"Ramiz Mehdiyev tamamilə neytrallaşdırılmalıdır" - Sülhəddin Əkbər


  • 22:41 / 27 02 2021 |
  • Bölmə: Siyasət


"Ermənistanda baş verən çevriliş cəhdi Azərbaycan dövləti, xalqı, hakimiyyəti üçün də hər mənada dərs çıxarılmalı hadisələrdir".


"Rupor" xəbər verir ki, bu fikirləri Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a açıqlamasında bildirib.


Partiya sədri deyib ki,  ki,  Azərbaycanda Rusiyanın ”5-ci kolon"unun olması ilə bağlı fikirlər intensiv olaraq səsləndirilirsə,  onların  hakimiyyətdə çox güclü mövqelərə sahibləndikləri vurğulanırsa, bu, Azərbaycan üçün böyük təhlükə mənbəyidir, ona görə də çox böyük təmizlənmə aparılmalıdır.:


"Böyük təmizlənmə deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni Azərbaycan sistemli, ardıcıl mərhələli metodik şəkildə dövlət və hökumət strukturlarını bu “5-ci kolon”dan təmizləməlidir. Belə olmayan halda təbii ki, bu qüvvələr daxilimizdə qaldıqca təhlükə də daxilimizdə hər zaman qalacaq".


S.Əkbər hesab edir ki, Azərbaycan daxildə  təmizləmə aparmağa  yubandı: 


" Düzdür, müharibə ərəfəsində və müharibənin gedişində təmziləmə istiqamətində bəzi addımlar atıldı. Ramiz Mehdiyevin Prezident Administrasiyasından çıxarılması, Nəcməddin Sadıkovun Baş Qərargahdan uzaqlaşdırılması müsbət addımlar idi. Amma görün necə atıldı bu addımlar, Ramiz Mehdiyev bu gün də problem olaraq alır, Nəcməddin Sadıkovun harada olması haqqında isə Azərbaycan ictimaiyyətinin heç bir məlumatı yoxdur. Bu şəxslərdən birinin dövlət idarəetmə sistemində rayonlardan mərkəzə qədər adamları, uzantıları hələ də qalır, birinin isə silahlı qüvvələrdə, orduda yerləşdirdiyi çoxsaylı kadrlar qalır. Ona görə də Azərbaycan hakimiyyəti böyük təmizləməni mütləq aparmalıdır. Ermənistanda məhz baş qərargah rəisinin və az qala ordunun bütün rəhbərliyinin hərbi çevriliş cəhdini Azərbaycan hakimiyyəti də böyük təmizləmə aparmaq üçün siqnal kimi qəbul etməli və təcili hərəkətə keçməlidir.


Böyük təmizləmənin gecikməsindən bizim narahatçılığımız davam edir. Azərbaycanın vətənini sevən, milli maraqlardan çıxış eləyən bütün müxalifət müharibədə olduğu kimi bu məsələdə də dövləti, dövlət başçısını müdafiə eləməyə hazırdır. Təki bu böyük təmizlənmə başlasın. Özü də düşünməyin ki, “5-ci kolon” təkcə ordudadır, bu, Prezident Administrasiyasından tutmuş, bütün hüquq-mühafizə orqanları, təhsil sisteminə, dini sisteminə qədər yerləşdirilib. Bunu az-çox bilənlərdən biri də mənəm. Yerləşdirilən həmin şəbəkənin nə qədər güclü olduğu haqqında sizin təsəvvürünüz belə yoxdur".


S.Əkbər qeyd etdi ki, Azərbaycanda bu, bir milli problemdir, milli məsələdir. Bu məsələdə milli birliyə ehtiyac var: “Bu da əslində müharibənin davamıdır. Buna belə baxmaq lazımdır. Bu, əslində, 44 günlük müharibədən də çətin bir müharibə olacaq. Çünki bunun görünməyən tərəfləri çoxdur və uzun müddət tələb edir. Ermənistan hakimiyyəti çəkinirdi böyük təmizlənmə işi aparmaqdan. Gördünüz nələr baş verdi və baş verməkdədir.


Azərbaycanda dediyim kimi, müharibə ərəfəsində və müharibənin gedişində təmizlənmə istiqamətində bəzi addımlar atılıb. Amma bunlar təhlükənin aradan qalxması üçün yetərli deyil. Bu problem Azərbaycanda qalır. Azərbaycan elə bil gizli düşməni yaralayıb. Yaralı düşmən daha təhülkəlidir. Heç kim düşünməsin ki, bu problem tam həll olunub. Tam tərsinə, problem daha da aktuallaşıb və daha da təhlükəli hala gəlib. Sabah məsələn, Nəcməddin Sadıkovun haradan hansı qiyafədə peyda olub-olmayacağı bəlli deyil. Ramiz Mehdiyevin sabah hansı prosesə start verib-verməyəcəyi də həmçinin. 


Bu adamlar və bütün uzantıları tamamailə neytrallaşdırılmalıdırlar, tam təsirsiz hala gətirilməlidirlər. Ona görə də Azərbaycanda illüstrasiya haqqında qanun qəbul olunmalıdır və məsələnin qanunvericilik bazası yaradılmalıdır, bu baza əsasında da normativ sənədlər hazırlanmalı və bunun ardınca bütün hakimiyyət və hökumət strukturlarına fəaliyyət planı getməlidir. Bundan sonra isə sistemli böyük təmizlənmə başlanmalıdır. Bunun üçün də bütün millətlə dövlət səfərbər olmalıdır”.





Oxşar xəbərlər