COVİD-19-un Avropa üçün niyə təhlükəlidir? – Elmi yanaşma


  • 14:00 / 28 04 2020 |
  • Bölmə: Səhiyyə

 
Mirzə Ələkbər Sabir Fondunun prezidenti, BDU-nun dosenti Sevda Tahirli dünyanı saran COVİD-19 pandemiyasına bağlı fərqli rakursdan yanaşaraq maraqlı iddia ilə çıxış edib. İxtisasca bioloq olan Sevda Tahirli pandemiyanın yayıldığı arealda hansı qan qrupundan olan insanların daha çox əziyət çəkdiyini, yoluxduğunu araşdırıb və çox maraqlı araşdırma ortaya qoyub.  
 
Rupor.az həmin araşdırmanı təqdim edir
 
***
 
Son 5 ayda dünyanı görünməyən təhlükəyə qarşı birləşdirən, evlərə sıxılmağa məcbur edən, kütləvi karantin rejiminə keçirən COVİD-19 pandemiyası günümüzün real təhlükə səbəbidir. Əslində əsas hədəfi insan həyatı olsa da, iqtisadi, sosial, mənəvi  sahədə də ciddi çatlar yaradıb. COVİD-19 virusunun meydana çıxma, belə desək yaranma (bəlkə də yaradılma) mənşəyinin mənsubluğu da birmənalı qarşılanmadığından insan narahatlığının artan istiqamətdə dəyişməsinə səbəb olur. Ən ciddi səbəblərdən biri onun təkbaşına deyil, insanın özü ilə illər boyunca daşıdığı xəstəliklərlə birgə sinergik (daha da güclənən) təsir nümayiş etdirməsidir. Qrip və kəskin respirator virus infeksiyalarından fərqli olaraq əksər hallarda asimptomatik gedişə malik olan bu virus, insana çox tez və asan uyğunlaşa bilmə  qənaətini formalşadırmaqla yanaşı, onun təhlükəsinin yüksək dərəcəsinin azaldılması yönündə ciddi tədbirlərin görülməsi öhdəliklərini önə çəkir. Bu səbəbdən problemin istənilən yöndən həll olunması istiqamətində aparılan tədqiqatlar və alınan nəticələr, hətta ilkin mərhələdə olmuş olsalar belə, hadisələrin gedişinin nəzarətdə saxlanılması məqsədilə ciddi analiz, düzgün proqnozlaşdırılma və zamanı keçməyən  dəyərləndirmələr tələb edir. Nəyi nəzərdə tuturuq? 
 
Bu araşdırmada diqqətinizi bu virusa qarşı həssaslığın insanların mənsub olduqları qan qrupundan  birbaşa asılılığa yonəltmək istəyərdim. 
 
Bildiyimiz kimi, xəstəliyin episentri olan Çində bir qrup  mütəxəssis tərəfindən bu virusa qarşı həssaslığın insanların mənsub olduqları qan qrupundan birbaşa asılılığını sərgiləyən ilkin müşahidələr açıqlandı. Araşdırmalar nəticəsində məlum olur ki,  Uxanın 3694 normal sakini arasında qan qrupu paylaşımı  33,84%(O, yəni I qan qrupu), 32,16 (A, yəni II qrup), 24,90 (B, yəni III qrup), 9,10(AB, yəni IV qrup) və təşkil etdiyi halda, Wuhan Jinyintan  xəstəxanasında yerləşdirilən 1775 nəfər  COVİD-19-a yoluxanlarından 25,80% (O), 37,75% (A), 26,42% (B), 10,03% (AB)  qan qrupu daşıyıcıları olub. Həmin dövr üçün xəstəlikdən ölən 206 nəfər arasında  - 25.24% (O), 41.26%(A),  24.27% (B),  9.22% (AB) olub. Diqqət yetirdinizsə, A qrupu, yəni bizim bildiyimiz II qan qrupundan olan daşıyıcılar  risk qrupuna liderlik edirlər. 
Əslində COVİD-19-un qan qruplarına görə selektiv yayılmasınının  belə  xarakteri köhnə ssenarinin yeni repetisiyasını xatırladır.


