Vasif Sadıqlı - adiliyin qeyri-adi imzası - Pərvanə Bayramqızından orijinal təqdimat


  • 20:31 / 05 11 2020 |
  • Bölmə: Mədəniyyət və Şou



İstəyirəm soruşasınız ki, onun haqqında niyə belə həvəslə, təkidlə yazmaq istəyirsən, mən də elə bu sualı gözlədiyimdən sizə fikrinizi bitirməyə aman vermədən: “niyə də yazmayım, haqqında yazılanların çoxu onun qədər iş görməyib” deyim.

Məşhur insanların haqqında qələm dostlarının mətnlərində daha çox, “Onu çoxdan tanıyıram” cümləsinə rast gəlirik. Mən də hörmətim olan dəyərli bir insan haqqında yazıram, amma həmin ənənəvi cümlədən istifadə edə bilmirəm. Buna təkrarçılıqdan çox onunla tanış olduğumuz illərin azlığı imkan vermir. Elə zənn edin ki, mətn “Onu çoxdan tanımıram, sadəcə, yaxşı tanıyıram. Bir adı da Ömər Kamildir”, –  cümləsi ilə başlayır. Zənn edə bildiniz? Onda ardını oxuyun.
Yazını yeni başlayanda “onu həyatda görməmişəm” yazmışdım, amma dünən ilk dəfə olaraq uzaqdan görməyim bu fikri rejissor sayaq desəm “epizodik rola” çevirdi.
Dayanacaqda idim. Uzaqdan tanış sima gördüm. İldırım sürətiləmi, işıq sürətiləmi deyim, bilmirəm nə sürəti idisə onunla gəlib yaxınlıqdakı ofisə daxil oldu. Tələsdiyi bəlli olduğundan mane olmamaq üçün yaxınlaşmadım. Bu da oldu bir dəfə həyatda onu uzaqdan görmək. Yazı bitənəcən bir də görəcəyəmmi, bilmirəm, amma hər gün feysbukda ya özünün, ya da dostların statuslarının rəy bölməsində rastlaşırıq. İnsanların dostlaşması indi sosial şəbəkələrin sayəsində asanlaşıb. Fikrimcə, profili sahibinin malik olduğu hər bir keyfiyyətin göstəricisidir. Qeyri-səmimi formada özünü səviyyəli göstərməyə cəhd edib ağıllı statuslar paylaşmaqla insanları aldatmaq mümkün deyil. Əvvəl-axır əsl sima üzə çıxır, adamı özündən xəbərsiz ifşa edir. Feysbuka kim necə münasibət bəsləyir, özü bilər, mən buranı elə cəmiyyətin bir forması hesab edirəm. Kimin qabiliyyəti nəyə çatırsa, onu nümayiş etdirir. Dostlarımın böyük əksəriyyəti söz adamlarıdır. Sözə həssaslıqları, davranışları necə olduğu aydındır. Doğrudur, bəzən istedadına heyran olduğum kəslərin xoşagəlməz paylaşımlarına da rast gəlirəm. Belə olanda statusun ağırlıq dərəcəsindən asılı olaraq çoxu ilə feysbukun imkanları vasitəsilə dostluğumuz bitir. Elə insanlarla da ünsiyyətim yarandı ki, tanıtdırdığı üçün Marka təşəkkür etməkdən əlavə belə bir vətəndaşımızın olduğuna da şükür etdim.
Onun profilində təsadüfi adamlara rast gəlmək mümkün deyil. Bundan əvvəlki yazımda ətrafında Dədə Qorqudu sevən, Füzulini, Nizamini, Nəsimini əzbər bilən, Xətayini asıb-kəsməyən insanlar olduğunu bildirmişdim. Dostları Azərbaycan elminə, həqiqətən, can yandıraraq işləyənlərdir. Bu cür insanlara hər şeyi etibar etmək olar.
Bir də görürsən, statusunda elə maraqlı mövzu qoydu ki, alim, akademik, ədəbiyyatçı və dilçilər cəmləşib müzakirəyə başladılar. Zarafatları da düşündürücü olduğundan eyni nəticəni verir. Karantinin sərt vaxtında insanlarda ruh düşkünlüyü yaranmasın deyə profilində tez-tez maraqlı “layihələr” edirdi. Koronavirus mövzusunda “hərəyə bir bənd şeir” müsabiqəsi də elan etdi. Dostlar həvəslə qoşuldular, qızğın yarış başladı. Həmin şeirləri sonra “Azərbaycan koronavirus ədəbiyyatı” adıyla toplayıb həm saytda dərc etdi, həm də kitabına saldı.
