Yeni Dünya Nizamı: iddialar, hədəflər və qlobal aktorlar - Analiz


  • 15:21 / 03 06 2020 |
  • Bölmə: Siyasət


Emin Arif Şıxəliyev
Tarix üzrə elmlər doktoru
 
“Yeni Dünya Nizamı”, onun mahiyyəti, pərdəarxası məqamları, bəşəriyyətə etdiyi vədlər, bu nizamda dünya dövlətlərinin yerinin necə olacağı ilə bağlı məsələlər son dövrlərdə elmi dairələrdə daha çox müzakirə olunan mövzulara çevrilib. Ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, politoloqların, analitiklərin, elm adamlarının “Yeni Dünya Nizamı” haqqında müxtəlif fikirlər səsləndirməsi istər-istəməz bu məsələnin son dərəcə ciddi olduğundan xəbər verir. Ümumiyyətlə, ixtisasından və tutduğu vəzifədən asılı olmayaraq, hər kəsin “Yeni Dünya Nizamı” haqqında özünəməxsus düşüncələri vardır. Əksər insanlar dünyanın gələcəyi naminə bu nizamın vacibliyini düşünür və onu sivilizasiyalar arasındakı anlaşmazlıqların qarşısını almağa yönəlik mühüm bir addım olaraq sayır, beynəlxalq terrorizmin kökünün kəsilməsi, irqçiliyin, dini ekstremizmin, xaos şəraitinin aradan qaldırılması üçün məhz bu nizama xüsusi ehtiyac olduğunu vurğulayır, Yeni Dünya Nizamının mahiyyətini Qərb həyat tərzinin, Qərbin mənəvi dəyərlərinin cəlbediciliyi, humanistliyi, qabaqcıllığı və liberallığı ilə əsaslandırır, universallaşma və inteqrasiya vasitələri ilə bütün dünyada bəşəriyyətin məhz bu dəyərlərlə tərbiyə edilməsinin və mənəvi cəhətdən qidalandırılmasının zərurətə çevrildiyi yöndə həmrəylik nümayiş etdirirlər.

Digər düşüncəyə görə isə, Yeni Dünya Nizamı dünyanın güc mərkəzləri arasında yenidən bölüşdürülməsindən başqa bir şey deyildir. ABŞ, Rusiya, Çin, Avropanın aparıcı dövlətləri bu nizamı özlərinin müəyyən etdikləri qayda əsasında reallaşdırmağa çalışaraq, yeni geostrateji layihələr cızırlar. 
Bütün bunlarla yanaşı, Yeni Dünya Nizamının böyük iqtisadi güc ilə beynəlxalq siyasətə təsir etmə imkanlarına malik olan pərdəarxası gizli güclər (Rotşild, Rokfeller, Du Pont, Morqan, Astor, Vindzor, Habsburq, Openheimer, Lee, Soros, Onassis, Kollins, Bundi, Russel, Reynolds, Friman və s.) tərəfindən ortaya atılmış bir plan olduğu da iddia edilir. İddiaya görə, “Yeni Dünya Nizamı” olaraq adlandırılan sistem əslində transmilli şirkətlərin əldə etmək istədiyi dünya diktatorluğudur ki, bunun da başında dünyanın bütün enerji qaynaqlarına sahib olmağı və tək dünya dövləti qurmağı hədəfləyən nəhəng şirkətlərin idarəçiləri dayanır.

Əlbəttə ki, hər bir düşüncə və iddiada bu və ya digər dərəcədə haqlılıq payı vardır. Müasir beynəlxalq proseslərə nəzər saldıqda, hansı düşüncənin daha çox ağırlıq qazandığını məhz oxucular özləri təhlil edərək müəyyən qərara gələ bilərlər.
Bütün bunlar barədə 2020-ci ildə “Əcəmi” nəşriyyatında nəşr olunmuş “Yeni Dünya Nizamı və onun mahiyyəti” əsərimdə təfsilatlı şəkildə məlumat verildiyindən üzərində çox da durmaq niyyətində deyilik.

Biz bu məqalədə Yeni Dünya Nizamının reallaşması, bu istiqamətdə ortaya atılan vasitələr və bəhanələrdən bəhs etməyi, irəli sürülən iddiaları təhlil etməyi məqsədəuyğun hesab edirik. Son günlərdə dünyanı öz məngənəsinə alan koronavirus ilə bağlı həkimlər, politoloqlar, siyasi və iqtisadi ekspertlər, komploçular, ilahiyyatçılar və s. özlərinəməxsus şəkildə təhlillər aparır, fərqli yanaşmalar ortaya qoyurlar. Müqayisəli şəkildə bu yanaşmalara nəzər salaq və analiz edək.