 
Məsələ bundadır ki, 1914-1918- ci illərdə I Dünya müharibəsi illərində Makedoniya səhra  hospitalında qanköçümə ilə məşğul olan alman həkimlər Gerşfıld cütlüyü ağır xəstələrə qanköçürmə ilə məşğul olarkən xəstələrin qan qruplarının təyini statistikasını aparmışdılar. Müharibənin sonunda onların əlində  müxtəlif xalqlar və millətlərin nümayəndələri arasında qan qruplarının yayılması barədə xeyli məlumat yığılmışdı. İlk dəfə məhz Gerşfeldlər hər çoğrafi ərazinin əhalisi arasında müəyyən bir qan qrupunun daha çox yayıldığını müşahidə edirlər. Bu cütlük əllərində olan faktlara əsaslanaraq 1919-cu ildə  Britaniyanın “Lancet” jurnalında “A qan” qrupunun Avropada,  Şərqə doğru isə paylanma üstünlüyününü tədricən B qan qrupuna keçməsi haqda məqalə çap etdirirlər. Belə qeyri-bərabər paylanmanın səbəbi barədə çox fikirlər səsləndirilir.  Cəmiyyət tərəfindən birmənalı qarşılanmayan, hətta  elə ilk zamanlardan müəllifi alman nasistləri olan qeyri-humanist, eləcə də alçaldıcı diskriminativ yanaşmaya yol açacaq  nəzəriyyəyə səbəb olan  bu məlumatın tam mənzərəsi  daha sonralar “Qan qrupunun ölkələr arasında paylanma atlası” tərtib olunarkən daha da dəqiqlənir. Dünya üzrə paylanma tezliyinə görə ikinci yerdə olan, lakin Avropada nədənsə yayılma tezliyində dominantlıq təşkil edən A (II) qan qrupunun  paylanmasının izahı alman tədqiqatçıları Fogel və Pettenqofer tərəfindən verilir. Səbəb olaraq orta əsrlərdə  bu əraziləri ağuşuna almış irimiqyaslı taun  pandemiyası olduğu göstərilir və faktlarla əsaslandırılır. Xəstəliktörədəcinin antigeni  insan qanının  antigeni ilə oxşar olduqda sahib orqanizmin müdafiə sistemi onu tanıya bilmir və nəticədə  ona qarşı müdafiə mexanizmi işə salınmadığından orqanizm bir müddət müdafiəsiz qalır. Bu şərtlərdə müqavimət görməyən xəstəliktörədicisi tam proqramla məhvedici fəaliyyətə keçir. Taun çöpu antigeninin O (I) qan qrupu antigeninə bənzərliyi bu halda O qan qrupu daşıyıcılarını risk qrupu liderlərinə çevirir. Fogel və  Pettenqoferin fikirlərinə görə, taun çöplərinın antigenləri O qan qrupunun H antigenlərini xatırlatdığına görə vaxtilə bu ərazilərdə kütləvi ölümlərin baş verməsinə və bununla da O qruplu əhalinin sayının kəskin azalmasına səbəb olub. Buna görə də Avropada O(I) qan qrupu daşıyıcıları liderliyi A(II) qan qrupu daşıyıcılarına verib. Maraqlıdır ki, nəzəriyyə Qərbi Benqalda (Hindistan) baş verən çiçək epidemiyasının gedişi zamanı öz təsdiqini tapıb. Belə ki, xəstəliyə tutulmuş 200 pasientin 50%-dən çoxu (106 nəfər ) A qan qrupu daşıyıcıları olur. Xatırladılıq ki, Hindistanda  əhali arasında   B( III) qan qrupu say etibarilə liderdir). Ədəbiyyat məlumatlarından bəllidir ki,  çiçək virusu antigeni A qan qrupunun antigeninə çox bənzəyir. 
 
Hazırda dünya üzrə O qrupu - 45%, A qrupu-35%, B qrupu - 13% , IV qrup – 8 % olsa da, Avropada A qan qrupu daşıyıcıları  say baxımından dominantlıq təşkil edir. Beynəlxalq Qırmızı Xaş Komitəsi tərəfindən  donorlar barədə əldə edilmiş statistik göstəricilərə görə Avropanın bir çox ölkəsində - İspaniya (48%), Norveç (48%),  Portuqaliya (46%), Belçika (45%)  Fransa (44%),  İsveç( 44%),  Macarıstan (44%), Avstriya (44%),  Danimarka (44%), Almaniya (43%), İtaliya(42), Türkiyə(42%),  Finlandiya (42%), İzrail (38%), Polşada (38%) üstünlüyü əlbbəttə ki, A(II) qan qrupu daşıyıcıları təşkil edir. Bu statistika düşüncələri COVİD-19 təhlükəsinin Avropa ölkələrində daha agressiv şəkildə gedə biləcəyini ehtimal etməyə yönləndirir. 
 
Bundan əlavə, qan qrupu ilə xəsətliklər arasında ciddi  əlaqənin olduğu fikrini  təsdiqləyən araşdırmaçılara istinad etsək digər qan qrupu daşıyıcıları ilə müqayisədə daha çox A(II) qan qrupu daşıyıcıları tənəffüs yollarınıın, xüsusilə də ağcıyər xəstəliklərinə qarşı yüksək həssaslıq göstəririlər. Çinli həkimlərin müşahidələri və haqqında danışdığımız bu iki fakt COVİD-19 virusuna yoluxma ilə A(II) qan qrupu daşıyıcıları arasında yüksək korrelyasiyanın olmasını göstərməklə yanaşı, bunun gələcəkdə ölkələr arasında qan qrupunun paylanma xəritəsində  ciddi dəyişikliklərə səbəb ola biləcəyi  etimalı barədə də düşünməyə vadar edir. Xəstəliyin miqyasının genişliyi baxımından  ilkin  müşahidələrin nəticələri hələ tam qənaət üçün kifayət etməsə də bu istiqamətdə ciddi tədqiqatların genişləndirilməsinin vacibliyini göstərilir.
Bu məqalə ölkəmizdə yaşayan II qan qrupunda olan vətəndaşlarımız, soydaşlarımız üçün heç də həyacan təbili olmamalıdır. Azərbaycanda pandemiyaya qarşı aparılan tədbirlər, gücləndirilmiş karantin rejimi və təcridetmə yüksək səviyyədə həyata keçirildi. Çox böyük ümidimiz var ki, bu xəstəliyin təhlükə mərhələsini aşmışıq. Qalır gələcək üçün görəcəyimiz işlər və keçmişdəki təcrübədən yararlanma. 
     
Sevda Tahirli, 
Mirzə Ələkbər Sabir Fondunun prezidenti,
BDU nun dosenti
 



Oxşar xəbərlər