Yəqin ki, kimdən bəhs olunduğunu bilməyə tələsirsiniz. Dözün. Mən də onu birdən-birə tanımamışam. Günbəgün cavablarından, sətirbəsətir yazılarından öyrənmişəm onu. Sözündə, əməllərində görünən insandır.
Yazıda onu həm müsahib, həm də haqqında danışılan şəxs kimi görəcəksiniz. Alışdığımız qaydayla deyim ki, bugünkü qonağımız, müsahibimiz, qəhrəmanımız Vasif Sadıqlıdır. O Vasif Sadıqlı ki, faydalı işlər görür, danışmır, yaxşılıq da edib boynuna almır. O Vasif Sadıqlı ki, ABŞ-ın Texas ştatının Dallas şəhəri onu fəxri vətəndaşı elan edib, o isə Bakıda yaşayır. Elə gözəl işlər görür ki, adamın kənardan baxıb, sadəcə, seyrci olmağına vicdanı yol vermir, heç olmasa, bu işlərin üçünü-dördünü yazıb işıqlandırmaq istəyirsən.
Bir mövzu ətrafında daima düşünmək, həmin mövzudan təkrar yazmaq o zaman baş verir ki, ya mövzu aktual olur, ya da fikrini yetərincə tutarlı demədiyindən təzədən yazmağa ehtiyac duyursan. Bu, eyni zamanda, həmin işə böyük maraq və sevgidən də irəli gəlir. İndiyəcən bir dəfə kitabının, bir dəfə də özünün haqqında yazmışam. İntiqam Mehdizadədən də yazanda belə oldu. Birinci dəfə demədiyim çox söz qaldığından ikinci dəfə yazdım. Həmin hal yenə təkrarlandı. Bu insanlar dərin insanlar olmasaydılar, birinci yazım zəif olduğundan ikinci dəfə yazmalı olduğumu düşünərdim. Gördüyü işlərdən yazacam ki, gələcəkdə ondan yazmaq istəyənlər üçün etibarlı mənbə olsun. İnanıram ki nə vaxtsa məndən də yaxşı tədqiqatçısı olacaq.
Bəlkə, qaydaları pozub təqdimata onun ən pis cəhətilə başlayım? Onu bir az da yaxından tanıyarsınız. Başqalarına qarşı qısqanclıq, xəsislik edən çox görmüşük, amma adamın özünə bu dərəcə xəsis olmasını ilk dəfə görürəm. Həm ictimai fəaliyyəti, həm də etdiyi yaxşılıqlar barəsində dilindən bir kəlmə söz qoparanacan bir ay ötür. Gərək sən də əl çəkməsəyəsən. Yoxsa o udacaq. İlahi, belə xəsis adam olar? Gördüyü faydalı işlərin sözə çevrilməsinə elə xəsisliklə yanaşır ki, heç Hacı Qara malına-mülkünə belə xəsislik etməyib. Elə bil Vasif Sadıqlı filan yaxşı işi görüb deyəndə dünya dağılacaq. Çıxış etməkdən, səsli mesaj göndərməkdən qaçır. Üstəlik, dostları qorxudur ki, səsimi eşidib “blok” edəcəksiniz. Birtəhər səsini dinləyəndə görürsən ki, əslində səsini gizlətməklə bəd nəzərdən qorunmaq istəyir. Ya da radio aparıcılığı təklifi almaqdan ehtiyat edir. Təqdimatdan qaçır, görünməyi sevmir. Yaxşı ki, bu yazını yazanda görmür. Əminəm ki, başımın üstündən baxıb israr edəcəkdi: filan cümləni yazmaq lazım deyil. O filan cümlə də onun zəhməti sayəsində başa gələn işlərin sözlə ifadəsidir ha. Hələ “ziyalı”, “gözəl insan” kəlmələrinə qarşı necə ögey münasibət bəslədiyini bilsəniz, yalnız qəsdlə bu sözü işlədərsiniz ki, qoy əsəbiləşsin. İndi mən neynəyim ki, Vasif Sadıqlı fikri işıqlı, gözəl insandır.