Birinci yanaşmaya görə, vəhşi təbiətdən qaynaqlandığı təxmin edilən bu yoluxucu xəstəlik əvvəlcə heyvanlarda yaranmış, sonra heyvan xəstəlikləri təkamül edərək insanları yoluxdurmuşdur. İqlim dəyişikliyi və qloballaşmanın da heyvanlarla insanlar arasında əlaqəyə böyük miqyasda təsir etdiyi də və gələcəkdə də edəcəyi bildirilir. Yayğın olan düşüncəyə görə, koronavirus və onun yayılması Çinin Uhan şəhərindəki Cənubi Çin Dəniz Topdan Satış Bazarı ilə əlaqədardır. Virusun yayılması üçün Çində daha əlverişli şərait mövcuddur: buraya əhalinin sayı, sıxlığı və virusları daşıyan heyvanlarla insanların sıx təmasını aid etmək olar. Xəstəlik buradan turistlər, səfər edənlər və s. vasitəsilə bütün dünyaya yayılmışdır.
Bəzi elm adamları tərəfindən koronavirus pandemiyasının bir bioloji  silah olaraq rəqib gücləri  zəiflətmək məqsədi ilə planlı şəkildə yayıldığı da iddia edilir.

Digər bir yanaşmaya görə, koronavirus böyük güclər arasında nüfuz müharibəsinin tərkib hissəsidir. Məqsəd ABŞ-ın Çini iqtisadi baxımdan çökdürmək, təcrid etmək və Yeni Dünya Nizamında “qurdlar süfrəsin”ndən onu uzaqlaşdırmaq idi. İlk başda bu yanaşma daha çox aktuallıq qazanmışdı. Bu virus pandemiyası bütün dünyaya yayıldıqdan sonra isə yeni bir fikir ortaya atıldı ki, bu məsələ dövlətlərlə transmilli şirkətlər arasındakı maliyyə savaşıdır. Ortada heç bir virus pandemiyası yoxdur. Sadəcə panika və qorxu yayırlar. Nə qədər qorxu salarsansa, bir o qədər istəniləni əldə edə bilərsən tərzi bir şey. Bir növ “qorxu imperiyası” yaratmaq!

Fərqli bir yanaşmaya görə, dünyanın maliyyə bazarı, pul axını yenidən reform edilecek, yenidən strukturlaşdırılacaq. Bu gün virusla mübarizə deyil, beynəlxalq kapitalın yenidən bölüşdürülməsi prosesi gedir. Adətən, dünyada maliyyə bölüşdürülməsi müharibələrlə tənzimlənir. Qlobal dünya müharibəsinin koronavirusla imitasiyası var ki, məqsəd və nəticə maliyyənin bölüşdürülməsidir. Artıq şirkətlər bir-birinin ardınca müflis olur. Aviaşirkətlər, turizm firmaları, kinoteatr və iaşə sektorları, sinema, dizi sektorları iflasa sürüklənir. İflasa doğru sürüklənən şirkətlər öz səhmlərini dəyər-dəyməzinə satmaq məcburiyyətində qalacaqlar. Kimə? Yeni Dünya Nizamını qurmaq istəyənlərə. Bu, xüsusi maliyyə əməliyyatıdır. Ona görə də bu virus neçə-neçə ölkələri çökdürəcək.
Başqa bir düşüncəyə görə, bu Pentaqon, daha doğrusu Dərin Amerika ilə ailələrin savaşıdır. Əsas məqsəd ailələri, xüsusilə də Rotşildləri dizə gətirməkdir.

Digər bir yanaşmaya görə, Yeni Dünya Nizamını qurmaq istəyənlər bütün dünyaya bir qorxu salaraq hər kəsi evə qapanmağa məcbur edir ki, bu işin arxasında da Digital Dünya (və ya Sanal Dünya) yaratmaq durur. Digital Dünyanı yaratmaqda da əsas məqsəd bütün insanları robotlaşdırmaq, daha özgün bir ifadə ilə manqurtlaşdırmaqdır. Artıq hər şey – bütün dərslər, söhbətlər, konfranslar, əməliyyatlar online üzərindən aparılır. Buna kiber hakimiyyət də demək olar. Vaxtilə dəniz hakimiyyəti, quru hakimiyyəti, hava hakimiyyəti, kosmos hakimiyyəti, enerji hakimiyyəti kimi nəzəriyyələrin yanına kiber üstünlük (və ya elektron hakimiyyət, internet hakimiyyəti), digər bir ifadə ilə digital hakimiyyət nəzəriyyəsini də əlavə etmək olar. 

