Ceyhun Bayramov Xalid bin Əbdüləziz Əl-Falihlə görüşdü


  • 09:44 / 24 06 2021 |
  • Bölmə: Siyasət
İyunun 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.



"Rupor" xəbər verir ki, nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

C. Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib.

Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığa toxunan nazir Ceyhun Bayramov qeyd olunan sahədə pandemiyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Oxşar xəbərlər