"Biz gələcəkdə çiçəklənən Qarabağ görmək arzusundayıq” - Valeri Kolyux


  • 13:35 / 17 10 2021 |
  • Bölmə: Siyasət


“Qarabağın azad olunması vaxtı Gəncədə törədilmiş cinayətlər Azərbaycanı təxribata çəkmək cəhdidir”.

"Rupor" "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna-Azərbaycan Parlamentlərarası işçi qrupunun Ali Radadakı həmsədri Valeri Kolyux deyib.

“Bu gün biz Azərbaycanın Müstəqillik Günü münasibətilə Gəncə şəhərini ziyarət etdik. Bu şəhərdə ötən il mülki əhaliyə qarşı törədilmiş cinayətləri şahidi olduq”, - Kolyux bildirib.

Onun sözlərinə görə, Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib:

“Biz Azərbaycanın müstəqilliyinin 30-cu ildönümü ərəfəsində Qarabağın tez bir zamanda işğaldan azad edilməsini alqışlayırıq. Təəssüf ki, bu gün siz haqq mübarizəsində həlak olan həmvətənlərinizin xatirəsini anırsız. Siz gələcək barədə düşünməli, həlak olanların ailələrinin və yaralananların sosial müdafiəsini təşkil etməli, eləcə də Qarabağın inkişafı üçün çalışmalısınız”.

“Ukrayna olaraq biz gələcəkdə çiçəklənən Qarabağ görmək arzusundayıq”, - ukraynalı qonaq əlavə edib.

Qeyd edək ki, Azərbaycana səfər edən Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Xatırladaq ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.




Oxşar xəbərlər