Süni intellekt dövrü başlayacaq, virtual əlaqələr genişlənəcək. Hətta nağd pulların da tədavüldən qalxacağı, artıq o günlərin geridə qaldığı, bitkoinlərə, gələcəkdə aparılacaq maliyyə əməliyyatlarını sanal dünya üzərindən nəzarət altında saxlayan kripto pullara keçiriləcəyi kimi fikirlər də mövcuddur və hətta artıq bunların yavaş-yavaş reallaşdığının da şahidi oluruq.

Koronavirusun daha çox yaşlıları hədəfə aldığı da gündəmdən düşmür. Bu baxımdan ortaya çıxan bir yanaşmaya görə, əsas məqsəd yaşlıları ortadan götürmək, yeni nəsil yetişdirmək, daha doğrusu digital nəsil yetişdirməkdir. Çünki yaşlı nəsil tarix deməkdir, milli-mənəvi dəyər deməkdir. Uşaqlar öz tarixlərini daha çox nənələrindən və babalarından öyrənirlər. Əgər onlar varsa, tarix yaşayır. Bu bütün millətlərə məxsus bir şeydir. Onların ortadan qaldırılması ilə milli və mənəvi dəyərlər ortadan qalxacaq, yeni nəsil ilə yaşlı nəsil arasındakı aradakı əlaqə tamamilə silinəcəkdir. Digər bir yanaşmaya görə, əsas məqsəd dünyada demoqrafik problemi həll etmək, artan dünya əhalisinin sayını yarı-yarıya düşürməkdir. Təbii ki, bu plan tədricən planlaşdırılacaq. 

Qısacası, bu işin pərdə arxasında bir ÜST AĞIL-ın olduğu və bu işləri sistematik və planlı şəkildə yürütdüyü varsayımlar arasındadır.
Bütün bunlarla yanaşı, bu pandemiyanın İlahi bir Ədalət olaraq öz yerini tapması üçün Allah tərəfindən göndərildiyi, yolunu azmış bir dünyada insanlara artıq bir dərs, bir ibrət olsun deyə göndərildiyi də müxtəlif ilahiyyatçılar və fanatiklər tərəfindən daha çox səsləndirirlir. Düzdür, bu barədə Qurani-Kərimdə ayələr mövcuddur:  

“Biz sizi bir az qorxu, bir az aclıq, bir az mal, can (övlad), məhsul qıtlığı ilə imtahan edərik” (Bəqərə surəsi, ayə: 155).
“Sizi bir sınaq olaraq xeyir və şərlə imtahana tabe tutacağıq” (Ənbiya surəsi, ayə: 35).
“Andolsun, mallarınızla və canlarınızla imtahan ediləcəksiniz” (Ali-İmran surəsi, ayə: 86).
Ayələrin sayını artırmaq mümkündür. Belə bir vəziyyətdə sual yaranır: Pandemiya Allah tərəfindən zülmün, haqsızlığın, korrupsiyanın, əxlaqsızlığın olduğu bir dövrdə insanlığa göndərilən bir cəza, bir dərs ola bilərmi? Əlbəttə ki, fərqli şəkillərdə verilən cavablar tamamilə subyektiv xarakterlidir. Lakin unutmamaq lazımdır ki, Allah insanları sadəcə belə viruslarla imtahan etmir. İnsan hər an, hər saniyə, hər dəqiqə, hər saat, hər gün imtahan olunur.