Dörd kitab müəllifidir. Kitablar nə kitablar…  “Sklerozun xatirələri”,“Quran İslamı”, “Bir dəfə dünyada”, “Quran işığında”. Bir-birindən maraqlı, duzlu-məzəli, tənqidi, düşündürücü və maarifləndirici mətnlər toplusu. Üslubunda bir neçə keyfiyyət birləşib. “Vasif Sadıqlıda istedad, savad, dünyagörüşü, klassik irsi bilmə, eyni zamanda hadisələrə müasir baxış birləşmişdir. Məhz buna görə yazdıqları qaynar tavada əriyən yağ kimi gözlərə dəyən andan beyində əriyir şüura hopur. Düşünə-düşünə gülürsən, güldüyün məqamda da əhvalatlar səni dərin düşüncələrə aparır”. Bunu “Sklerozun xatirələri”nin skleroz oxucusu”nda yazmışam. “Ədəbiyyata sevgisinə, ana dili uğrunda apardığı mübarizəyə görə fərqləndirdim Vasif Sadıqlını”. Bu da ad günündə yazdığım təbrik yazısındandır. Yumor hissi ilə yazdığı kiçik statuslardan tutmuş satirik üslubda yazdığı irihəcmli yazılarınadək hamısını oxuyuram. Hərəsindən də bir şey öyrənirəm. Kitabı çap olunanda haqqında yazılanların heç birini nəşrə vermədi.
Üç-dörd kəlməylə geniş fikir söyləməklə sözün qədrini bildiyini göstərməyə cəhd etməz, bunu adam özü dərk edir.  Ondan heç kəsin haqqında pis fikir eşitməmişəm. Kimsənin haqqında həqarətlə danışmaz. Haqqında danışmadığı adamlardan birincisi elə özüdür. Elə bil həyata cəmiyyətin problemi ilə məşğul olub özünü unutmaq üçün gəlib. Hərdən mənə elə gəlir ki, müəllim işlədiyi vaxtlarda o əvəzlik bölməsini keçərkən də “mən” şəxs əvəzliyini işlətməyib. Müəllim demiş, bir dəfə yazdım ki, yaxşı ki, jurnalistlik fəaliyyətinə başlamısınız, yoxsa sizi tanımayacaqdıq. Dedi ki, tanıyacaqdınız … yox bunu yazası olmadım. Əminəm ki, peşəsində qalsaydı, şagirdləri ana dilindən ən yüksək nəticə göstərərdilər. Çünki o fənni təkcə tədris etməzdi, həm də sevdirərdi.
Vasif Sadıqlının bilik və bacarığından faydalanmaq faydalananlar üçün çox faydalıdır. Ona ədəbi mənbə, müasir dillə vikipediya, nə bilim quql da demək olar. Axtarın, baxın, oxuyun. Sizin üçün yaxşı olar. Klassiklərə, alimlərə necə həssaslıqla yanaşdığını bilsəniz, heyrət edərsiniz.  Klassikaya bağlılığı qədər də müasirliyə meylli insandır. Dini görüşləri də maraqlıdır. Uzun sözün qısası, hərtərəfli insandır. Sözləri necə ehtiyatla işlətməsi də diqqətimi çəkir. İnkar formasında olan fikirlərini elə tərzdə bildirir ki, adamın ona hörməti, özünə də tələbkarlığı artır. Mədəni, qayğıkeş və diqqətlidir. Dostlardan hansısa bir az gec görünəndə narahat olur, mütləq əlaqə saxlayır. Aprel ayının qəfil karantinində həm məlum səbəblərdən, həm də şəxsi problemlər üzündən ovqatımın yaxşı olmadığını hiss etdiyindən narahatlıq keçirirdi. Bunu da özü demirdi, hiss edirdim. Onda sevinirdim ki, yaxşı insanların sayı çoxdur. Həyat onların varlıqları ilə gözəldir. Həmin ərəfədə saytı idarə etməyi də öyrətdi. O çətin günlərdə ovunum deyə ədəbiyyat bölməsinin işlərini də həvalə etdi. Bu işdə sərbəstlik verildiyindən sevdiyim yazıçı və şairlərin, gənc qələm sahiblərinin yazdıqlarından, maraqlı ədəbi mətnlərdən dərc edib zövq alırdım. Elə yazılar seçirdim ki, izləyicilərin də zövqlərini oxşasın (təəssüf ki, həm işin çoxluğundan, həm də internet probleminə görə bu hobbimlə məşğul ola bilmirəm). O aylarda da Vasif Sadıqlı nəyə qadir olduğunu göstərdi.  Bir-iki gün feysbukda görünməyəndə narahat olub yazanların birincisi idi. Dəyərləndirilmək adamı məmnun yox ee, xoşbəxt edir. Vay o günə ki, yaxşı cəhətlərini də görməzdən gələlər. Bu, adamı diri-diri öldürmək deməkdir. Vasif Sadıqlı heç kəsi tərifləyən deyil. Onun işi tənqiddir. Di gəl ki, birdən elə məqamda elə söz söyləyir ki, sən artıq işini bilirsən. Məni yazmağa həmişə ruhlandırıb. Bu məqam ilk dəfə belə olmuşdu:
