Xarüqələr yaradan birlik - Qənirə Paşayeva yazır


  • 12:32 / 19 06 2021 |
  • Bölmə: Siyasət


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik.
 
Qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 16 iyun tarixində Azərbaycan Respublikasının Milli Məclisində etdiyi çıxış tarixi çıxışdır. O çıxış Azərbaycan-Türkiyə qardaşlığının parlaq təcəssümüdür.

Ümumən yüksək səviyyəli Azərbaycan-Türkiyə görüşləri, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkə nümayəndə heyətinin respublikamıza səfəri, Şuşada imzalanan unikal Müttəfiqlik Bəyannaməsi ortaq keçmişdən ortaq gələcəyə gedən müqəddəs yolun özüydü. Azərbaycan Prezidenti İlham Əliyev bu müqəddəs yolçuluğu çox dəqiq ifadə edib: “Şuşada müttəfiqlik bəyannaməsini imzalayarkən əcdadımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Müzəffər Ali Baş Komandanımız hələ 2020-ci il noyabrın 10-da Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunu, Milli Müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən demişdi: “Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə də ən yüksək səviyyədədir”. Bəli, Azərbaycan-Türkiyə birliyi, başqa sözlə, Türkiyənin Azərbaycana siyasi-diplomatik, mənəvi dəstəyi xarüqələr yaradıb – 30 illik işğala son qoyulub.

Bəli, 44 günlük müharibədəki tarixi Qarabağ zəfəri yeni reallıqlar, yeni çağırışlar yaradıb:
-44 günlük müharibədə qazanılmış tarixi zəfər bölgənin sürətli inkişafına zəmin yaratdı;
-Bölgəyə sülh, inkişaf imkanı gəldi;
-Bu zəfər bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaratdı.
Doğrudan da, geridə qalmış 30 il içində işğal zonasında yaşananlar, o yaşnanlara ayrı-ayrı dövlətlərin, beynəlxalq qurum və quruluşların münasibəti (eləcə də, münasibətsizliyi) bir ölçü meyarı, yanaşma əmsalı, indikator, lakmus... təşkil edir. Kim ədalətlidir, kim ədalətsiz, kim beynəlxalq hüquq normalarına sayğılıdır, kim ən adi hüquqları belə görmək istəmir, kim birüzlüdür, kim ikilistandartlar irəli sürür..? – 30 illik işğal vaxtı bütün bunlar çox əyani şəkildə göründü. Görünməyənlər də 44 günlük müharibədə göründü.  

30 il boyu canı yanan, qanı tökülən, evi dağılan, sərvəti talanan, ömrü kəsilən – biz;
acı çəkdirən, maddi qazanc götürənlər, saxta qəhrəman ədası ilə gəzənlər, bütün dünyanı saxtakarlıqlarla bezdirənlərsə ermənilər oldu. Amma nəticə etibarı ilə ən sonda kim güldü? Nəhayətdə nə oldu? Hanı o qazancları, hanı o ədaları, hanı o yaxalarını bəzəyən dəmir-dümürlər? Amma qışın soyuğunda, şaxtada-buzda ayaqyalın, başaçıq ev-eşiyindən qovulan Azərbaycan uşaqları tank-top belində qayıtdı öz torpağını azad etdi, öz şəxsi, xəlqi, dövləti intiqamını aldı! Biz itirənlərdən bərpası mümkün olmayanlar var, əlbəttə. Bununla belə, soyqırıma uğarasaq da, zülümlər çəksək də, sınmadıq, toparlandıq, dirçəldik, haqqımız olanı aldıq. Haqqımız olanı almağımız bizi bir daha dirçəltdi. Dirçəldik qələbə qazandıq, qələbə qazandıq dirçəldik. Çünki burada bir dövlət var, lider var, aydın məqsəd var, ədalətli yanaşma var! Çünki Ermənistanı haqsız yerə müdafiə edə-edə, saxta “sülhyaratma” mandat-missiyası daşıyanlardan fərqli olaraq, haqqın mənəvi, siyasi müdafiəçisi ədalətli Türkiyə vardı yanımızda. Yalnız yanımızda deyil, könlümüzdə, ağlımızda var Türkiyə. İşğalçının ədalətsiz müdafiəçiləri isə səbəbsiz kin, nifrətdən başqa bir özəyə, kökə, dərəcəyə sahib ola bilmədi.   