Artıq bir neçə aydır, gündəmi məşğul edən bəzi suallar hələ də öz cavabını axtarır: həqiqətənmi əsrlərdir bir-birinə üstünlüyünü göstərmək istəyən, bu yolda insanları qurban verən, dünya malı üçün bir-birini öldürən, bəşəriyyətə ziyan vuran Böyük Güclər indi adi gözlə görünməyən balaca bir virusun əsirinə çevrilib? Yəni elmin, texnologiyanın, tibbin inkişaf etdiyi bir dövrdə belə bir virus qarşısında bütün dövlətlər bu qədər cılız və aciz vəziyyətə düşüb? Kosmosun fəth edildiyi, müasir silahların istehsal edildiyi, digital dünyanın yaradıldığı, ölümsüzlüyə çarənin axtarıldığı bir dövrdə yalnız mikroskopla görülə bilən bir virus bütün insanlığın həyatını doğrudan da təslim alıb?

Yuxarıda da qeyd edildiyi kimi, Yeni Dünya Nizamının böyük imkanlar və iqtisadi güc ilə dünya siyasətinə nüfuz və təsir etmə imkanlarına malik olan pərdəarxası gizli güclər tərəfindən ortaya atılmış bir plan olduğu iddia edilir. İddiaya görə, “Yeni Dünya Nizamı” olaraq adlandırılan sistem əslində transmilli şirkətlərin əldə etmək istədiyi dünya diktatorluğudur ki, bunun da başında dünyanın bütün enerji qaynaqlarına sahib olmağı və tək dünya dövləti qurmağı hədəfləyən nəhəng şirkətlərin idarəçiləri dayanır. Əlbəttə ki, bu iddialar “komplo nəzəriyyəsi” ilə bağlı araşdırmalar aparan tədqiqatçıların tamamilə subyektiv yanaşmalarıdır. Lakin gəldiyimiz qənaətə görə, bu nəhəng şirkətlərin idarəçiləri, digər bir ifadə ilə “ailələr” əslində dünyanı idarə etmək yox, beynəlxalq siyasətə təsir etmək imkanına və gücünə malikdirlər. Eyni zamanda əllərindəki resurslarla, maliyyə və media imkanları ilə dünyanın güc mərkəzlərinə təsir etdikləri də xüsusilə qeyd olunmalıdır. Bu imkanlar ya dərin dövlət şəklində ya da humanitar formada peyda olur. Amma əslində pərdəarxasından dövlət siyasətinə ciddi təsir göstərir. Bir sözlə, bu nüfuzlu multizəngin ailələr beynəlxalq siyasətin formalaşmasında dövlətlərdən az rol oynamırlar.

Şübhəsiz ki, bizim tərəfimizdən də irəli sürülən fikirlər tamamilə subyektiv xarakterlidir. Bu iddiaların nə dərəcədə doğru və ya yanlış olduğuna isə yenə də məhz oxucular özləri müxtəlif təhlillər apararaq qərar verəcəklər.

Əvvəlcədən qeyd etmək lazımdır ki, bu ailələrə mənsub şəxslərin heç birinin adı dünyanın ən zəngin insanları siyahısında göstərilməz, lakin istər beynəlxalq miqyasda, istərsə də fərqli ölkələrdə maliyyə böhranı və ya müharibələr baş verərsə, diqqət istər-istəməz bu ailələrə yönəlir. Silah ticarəti, iqtisadi böhranlar, maliyyə oyunları, faizçilik, ajitasiyalar, müharibələr, regional və qlobal münaqişələr, separatizm fəaliyyətləri, terror aktları, ölkələrdə xaos yaratmaq və onları idarə etmək pərdəarxası gizli güclər hesab olunan qaranlıq ailələrin vaz keçilməz missiyalarıdır. “İdarə olunan xaos vəziyyəti” birbaşa onların maraqlarına xidmət edir. Məlum olduğu kimi, qloballaşma dövrünün ən önəmli nəticələrindən biri olaraq gündəmə gələn separatizm fəaliyyətləri, terror aktları, ölkələrin parçalanması və xaos vəziyyəti bütün dünya ölkələri üçün böyük təhlükə mənbəyidir. Dünya xəritəsində yeri olan dövlətlərin əksəriyyəti illər keçdikcə bu təhdidlərlə qarşı-qarşıyadır. Birinci və İkinci Dünya müharibələri nəticəsində imperiyaların ortadan qaldırılması, eyni zamanda SSRİ-nin də süqut etməsi ilə ümumilikdə XX əsrdə yeni dövlətlərin sayı misliylə artmışdır. Bu kimi məsələlərə maraq göstərən mütəxəssislər qlobal imperializm dövründə mövcud dövlətlərin yetərli olmadığını, keçən əsrdə olduğu kimi, dövlət sayının on mislinə çıxarılacağını çəkinmədən irəli sürürlər.