Uzun illərin fasiləsindən sonra təzədən yazmağa başladığım vaxtlar idi. Həmin vaxt risk edib “Anton Çexovun hekayələrindəki “biz”” adlı yazı yazmışdım. “Ədalət” qəzetində (portalında da) dərc edilmişdi. Feysbuk hesabıma bir link göndərildi, baxdım ki,  yazı “İlk xəbər” saytında da dərc edilib. Razılığımı bildirib, eyni zamanda da dostluq təklifini qəbul etdim. Etiraf edim ki, tanımadığım bir ziyalının diqqətini çəkəcək dərəcədə yazdığımdan ruhlandım. Ziyalı da obyektiv adam olduğunu göstərmişdi.  Müəllifi tanımadan mətnə dəyər vermişdi. Sonralar belə hallarla tez-tez rastlaşsam da, o illərdə bunu “Ədalət”dən sonra “İlk xəbər” etmişdi.
Dost olduqdan sonra da bu “missiyasını davam etdirdi. ”İşdən çıxıb yol boyu yazmamaq üçün “məşq edirdim”. Çətinliyim vardı, bəzən usanır, təzədən yazmaqla vidalaşmağı düşünürdüm, amma elə həmin an “qərar qüvvədən düşmüş hesab edildi”. Telefona bildiriş gəldi. Baxdım ki, Vasif müəllim yazıb: “Siz hansı mövzuda yazsanız, gözəl yazırsınız. Mövzu heç nə ola bilər, amma gözəl olar”. Bu sözdən sonra məni saxlamaq olardı? Elə avtobusdaca “Heç nə” adlı mətn yazıb onu da işarələyib soruşdum: Vasif müəllim, belə deyirdiniz?
(Yazmamaq təhlükəsindən bir dəfə də Nəriman Əbdülrəhmanlı “xilas edib məni”)
Vasif müəllimlə mesencerdəki söhbətlərimizi toplasam, gözəl müsahibə alınar. Orda əla şərhlər, maraqlı yanaşmalar var. Dialoqlarımız çox vaxt ədəbiyyat nəzəriyyəsini xatırladır. Ondan ərəb ədəbiyyatından indiyəcən eşitmədiyim bilgilər də almışam.
“Ədəbi dilə qəsd dövlətin suverenliyinə qəsddən daha ağır cinayətdir” deyir. Ana dilinin qorunması üçün Bakı küçələrini addım-addım gəzir. Faktlar toplayır, həyəcan təbili çalır, lazimi orqanlara müraciət ünvanlayır dilin korlanmamağına çalışır. Bu mövzuda özü də yazır, ətrafında birləşən ana dilini sevənlər də. Ana dilinə olan qaynar münasibətinin dərəcəsini ölçəcək cihaz tapılmaz. Ona görə də Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzini təsis etdi.
Bu İctimai Birliyinin yaranması hansı zərurətdən doğdu sualına:
– Azərbaycan ədəbi dili dövlətin və dövlətçiliyin mühüm atributlarından biridir. Onunla əlaqəli hər bir proses dövlətin nəzarətində olmalıdır. Praktika göstərir ki, bir sıra əlaqəli dövlət strukturları ədəbi dil normalarının pozulması hallarına qarşı gərəkli tədbirləri görmür. Xüsusən qloballaşma şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunması istiqamətində fəaliyyət qənaətbəxş deyil. Buna görə belə bir ictimai birliyin yaradılmasına ehtiyac duyduq. Bu zamanın tələbidir.” – cavabını verir. Gürgüstanda 1979-cu ildə dil uğrundakı mübarizə haqqında millətdə dilə həssaslığı təbliğ etmək üçün mətn yazıb paylaşdı.
Orfoqrafiya məsələsində də həssasdır desək, bu yöndə çəkdiyi əziyyəti kiçiltmiş olarıq. O illəri “Orfoqrafiya müharibəsi” adlandırır. Ana dili məsələsində 800 nəfər ziyalı ona qoşuldu. FADMM-da sevgi ilə çalışan ana dilinin təəssübünü çəkənlər toplaşıb. Üzvlərin əksəriyyəti vətən, yurd nisgilli dil təəssübkeşlərdirlər.