Ayrıca, hər şeydə xaricə, himəyadara arxalanmaq özü də zərərli bir zehniyyətdir. Ermənistan heç zaman özünə arxalanmayıb, çünki özü yoxdur. 
Azərbaycan isə məhz özünə arxalanıb. Ümidvaram, Prezident İlham Əliyevin 2020-ci il iyulun 21-də Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zamanı dediyi sözləri xatırlayırsız. – Prezident Ermənistan rəhbərliyinə səslənmişdi: “Gəl bizimlə təkbətək vuruş, təkbətək! Baxaq görək bunun axırı nə olacaq”. Arxa-dayaqları da, saxta ədaları da bir şeyə yaramadığını 27 sentyabr-10 noyabr aralığında görməyən, bilməyən erməni qalmadı.

Bəli, bizə Qələbə qazandıran əsas faktor məhz xalq-ordu birliyi oldu. Qarabağda Zəfər qazanmaq üçün dəmir yumruq, yanar ürək olan, milli birlik və bərabərlik hisslərini ən yüksək səviyyədə nümayiş etdirən fədakar xalqımız tarixi ədaləti bərpa etdi: “Gözlərini qırpmadan Vətən üçün, Qarabağ üçün, Qarabağın azadlığı üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələri böyük tarix yazmış oldu”! Azərbaycan XX yüzilin müharibəsini apardı, elektron hərb yeniliklərini tətbiq etdi; o texnika və texnologiyaları işlədən, hərəkətə gətirən döyüşən, bayraq qaldıran, irəli gedən, əsəgərdi, zabitdi – Azərbaycan oğlu idi! Əgər Ermənistan ordusu 44 gün kimi qısa bir sürədə 12 min fərari ilə ad çıxardısa, silah-sursatı ortalıqda qoyub-qaçan “qəhrəman ordu”ya və ayağı, əli zəncirlənmiş əsgərlərə sahibdisə, Azərbaycan yalnız irəli cuman hərbçiləri ilə tarix yazdı.
Ən yeni dövrün və ən yaxın ayların gerçəkliyindən yenidən, ən son günlərdəki şahanə hadisələrə keçək. Qardaş ölkənin Cümhurbaşqanı Şuşada da, Bakıda, o cümlədən Milli Məclisdə dünyaya önəmli mesajlar verdi. Bəli, işğaldan azad olunmuş ərazilərin dirçəlməsində Türkiyə öz töhfəsini verəcək. Yollar sürətlə inşa edilir, su kəmərləri çəkilir, elektrik stansiyaları qurulur və istifadəyə verilir. İnfrastruktur obyektləri tikilir. Türkiyə də bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin inşasında yaxından iştirak edəcək.

Ayrıca, bölgə ölkələrinin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platforması ideyası Şuşadan və Bakıdan bütün maraqlı tərəflərə də, dünyayab da duyuruldu. Altı ölkəni – Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və düşmənçilik aradan qalxacaq. Düşmənçiliyi kimin saldığı, başqalarına aid olanları qamarlamaq istəyənlərin kimliyi ortada gün işığıtək bəlliykən, belə bir platforma ideyası ilə çıxış etmək özü comərdlikdir, qüdrətli ağıl, siyasi iradə, böyük ürəklilikdir.
Yeni platforma yalnız adıkeçən 6 ölkənin deyil, bütün bölgənin inkişafına xidmət edəcək. Əslində, davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və işbirliyindən keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycan tarixindədir, bəşəri dəyərlərə fövqəladə uyğun milli mədəni irsdədir və sabit, ardıcıl dövlət siyasətindədir.

Bir sözlə, bölgənin yeni inkişaf dövrü başlayıb. Naxçıvanımızla materik Azərbaycanı bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın, zənginliyin dəyəri çox yüksəkdir. Qarabağ “qara sevda”sından əl çəkməyin alternativsizliyini Ermənistanın I prezidenti Levonn Ter-Petrosyan da anlayıb. Biz, əlbəttə, Ermənistanın gələcəyinin qayğısına qalmırıq, can onların cəhənnəm onların; lakin bölgənin inkişafında yer alıb-almamağın Ermənistan üçün nə kimi bir fərq vəd etdiyini özləri idrak etməlidir.

Qatar yola çıxıb, bu qatara minmək istəyən gecikməməlidir. “Qatarlar paradı”nın ilk hərəkət ünvanı Zəngəzur dəhlizidir!..




Oxşar xəbərlər