etdirim. Mənim ilk müraciət etmək istədiyim teatr Gənc Tamaşaçılar Teatrı oldu. Niyə görə?! Oranın kollektivində tanıdığım dostlarım var idi, onlarla birlikdə çalışmaq istəyirdim. Bu həm mənim psixologiyamın toparlanmağına kömək edəcəkdi, həm də öz işimlə, bitirdiyim ixtisasla məşğul olacaqdım.  Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə müharibədə iştirak etsəm də mənə iş verməyib, hərbidən yayınan iki aktyoru işə götürdü". 



Qazinin sözlərinə görə, direktor onu bir neçə dəfə get-gələ salıb, sonra isə “biz istərdik sizinlə əməkdaşlıq edək, təəssüflər olsun ki, bizdə yer yoxdur, ştatımızda yer olanda özümüz sizə müraciət edəcəyik” deyib:

"Onların işə götürdüyü həmin oğlanlar nə təhsil səviyyəsi üzrə məndən üstündürlər, nə də istedad cəhətdən. İkisi də bakalavr bitirmiş, hərbi xidmətdən yayınmış aktyor dostlarımızdır. Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə onları işə götürüb, məni bir bəhanə ilə geri göndərdi. Gənc Tamaşaçılar Teatrı mənim çox qəlbimi qırdı! Mən bilirəm ki, onlar istəsəydilər, bunu edə bilərdilər. Mənim kifayət qədər o teatrda çalışmağa haqqım var axı! Niyə bəhanə edirsiniz?! Ən azından gedib Mədəniyyət Nazirliyinə müraciət edə bilərdiniz, yer olmasaydı belə bir nəfərlik ştat açıb, məni o ştata qəbul edə bilərdiniz! Əgər o müraciət olsaydı, bilirəm ki, məni işlə təmin edəcəkdilər. Yerin olmamağı, sadəcə olaraq, bir bəhanə idi". 

"Yeni Müsavat" barəsində ittihamlar səsləndirilən Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadənin mövqeyini öyrənməyə çalışıb Teatr direktoru artıq bu barədə mətbuata danışdığını, başqa bir əlavəsi olmadığını bildirdi. 

Qeyd edək ki, Naidə İslamzadə Mediapress.az saytına açıqlamasında deyib:



“Teatrımızın baş rejissoru var - Mehriban xanım, ona deyərəm görüşər, söhbət edər. Burada heç bir problem yoxdur. Amma bu o demək deyil ki, Cavidan Kəsəmənli sabah hansısa işlə təmin olunacaq. İmkan var, Mehriban xanım yoxlasın, həqiqətənmi çox istedadlı bir uşaqdır və nəsə edə bilərikmi. Bu, teatrdaxili məsələdir. Teatrda direktor tam hökmran deyil, baş resjissorla, kadrlar şöbəsi ilə məsləhətləşir. Azərbaycanda Gənc Tamaşaçılar Teatrı ölkədə yeganə teatr deyil, 26 teatrımız var. Başqa teatrlara da müraciət etmək olar.”

Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Könül Cəfərova isə məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib: 

“Aktyor Cavidan Kəsəmənli məsələ ilə bağlı bizə müraciət etməsə də, bildirim ki, artıq nazirlik bu məsələni nəzarətə götürüb və araşdırma aparılır. Çox böyük ehtimalla onu teatra işə götürəcəklər”.


Anar İsaoğlu





Oxşar xəbərlər