Ana dili yaralı yeridir. O yaranın ağrısını “Bilirsiniz TV-lərdə niyə bütün gün çal-çağırdır? Çünki “o biri otaqda” ana dilinə işgəncə verilir. İniltisi eşidilməsin deyə belə edirlər” şəklində hiss etdirir.
Atilla, Onere de Balzak, Mark Yuni Brut, Leonardo da Vinçi – minilliyin adamı, əbu Əli ibn Sina, Frans Kafka və s. məşhur insanlar haqqında yazılarını məşhur bir sayt həmişə öz məhsulu kimi izləyicilərin qarşısına çıxarırdı. Nəhayət, saytın rəhbərliyinə deyildi. Bundan sonra müəllif hüquqları tanındı. Çoxunun işlətdiyi (elə mənim də) “Lazım” obrazını ilk dəfə o yaradıb.
Birinci kitabının adı “Sklerozun xatirələri”dir. Sərlövhə müəllifin skleroz olduğu anlamına gəldiyindən qəsdlə “Bir dəfə dünyada… nə baş verib?” deyə sual verdim. Dedim, bəlkə, üçüncü kitabının adını unudub. Bu həm də onun bir yazısının adıdır.
–  Bir hin gördüm. Hində çoxlu ev quşları vardı. Yaxınlıqdakı hasarın üstündə isə qaranquşlar oturub cikkildəşirdilər. Onlar hər dəfə payız gələndə cənuba uçurdular. Qaranquşlar ev quşlarına cənub haqda danışırdılar: “Orda dəniz var, hər zaman isti olur, hər tərəf gülüstandır”. Toyuq dedi: “Özüm cənuba uçacam”. Bir payız günü səhər tezdən şimal küləyi əsməyə başladı. Toyuq: “Bu, səmt küləyidi, uçmaq lazımdı”, – deyib qanadlarını düzəltdi və hasardan atılıb… bağa düşdü. Axşama yaxın tövşüyə-tövşüyə hinə qayıtdı orda olanlara cənub təəssüratlarını danışdı: “Orda şose yolu var, dünyada görünməmiş maşın karvanı var… Kartof əkən adamlar gördüm. Bağda bağban var idi…”.
Yenə yaz gəldi. Qaranquşlar qayıtdı. Amma hindəki quşlar cənubda dəniz olduğu haqda qaranquşların dediyinə inanmırdılar: “Bizim toyuğun dediyinə qulaq asın!” – deyirdilər bir ağızdan. Hindəkilərin hamısı toyuğu bilici sayırdı. O, özü isə yaxşı bilirdi ki, cənubda olmayıb, olsa-olsa yolun o üzünə keçib.

Bu möhtəşəm cavabdan aydın oldu ki, heç də skleroz deyil. Səsi kimi yaddaşını da bəd nəzərdən qoruyur.
Elə həmin kitabdan “Əgər sizə elə gəlirsə ki, dünyada heç olmasa bircə yaxşı adam olmasa, yaşamaq çətindir, onda bir yaxşı adam tapın.  Dünya, bəlkə, yaxşı adamlardan xali deyil?
Əgər tapmasanız, birindən xahiş edin, yaxşı adam olsun, dünya, bəlkə, utancaq adamlardan xali deyil.
Əgər bu da alınmasa, birini təpiyin altına salıb boynuna qoyun ki, o, yaxşı adamdır.
Bu dəqiqdir, alınacaq. Çünki dünya qorxaq adamlardan xali deyil”, –  fikirlərini də xatırlayaq. Maraqlıdır deyilmi?
 – Oxucularınızın hamısı sklerozdur? – deyə soruşuram. Cavab verir ki, dəqiq deyə bilmərəm. Amma onu bilirəm ki, son zamanlar artır. İşğal olunan rayonlar azad edildikcə…
Aydın olmur,  –  Yəni? – deyə təkrar soruşuram.
– Qonaqlıq söz verənlər vardı: “Bağ belə, bostan belə…”. İndi sklerozluğu tərcih edirlər…– deyir.
– Akademikə neçə sual vermək olar?
Məşhur “Orfoqrafiya müharibəsi” zamanı yazdığı yazıya işarə etdiyimi bilməzmi?
– Akademikinə baxır – deyir – dediyiniz şəxsə o da azdır.
