Vüqar Zifəroğlu Medianın İnkişafı Agentliyinin yaradılmasını belə dəyərləndirdi


  • 09:01 / 14 01 2021 |
  • Bölmə: Siyasət


"Əhməd müəllim media və jurnalistika sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan,  mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan bir kadrdır. İnanıram ki, biz yaxın gələcəkdə Əhməd müəllimin və onun rəhbərlik etdiyi Agentliyə olan ümidləri artıqlaması ilə doğruldacağına şahid olacağıq"

Azərbaycan Prezidentinin 12 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru təyin edilib.
Medianın İnkişafı Agentliyinin yaradılması mediamızın bu günü və gələcəyinə nə vəd edir? Ekspertlərin məlum dəyişikliklərədn gözləntiləri nədən ibarətdir?
Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru  Vüqar Zifəroğlu, Medianın İnkişafı Agentliyinin yaradılmasının medianın inkişafına böyük töhfə verəcəyini qeyd edib:



“Ölkə başçısının məlum fərmanı olduqca əhəmiyyətli bir fərmandır. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə böyük töhfələr verəcək.
Fərmanda da qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir.
Media hər zaman dinamik və dəyişkən bir sahə olub. Çünki texnologiyalar inkişaf edir, jurnalistikanın özü simasını dəyişir və s. Bu gün biz XIX əsrdəki jurnalistika iləXX əsr jurnalistikası arasında nə qədər böyük fərq görürüksə, XX əsr jurnalistikası ilə XXI əsr jurnalistikası arasında  o qədər böyük fərq var. Bu fərq getdikdə daha qabarıq şəkildə özünü göstərir. Çünki janrlar dəyişir, jurnalistikanın prinsipləri, jurnalistikanın fəlsəfəsinə baxış dəyişir. Bu mənada Medianın İnkişafı Agentliyinin yaradılması son dərəcə əhəmiyyətli və ciddidir.
Bu baxımdan hesab edirəm ki, cənab prezidentimizin imzaladığı bu fərman mediamızın bu günü və gələcəyi baxımından böyük əhəmiyyətə malikdir. Odur ki, məlum yenilik mediamız və jurnalistlərimiz üçün xeyirli-uğurlu olsun deyirəm. İnanıram və əminəm ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın inkişafına çox böyük dəstək verəcək.
Ölkə başçısının sərəncamı ilə Əhməd İsmayılovun Medianın İnkişafı Agentliyinin İcraçı direktoru vəzifəsinə təyin edilməsi də təqdirəlayiqdir. Əhməd müəllim media və jurnalistika sahəsində mütərəqqi, yenilikçi baxışlara sahib olan,  mediamızın fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq potensialına malik olan bir kadrdır. İnanıram ki, biz yaxın gələcəkdə Əhməd müəllimin və onun rəhbərlik etdiyi Agentliyə olan ümidləri artıqlaması ilə doğruldacağına şahid olacağıq.
Mən Medianın İnkişafı Agentliyinə, onun bütün kollektivinə və hörmətli Əhməd müəllimə bu mühüm fəaliyyətdə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm”.





Seymur ƏLİYEV (Moderator.az)






Oxşar xəbərlər