Hakimlə vəkil arasında 500 manatlıq qalmaqal


  • 23:33 / 14 02 2022 |
  • Bölmə: Şikayət


Vəkil Qanqa İbrahimov qaldırdığı vəsatətə görə məhkəməyə sədrlik edən hakim tərəfindən cərimə olunub.


"Rupor" xəbər verir ki, bu barədə APA-ya vəkil özü məlumat verib.

Q. İbrahimov bildirib ki, bu gün Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə müdafiə etdiyi şəxsin işi ilə bağlı vəsatət qaldırıb, lakin hakim Elman Məmmədov vəsatətin əsassız olduğunu bildirərək onun 500 manat cərimə olunduğunu elan edib.

Qanqa İbrahimov isə iddia edir ki, hakimin onu cərimə etməsinin əsl səbəbi vəsatətin əsassız olması yox, onun məhkəmə prosesinin təyin olunmuş vaxtdan gec başlamasına etiraz etməsidir.

“Prosesin təyin olunmuş vaxtdan gec başlamasına etiraz etməyim hakimin xoşuna gəlmədi. Buna görə məhkəmə başlayan kimi ilk vəsatətimi rədd edərək, cərimə olunduğumu elan etdi”.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə dəyişiklik edilməsi barədə layihə ötən il Milli Məclis tərəfindən qəbul edilib.

Dəyişikliyə görə, Mülki Məcəlləyə yeni - 174.5-ci maddə əlavə edilib. Yeni maddəyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tez baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneə törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər.



Oxşar xəbərlər