Aspiranturada oxumadığının səbəbini açıqlayan “Bir demaqoq gəncin manifesti” adlı yazısı var. Qətiyyətlə deyirəm ki, o “demaqoq gənc” özündən çox Azərbaycan ədəbiyyatı elminə zərər vurdu. Hansı yazısını oxusam, heyrətlənir, təhlil etmək istəyirəm, amma bilmirəm hansından başlayım. Əminəm ki, nə vaxtsa Vasif Sadıqlının kitabları ədəbiyyatşünasların diqqətini çəkəcək. Çünki bütün ədəbiyyat meyarları var o yazılarda. Onun sözə həssaslığı, sözün yeddi arxa dönəninə bələd olması, eyni zamanda iqtisadi bilikləri bütün mövzuda yazmağına kömək edir. Statusları, köşələri, parodiyaları bütövlükdə cəmiyyətdəki çatışmazlıqlardan xəbər verir. Tənqidi də özünəməxsusdur, duzlu-məzəli. Bəzən də kəskin. Məsələn belə:
“Dörd ay vardı ananın yeznəsi yol çəkirdi
300 manat alırdı, 10 minə  qol  çəkirdi..”
“İnsanların qanını içib sonra köynəyinin qolu ilə ağzını silib həccə gedənlər var” fikirlərinə görə növbəti sualım belə oldu:
 – Hansısa div demişdi ki, adamların zayı çıxıb…
– Düz deyir, halal olsun o divə… Adamlar çox zahirpərəst, utilitarist, hedonist  olublar. Əyalət və paytaxtın periferiyasında kütlə arasında bir ifadə var: “şəxsiyyətli adam”. Bunu kök, boynuyoğun (pardon), ortasına örkən dolanmyan, qalstuklu, üstəlik, sifətində lovğalıq, təkəbbür və s olan adamlara deyirlər. Belələrinə sadə və nəzakətli adamlardan daha çox hörmət edirlər. Adətən, zövqlü, amma sadə geyinirəm. Tələb olunmayan yerə kostyum geymir, qalstuk taxmıram.
 – Yəni eqoist deyilsiniz?
– Deyə bilmərəm. Bəzən elə hesab edirəm ki, dünyada hamı ideal olsaydı, həyat çox monoton olardı. Mənsə həm o monotonluğu pozmaq üçün, həm də eqomun təhriki ilə amplitudanın o biri başına keçib yaramazlıq edərdim. Bunu da etiraf edim…
– Bilsəm, səmimi yazacaqlar, tərif olmayacaq, məhzər yazdıraram…
Vasif müəllim öyrənmək marağımın olduğundan xəbərdar olduğu üçün işlətdiyi bu sözün mənasını da izah edir:
– Nizamülmülkün ən maraqlısı işlərindən biri də o dövrəcən Şərqdə olmayan məhzər yazdırmasıdır. Məhzər indiki terminologiya ilə rəy sorğusu deməkdir. O, bir dəftər tərtib edir və bu dəftərdə hər kəs Xacə haqqında öz rəyini, düşündüklərini, onu necə insan hesab etməsini yazır. Nəhayət, dəftər gedib çıxır “Nizamiyyə” mədrəsəsinin rəhbəri Firuzabadiyə. Mədrəsə müdiri çox qısa şəkildə Nizamülmülkü belə xarakterizə edir: “Həsən xeyrüzzələmə” – yəni Həsən (Nizamülmülk) zalımların ən yaxşısıdır. Dəftər Nizamülmülkün əlinə çatanda oxuyur və Firuzabadinin sözlərinə çatanda deyir: “Böyüklərdən heç kəs onun qədər düz yazmayıb”… /
Adamlar başqalarının xoş niyyətli iradlarından belə xoşlanmır. Təəssüf. Bir dəfə tanışların biri bir dəfə mənə elə bir söz dedi ki, heç vaxt unutmaram: “Üzünü qırxma, elə bilsinlər, dindarsan…” (gülür). Qətiyyən incimədim. Yadıma düşəndə yenə gülürüəm… Adam özünü görmür ki. Başqaları deməlidir, onlar da demir.
 – Tənqid istəyirsiniz?
–  Buyurun.
 – O mənada demədim, yəni Sizi tənqid etsinlər?
