“Meymun çiçəyi” dünyanı vahiməyə salıb - Azərbaycanda vəziyyət necədir...


  • 13:07 / 23 05 2022 |
  • Bölmə: Səhiyyə


Avropa ölkələrində son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusuna yoluxma halları Azərbaycanda da cəmiyyət arasında təşvişə səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada “meymun çiçəyi” xəstəliyinin aşkarlandığı ölkələrin sayı 13-ə, virusa yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı 100-ə yaxındır.
Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya, Niderland, Yunanıstan, İsveçrə və İspaniya da daxil olmaqla, bəzi ölkələrdə yoluxma halları müəyyən edilib.

Yayda infeksiyanın "yayılması sürətlənə bilər"

ÜST-ün məlumatına görə, bununla bağlı xüsusi peyvənd yoxdur və qarşıdan gələn yay mövsümündə “meymun çiçəyi” xəstəliyinin yayılma təhlükəsi var.

Əlamətləri hansılardır?

İlkin simptomlara qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.
Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.
"Meymun çiçəyi" virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür. Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər.

"Meymun çiçəyi" nə qədər yayğındır?

İnfeksionist Nicat Əzimli Bakivaxti.az-a bildirib ki, “Meymun çiçəyi” virusu suçiçəyi infeksion xəstəliyinə bənzəyir.
"Lakin əsas fərqi indiyə kimi zoonoz xəstəlik olaraq qalması idi. Suçiçəyi isə tamamilə insandan insana ötürülən antroponoz xəstəlikdir. Bundan əlavə suçiçəyində xəstəlikdən sağaldıqdan sonra dəridə çapıq toxuması qalmır, "meymun çiçəyi" isə dəridə izlər buraxa bilər", - deyə N.Əzimli bildirib.
O qeyd edib ki, "Meymun çiçəyi" Qərbi Afrikada və Konqoda arabir rast gəlinirdi: "Amma insandan insana ötürülmə halları az baş verdiyi üçün yayğın bir xəstəlik sayılmırdı".

Müalicəsi nədir?

"Hələ ki, təsdiqlənmiş hər hansı antiviral, etiotrop dərman yoxdur. Patogenetik və simptomatik müdaxilələrlə orqanizmə dəstək müalicəsi aparılır. Ən vacibi budur ki, əksər hallarda xəstəlik 2-4 həftə ərzində öz-özünə sağalır. Ölüm halları 1%-dən artıq deyil. Buna görə də ciddi narahatlıq üçün əsas yoxdur", - deyə infeksionist N.Əzimli bildirib.
Həkim vurğulayıb ki, çiçək xəstəliyinin vaksini "meymun çiçəyi" xəstəliyindən də qoruyur: "Buna görə də 1980-ci illərdən əvvələ qədər çiçək vaksinasiyasında iştirak etmiş şəxslərin bu xəstəliyə də qarşı immuniteti var".

Ramid İbrahimov (bakıvaxtı.az)




Oxşar xəbərlər