İddiaya görə, dövlətlərin sayı kənardan dəstəklənən separatizm və terror fəaliyyətləri nəticəsində artacaqdır. Zəngin şirkətlər kapitalist sistem sayəsində böyüyərkən, buna müqavimət göstərən milli dövlətlər terror və müharibə ssenariləri ilə parçalanaraq daha kiçik dövlətlərə çevriləcəklər. Mövcud prosesi “mikro millətçilik, sonra makro dövlətçilik” olaraq xarakterizə etmək mümkündür ki, bu da qlobal sərmayədarların hədəflədiyi dünya hakimiyyəti planıdır.

Tarix boyu siyasi proseslər dəyişdikcə, yeni ortaya çıxan dövlət modelləri ilə keçmiş dövlət strukturları toqquşmuşdur. Günümüzdə isə böyük şirkətlərlə dövlətlər arasında şiddətli bir rəqabətin cərəyan etdiyi müşahidə olunur. Bəşəriyyətin rifahı naminə demokratiyanın, insan hüquqları və azadlıqlarının qorunması kimi şüarların səsləndiyi dövrdə super zənginlərin planları çərçivəsində gerçəkləşən siyasi proseslər demokratiya yerinə “pul və kapital” prinsipini önə çıxararaq bütün xalqları bataqlığa məhkum etmişdir.

Qlobal sərmayədarların iqtisadi nizamı ələ keçirdikdən sonra sahib olduqları maddi güc ilə siyasəti yönləndirməyə başlaması dünya ölkələrində önəmli dəyişikliklərə səbəb olmuşdur. Mülkiyyət mərkəzli maddiyyata və iqtisadi gücə olan hərislik bəşəriyyətə zərbə vuraraq kapitalizmin inkişafına dəstək olmuşdur. Pul və maddiyatçılıq başlıca meyar kimi əsas götürülərək bəşəriyyətin kapitalizmin işğalı altına düşməsinə yol açmışdır. Bir neçə əsrdir dünyanı sömürən kapitalizm maddi güc üzərindən insanlıq üçün təslimiyyət və asılılıq sistemini zorla və təzyiq yolu ilə dünya xalqlarına qəbul etdirməyə cəhd göstərir. Zənginlər öz pullarını və böyük sərmayələrini yoxsul xalq kütlələri ilə paylaşmaq istəmədikləri üçün xalqın ümumi mənafeyi naminə nəyinki addım atmır, hətta öz mənafelərinin təhlükəyə doğru sürükləndiyini gördükcə, qeyri-demokratik yollara belə baş vururlar.

Maddi güc ilə hər şeyi satın almağa çalışan zənginlər media və mətbuat orqanlarını öz alətlərinə çevirdikləri kimi, siyasi partiyaları da maliyyələşdirərək öz maraqlarının təmsilçisi vəziyyətinə sala bilirlər. Bu qlobal sərmayədarlar şirkətçi zehniyyəti siyasət səhnəsinə daşıyaraq şirkət-partiya modellərini də müxtəlif ölkələrdə reallaşdıra bilirlər. Pul gücü ilə öz maraqları üçün siyasi partiyalar qurdura bilən qlobal sərmayədarlar siyasətin maliyyələşdirilməsi üzərindən satın aldıqları şəxslərin siyasət səhnəsində ön plana çıxmalarını təmin edə bilirlər. Belə şəxsləri maddi dəstəklə siyasət səhnəsində önə çıxara bilən zənginlər şirkəti idarə etdikləri kimi, partiyaları da kənardan bir növ “pult”la idarə etməkdədirlər. Məhz bunun nəticəsidir ki, “milləti və dini olmayan” qlobal sərmayə sahibləri onlara çalışan siyasi sistem ilə iqtisadiyyatı ələ keçirərək xalq kütlələri üzərində böyük təzyiq və təhdid qurmaqdadırlar. Heç təsadüfi deyildir ki, qlobal imperializm mərkəzlərindən gələn dəstəklərlə öz ölkələrində ciddi nüfuz və güc qazanan, gün keçdikcə sərvətlərinə sərvət qatan zənginlər də xaricə açıldıqları zaman qlobal siyasətə yönəlir, bu çizgidə bəzi plan və proqramlara riayət etmək məcburiyyətində qalırlar. Hətta lazım gəldikdə, öz dövlətinə və millətinə belə arxa çevirməkdən çəkinmirlər.
Beləliklə, dünyanın hər yerində sərmayənin dövriyyəsinin təmin olunması üçün təhlükəsiz bir sistem yaradılmış və bütün milli sistemlərin qlobal sərmayə diktatorluğundan asılı vəziyyətə düşməsinin önü açılmışdır. Bu yolda Dünya Ticarət Mərkəzi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və s. kimi qurumlardan da başlıca vasitə kimi istifadə olunur.

