Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ölkəsində səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşüb. 

"Rupor" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə media, mədəniyyət, serial və kino sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

F. Altun bildirib ki, “Bir millət, iki dövlət” şüarı sadəcə sözdən ibarət deyil, Qarabağın işğaldan azad edilməsində Türkiyə Azərbaycanla media sahəsində də yaxından əməkdaşlıq edib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan mədəniyyət sahəsində əməkdaşlığı gücləndirir.

F. Altunun sözlərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən üç dildə çap edilən “Qarabağda 44 Gündə Gələn Zəfər” kitabı Türkiyə-Azərbaycan qardaşlığının nişanəsidir.

“Türkiyə Prezidentinin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı faciəsi kimi tarixi hadisələr haqda birgə serial və film layihələrini həyata keçirəcəyik”, - deyə F. Altun qeyd edib.

F. Altun onu da bildirib ki, Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyası dünyaya çatdırılmalıdır: “Azərbaycanla həmrəylik bizim milli vəzifəmizdir. Cənab Prezidentimizin Azərbaycan Prezidenti İlham Əliyevlə qardaşlığına şahidəm”. 

A. Kərimov qeyd edib ki, Azərbaycan Türkiyənin dəstəyini heç zaman unutmayacaq: “Qardaş Türkiyənin dəstəyini ancaq Qarabağ Savaşında yox, bütün tarix boyunca hiss etdik. 100 il əvvəl Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanı, Bakını işğaldan qurtarmışdıq. Türk dövlətinə və qardaşlarımıza təşəkkür edirik. Bu dəstəyi heç vaxt unutmadıq, unutmayacağıq”. 

Nazir vurğulayıb ki, Ermənistanın Qarabağda maddi-mənəvi irsə vurduğu ziyanın miqyasını dünyaya göstərmək üçün “Peace for Culture” adı altında başladılan kampaniyaya Türkiyənin də dəstək verəcəyi gözlənilir: “Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı faciəsi kimi tarixi hadisələrin birgə istehsalla həm sənədli film, həm də film şəklində dünyaya çatdırılması Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının simvolları olacaq”.







Oxşar xəbərlər