COVİD-19-dan ölənlərin sayı 2,4 milyonu keçdi


  • 19:00 / 14 02 2021 |
  • Bölmə: Səhiyyə


Dünyada koronavirus pandemiyasından ölənlərin sayı 2,4 milyonu ötüb. Koronavirusa yoluxanların sayı isə 109,1 milyon olub. Virusa yoluxan xəstələrin 81,2 milyonu sağalıb.

Ölkələrdə pandemiya ilə bağlı son vəziyyət necədir?

ABŞ-da koronavirusdan ölənlərin sayı sürətlə artmaqda davam edir. Son statistik məlumata görə, ölkədə virusdan ölənlərin sayı 496 min nəfərə çatıb. Ümumilikdə isə bu günə qədər ABŞ-da 28,1 milyondan çox yoluxma sayı qeydə alınıb.
Ölkə rəsmiləri mövcud vəziyyətin qarşısını almaq üçün sürətli vaksinasiya prosesi aparmağa çalışır. Qeyd edək ki, bu günə qədər yalnız 46.39 milyon insan peyvənd olunub.

Sürətli vaksinasiya prosesini aparmaq məqsədlə bu günlərdə ölkənin Müdafiə Nazirliyi daha 20 hərbçi komandasını proqram üçün səfərbər edib. Bununla da koronavirusa qarşı vaksinasiya proqramının icrasına cəlb edilən hərbçilərin sayı 4700-ə çatdırılıb. Ümumilikdə Pentaqon vaksinasiyanın icrası prosesinə 19 min hərbçi ilə dəstək verməyi nəzərdə tutur.

Hindistanda da koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır. Bu günə qədər ölkədə 10,9 milyondan çox yoluxma , 155 mindən çox ölüm halı qeydə alınıb. Qeyd edək ki, Hindistan dünyada sürətli vaksinasiya prosesi keçirən ölkələrdən biri hesab olunur. Ölkədə vaksinasiya prosesi başladılandan bu günə qədər 7 milyondan çox insan peyvənd olunub. Bu arada Hindistanın özü vaksin istehsal etməklə dünya ölkələri ilə rəqabətə girməyə başlayıb. Hindistanın istehsal etdiyi vaksin Butan, Nepal, Əfqanıstan, Şri-Lanka, Mavrikiya, Oman, Nikaraqua, Afrika və Sakit okean ölkələrinə göndərilməyə başlayıb.

İsraildə isə bu günə qədər 721 mindən çox yoluxma halı qeydə alınıb. Bununla belə İsrail sürətli vaksinasiya prosesi aparmaqdadır. 8,9 milyon əhalisi olan ölkədə artıq 5,5 milyondan çox insan peyvənd olunub. Bununla da İsrail dünyada əhalinin vaksinasiya faizinə görə liderdir.
İtaliyada isə yenidən pandemiya ilə bağlı vəziyyət ağırlaşmağa başlayıb. Nəticədə ölkə rəsmiləri yenidən karantin rejimində sərtləşdirmə ilə bağlı qərarlar qəbul edib. Beləliklə İtaliyada regionlar arası səyahət qadağasının 25 fevrala qədər uzadılıb. Həmçinin 14 fevraldan etibarən Abruzzo, Liquriya, Toskana regionları və Trentino muxtar bölgəsindəki epidemioloji vəziyyətə "narıncı səviyyə" veriləcək. Bundan irəli gələrək sözügedən yerlərədə restoran və muzeylər bağlanacaq. İtaliyanın qalan bölgələri "sarı" zonada qalır: bar və restoranlar yerli vaxtla saat 18:00-a qədər ictimaiyyətə açıqdır, gecələr ölkədə komendant saatı tətbiq olunur. Qeyd edək ki, bu günə qədər İtaliyada 2,7 milyondan çox yoluxma, 93 mindən çox isə virusdan ölüm halı qeydə alınıb. Bununla da İtaliya koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında 8-ci sıradadır.

İranda isə koronavirusun mutasiyaya uğramış “Braziliya” ştammı aşkarlanıb. Ölkənin səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki bildirib ki, ötən günlərdə Tehranda heç yerə səfər etməyən 71 yaşlı qadının mutasiyaya uğramış virus nəticəsində ölməsi, Qəzvin vilayətinin Abyek, Əlborz vilayətinin Həştgerd şəhərlərində oxşar hadisələrin baş verdiyi yeni versiyanın İranda yayıldığını sübut edir. Nəməki əlavə edib ki, koronavirusun mutasiyaya uğramış versiyası bu virusun yayılmasının qarşısını almaq üçün ciddi həyəcan siqnalıdır: “Mutasiyaya uğramış koronavirus Avropada ən güclü səhiyyə sistemini diz çökdürüb. İran üçün çətin günlər başlanır. Buna görə İranda bu virusla mübarizəyə hazır olmaq lazımdır”.

Qeyd edək ki, bu günə qədər İranda 1,5 milyondan çox koronavirusa yoluxma, 59 minə yaxın isə ölüm halı qeydə alınıb.

Xalidə Gəray
Musavat.com




Oxşar xəbərlər