–  Obyektiv olsunlar… Elə də təvazökar olmadığımı özüm hiss edirdim. Bunu kimsə demirdi. Bir dəfə dostlardan biri (AMEA-nın akademikidir) mənə dedi (yazdı) ki, elə də təvazökar deyilsiniz, elə mən də… O qədər razı qaldım, o qədər razı qaldım, qədər razı qaldım… hətta sevindim, az qalırdım axşam vaxtı gedim evlərini tapam, bayıra çağırıb əllərini (bir əlini iki əllə daha yaxşı olar) sıxam. Amma koronavirusun tüğyan edən vaxtı idi, düşündüm ki, birdən yanlış anlaşılar. Elə bilər, virusa tutulmuşam, onu da yoluxdurmaq istəyirəm (gülür).
 – Təməlin təməli niyə pis qoyulub?
– Elə deməzdim…  Təməl universaldır. Bəzən əbləhdən daha əbləh, oliqofrendən daha oliqofren, bəzənsə zəkidən daha zəki olur. Sklerozluğu mənə oxşayır. Təməl bir tədbirə məruzə etməyə gedir. Kürsüyə çıxanda görür ki, bütün vərəqlər qarışıb və çıxışa belə başlayır:
–  Bura gələndə nə danışacağımı bir Allah bilirdi, bir də mən. İndi təkcə Allah bilir…
Bəzən Təməlin ciddi olduğu və ya zarafat etdiyi bilinmir. Deyirlər, kəndin birində bir xəndək varmış. Tez-tez sakinlər ora düşüb yaralanırmış. Kəndin böyüklərindən üç nəfər həll yolu axtarmağa başalyır. Birincisi deyir ki, çüxurun yanında bir təcili yardım gözləsin. Xəndəyə düşənləri tezcə xəstəxanaya aparsın. İkincisi deyir ki, xəndəyin yanında xəstəxana açaq, yola vaxt getməsin. Növbə Təmələ çatır: “Sizin başınız işləmir. O boyda həngamə nəyə lazım? Bunu dolduraq, gedək xəstəxananın yanında xəndək qazaq”.
Yəni Təməl deyib keçməyin, dəryadır…
 – “Azərişıq” çoxmu bivəfadır?
– Dünyada bivəfaların sayı biWiFi-lardan çoxdu. “Azərişıq”dan da betərləri var. Deyir, bir qoca kişi ölübmüş. Dəfn zamanı ravvin xahiş edir ki, kimsə ölən adam haqda nəsə xoş söz desin. Şoğərib o qədər yaramaz adam imiş ki, kimsə nəsə demək istəmir. Uzun bir sükut. Nəhayət, bir nəfər dillənir: “Qardaşı bundan da betər idi”.
“Gülüşün də gözəli, eybəcəri olur. İstedad, savad, yumor birləşəndə şifahi xalq ədəbiyyatı siyasi yumor ədəbiyyatına keçir. Onu da bacarmaq üçün gərək ədəbiyyatdan xəbərdar olasan” Bu da onun haqqında gəldiyim qənaətdir.
Mona Lizanın portretini cürbəcür variantlarda işlədiyindən, hətta milliləşdirdiyindən bununla bağlı mütləq sual olmalıdır. Çoxdandır fasilə verib nədənsə. Ona görə də gələcəkdə onunla bağlı qərarı necə olacağı ilə maraqlanıram.
 – Mona Liza ilə bağlı planlarınız…
– Mona Liza haqda nə deyim? O, ictimai mülkiyyət deyil. Onun sözü söylənməz. Feysbukda paylaşdığım başqa Monadır. “Mona Liza var Mona Lizadan içəri”. Siz görən qədəhdir. Əsl aşiqlər yaradılanı Yaradana görə seviblər. Onlar damlanın arxasında ümmanı görə biliblər. Mövlana yazır: «Məcnunun zamanında gözəllər vardı və onlar Leylidən daha gözəl idilər. Fəqət Məcnun bunlara sevgi göstərməmişdi. Ona «Leylidən daha gözəlləri var. Bunlardan birini gətirək» deyəndə «Mən Leylini zahiri gözəlliyinə görə sevmirəm. O, görünüşdən ibarət deyil. Leyli mənim əlimdə qədəh kimidir. Mən o qədəhdən şərab içirəm və o şəraba aşiqəm. Sizin gördüyünüz sadəcə, qədəhdir, şərabdan xəbəriniz yoxdur» demişdi». Eyni fikir – yəni yaradılanı Yaradana görə sevmək, Füzulidə belə ifadə olunub. «Nəqqaş idi nəqşdən muradı». Yəni naxışı bu naxışın yaradıcısına görə sevirdi. Nəqqaş deyəndə yaradıcı – Allah nəzərdə tutulur. Monanın da batini hissəsi var, o barədə təfərrüat bölüşülməz, təxsisati-məsturə kimi… yox ee, eşq sirri kimi gizli saxlanılar… Hamının acığına. Mona Liza Faustun Faust olması üçün nə zamansa aşılacaq Marqarita deyil…
 –  Çoxdan tanışsınız?
