QHT-lər dünya ictimaiyyətinə bəyanat ünvanladılar


  • 09:14 / 04 10 2021 |
  • Bölmə: Siyasət



Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Vətən müharibəsi zamanı Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələri endirməsinin ağır nəticələrinin birinci ildönümü ilə bağlı QHT rəhbərlərinin Gəncəyə səfərini təşkil edib. 

Nümayəndələr Ermənistan siahləlarının Gəncəyə dəfələrlə atdılqarı raketlər zamanı dağıdılan ərazilərdə olublar, şəhid olan dinc sakinlərin xatirəsinə dualar oxuyublar. 

Ziyarətdən sonra Gəncə hadisələrinə həsr olunan konfrans keçirilib.  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədr müavini Vüsal Quliyevin moderatorluğu ilə konfrans keçirilib. 


Sonda Ermənistanın 1 il öncə Azərbaycanın şəhər və rayonlarına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub. 

"Rupor" həmin müraciətin mətnini təqdim edir: 


"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlamış və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad etmişdir. 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvay məğlubiyyətlərinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçmiş, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirmiş, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücümlarına məruz qalmışdır. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olmuş, 112 nəfər yaralanmış, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəymişdir.
Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulmuşdur. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olmuş, 454 mülki vətəndaş yaralanmış, ümumilikdə 12292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəymişdir.
Bu sadalanan səbəblərdən, biz, Azərbaycan QHT-ləri, dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk. 
Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq.


3 oktyabr 2021-ci il
Gəncə şəhəri"






Oxşar xəbərlər