Nəticə etibarilə, dünya dövlətlərinin əksəriyyətinin bütün strukturlarını ələ keçirən qlobal sərmayədarlar keçmişdən gələn dünya nizamını alt-üst etmişdir. Kapitalist sistemin haqsızlıqları səbəbi ilə insanlığın 1%-nin əlində toplanmış zənginlik gedərək artdıqca, kapitalistlərin özəl maraqları çərçivəsində siyasət yönləndirilmiş və xalq kütlələri böyük zərbələrə məruz qalmışdır. Bəhs olunan məsələ ilə bağlı öz fikirlərini ortaya qoyan mütəxəssislər günümüzdə artıq dünyanın zənginlərə görə qurulduğunu iddia edirlər.

Dünyanın super zənginlərindən amerikalı bankir, eyni zamanda Xarici Əlaqələr Şurasının (CFR – Council on Foreign Relations) tanınmış simalarından, fəxri prezident Devid Rokfellerin (1915-2017) vaxtilə dediyi sözlər yuxarıdakı iddiaları təsdiq edir: “Günümüzdə dünyada 200 civarında olan dövlətlərin sayı yaxın gələcəkdə 1000-ə çıxacaqdır. Dünyada milli dövlətlərin modası keçmişdir. Gələcəkdə dövlətlər maliyyə sektoru tərəfindən idarə edildiyi zaman dünyaya sülh və rifah gələcəkdir”.

Digər bir ifadəsində isə qeyd edirdi ki, “qlobal bir dəyişikliyin astanasındayıq. Gözləntimiz tam zamanında gələcək bir böhrandır. Millətlər Yeni Dünya Nizamını məhz o vaxt məcburən qəbul edəcəklər”.

Bəs, bu planlaşdırılan Yeni Dünya Nizamı necə bir nizam olacaq?
Hər kəsi maraqlandıran və düşündürən də məhz bu sualdır.

Keçən yazılarımdan birində öz şəxsi facebook səhifəmdə belə bir status paylaşmışdım: Yeni Dünya Nizamının məqsədi: Digital Dünya! Nəticə: Robotlaşma və manqurtlaşma!

Bəlkə də bu ifadəyə dırnaqarası baxanlar olacaq və ya gülüb keçəcəklər. “Necə yəni? Artıq XXI əsrdir, texnologiya, elm inkişaf edir. XXI əsr insanı da inkişafdan geri qalmamalıdır”, –  deyə suallar yağdıracaqlar. Bəli, elm inkişaf edir, amma bu tərzdə inkişaf edərsə, bəşəriyyətin gələcəyi heç də yaxşı görünmür.

Hər əsrdə bir nizam olub, XXI əsrin Dünya Nizamı isə Digital Nizam olacaq. Mərkəz ABŞ olacaq, yoxsa onu Çinə daşıyacaqlar? Bunu əlbəttə ki, zaman göstərəcək. Lakin hadisələrin gedişatı ortada güclü bir toqquşmaın olduğundan xəbər verir. ABŞ-ın aqibəti necə olacaq? Tənəzzülə doğru gedir, yoxsa qlobal rəqabətdən güclü çıxacaq? Gedişat bu qlobal rəqabətdə mübarizənin və toqquşmanın uzun müddət davam edəcəyini göstərir. Strateqlərin əksəriyyəti mərkəz hara köçürülürsə köçürülsün, güclü olanın milli dövlət və ya dövlətlər yox, maliyyə oliqarxları olacağı barəsində həmfikirdirlər.

Belə bir deyim var: kiçik bir qığılcım böyük bir partlayışın xəbərçisidir. Həqiqətən də qlobal miqyasda ələ alsaq, kiçik bir qığılcımla müqayisə olunmaz, amma dərəcəsindən asılı olmayaraq hal-hazırda bütün dünyada tüğyan edən bir virus əslində böyük bir partlayışın xəbərçisidir. 
 

 



Oxşar xəbərlər