–  Ələst bəzmindən sonra, İblis Allahın dərgahından qovulandan əvvəl. Füzuli dəqiq deyib:
Səcdəgah etmişdi eşq əhli qaşın mehrabini,
Qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz.
 – Çox qəliz oldu. Nə isə…
Cavab vermir. Bilmirəm şəbəkənin o başında gülür, ya fikrə gedib.
Yuxu görməyi sevmirəm. Məhz “bir ovuc yalançı ümidə” aldanmamaq üçün yuxu görmək istəmirəm. Gördüyüm yuxuları belə unutmağa çalışıram. Tutaq ki, yuxuda hansısa əlimçatmayan arzuma çatıram ayılandan sonra neynəyim? Yuxu olduğunu bilib ürəyim getməzmi? Məhz buna görə onun  “Adam mışıl-mışıl yatır ha… Orda şirin-şirin yuxular görür ha… Gördüyü hər şeyə inanır ha… Özü də bilmədən çöhrəsində ani bir təbəssüm, məmnunluq yaranır ha… Onu deyirəm. Bilirsiniz niyə belədir? Çünki insanın yalana ən səmimi inandığı vaxt yuxu vaxtıdır. Səni dünyanın sərt reallığının dəhşətlərindən ayırıb bir ovuc ümid verir, bir nəfəslik açır bəzi yuxular.” fikirlərini qəbul etməkdə tərəddüd edirəm.
 –  Dost sözünə əməl edirsiniz?
– “Əvvəlcə adama baxaram, adamdımı? Sonra sözə baxaram, sözdümü? Sonra çaydana baxaram, çay varsa, içərəm, yoxdusa, təzəsini dəmlyəyərəm”. Orta əsrlərə aid bir müəllifin bu sözlərini tez-tez xatırlamalı oluram: “Mən dünyada istədiyim dostu tapmadım. Sən tapsan, məndən ona salam söylə” (gülür). Təbii, istisnalar da var.
 – “Bir dəfə dünyada…” kitabınızın mündəricatındakı dost sözü başlıqlı üçlüyə əsasən ürəklənib vermişdim sualı amma pərt oldum (indi mən gülürəm).
Nikbin, “indiki dillə” desək, pozitiv insandır, ən çətin məqamda hər şeyin yaxşı olacağına inanır, problemlərlə zarafat edir, bir şeydən qanın qaralıb şikayətlənəndə elə fikirlər bildirir ki, sən də pozitiv olursan. Hər şeyin mütləq yaxşı olacağına inanır. Adamı da inandırır. Ona inanıram. Dəqiq insandır. Boşuna söz söyləməz, dediyi hər fikrə də cavabdehdir. Təsirinə düşür, növbəti dəfə mən də heç nəyi problem saymıram.
Bəyəndiyim qalaq-qalaq yazılarının içində bir də
“Dünyanın ən gözəl gülü – o hələ açmayıb,
Dünyanın ən gözəl leysanı – o hələ yağmayıb
Dünyanın ən gözəl mehi – o hələ əsməyib
Dünyanın ən gözəl göy qurşağını hələ kimsə görməyib.
O gülü də qoxlayacağıq, o leysanda islanacağıq, o meh də əsəcək üzümüzə, o göy qurşağı da doğacaq” kimi işıq saçan inamı var. Öz-özünə yaranan dostluqdan öz-özünə də inam doğar. Özü boyda işıq insan – Vasif Sadıqlı! Onu tanıdığıma şadam. Allah sizi də şad eləsin. Bu özünüzdən də asılıdır. Şad olmaq istəyirsinizsə, tanımaq bir yana, onu izləyin.
Qarabağ uğrunda təzədən başlayan döyüşlərin nəticəsində işğaldan azad edilən rayon və kəndlərin sevincini yaşayır, dostlarla bölüşür. Ümidliyəm ki, qələbə xəbərini də bir səhər tezdən Vasif Sadıqlıdan eşidəcəm. “İlk xəbər”in ilk xəbərçisidir o.

Yazı 4 noyabr 2020-ci il tarixində ilkxeber.org saytında dərc olunub






Oxşar xəbərlər