Türk Dövlətləri Təşkilatının genişlənməsinin özülü 2019 - 2021-ci illərdə qoyulub


  • 13:55 / 13 11 2021 |
  • Bölmə: Siyasət
 
 
Noyabrın 12-də İstanbulda "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası"nın VIII Zirvə Görüşündə bəyannamə qəbul olundu. Bəyannamədə göstərilən mötəbər tapşırıqlardan biri də ondan ibarətdir ki, Türk Dövlətləri Təşkilatının digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək üçüncü tərəflərlə əməkdaşlıq qurulsun və bunun effektiv formatları müəyyənləşsin. Əslində prosesin bu məcraya gəlib çıxması Azərbaycan Prezidenti İlham Əliyevin Türk Şurasına iki il müddətdə sədrlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyətin nəticəsidir. 
 
Azərbaycanın sədrliyi dövründə Türk Dövlətləri Təşkilatı çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.
 
Dünyanı ağuşuna alan COVİD-19 pandemiyasının tüğyan etdiyi bir dövrdə, 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya həsr olunan fövqəladə Zirvə Görüşü keçirildi. Bu Görüş dövlət və hökumət başçıları səviyyəsində COVİD-19 pandemiyasına həsr olunmuş və videokonfrans vasitəsilə təşkil edilmiş ilk beynəlxalq tədbir kimi tarixə düşdü.
 
Zirvə Görüşündə Dövlət Başçıları tərəfindən COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində birgə tədbirlərə dair fikir mübadiləsi aparıldı, fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi qəbul olundu. Zirvə Görüşünün nəticəsində ölkələrimiz arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı Prezidentlərin təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə, energetika, gömrük, turizm və miqrasiya sahələrindən məsul nazirlərin görüşləri keçirilib, qarşıya qoyulan hədəflər müzakirə olundu. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilən qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunan mexanizmlər çərçivəsində davam etdirildi.
 
2020-ci il aprelin 28-də videokonfrans vasitəsilə Türk Şurasına üzv və müşahidəçi ölkələrin Səhiyyə Nazirlərinin iclası keçirildi. İclas zamanı COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlıq perspektivlərinə, yoluxucu xəstəliklərlə mübarizədə müalicə üsullarına, epidemioloji və elmi metodlara, epidemioloji monitorinqin aparılması və müxtəlif xəstəliklərlə mübarizədə “onlayn” bazanın yaradılmasına dair fikir mübadiləsi aparıldı. Bunun nəticəsi idi ki, Səhiyyə nazirləri növbəti dəfə 2020-ci il oktyabrın 30-da İstanbulda da görüşdülər.
 
2020-ci il aprelin 30-da yenidən Türk Şurasına üzv və müşahidəçi ölkələrin nəqliyyat nazirlərinin videokonfrans vasitəsilə iclası keçirildi. İclas ərəfəsində COVID-19 pandemiyası dövründə Transxəzər dəhlizi boyunca zəruri məhsulların (yemək məhsulları, dərmanlar, tibbi avadanlıqlar) maneəsiz daşınması və tədarük zəncirinin fasiləsiz işləməsinin təmin edilməsi üçün qəbul edilməli olan əməli tədbirlərə, eləcə də humanitar məhsulların, əsas istehlak mallarının, dərman vasitələrinin və tibbi avadanlıqların çatdırılması yollarına dair fikir mübadiləsi aparıldı.
Cari ilin 14 oktyabr tarixində Budapeşt şəhərində nəqliyyat nazirlərinin 5-ci iclası keçirildi.
 
2020-ci il mayın 6-da isə Türk Şurasına üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirlərinin və gömrükdən məsul qurumların rəhbərləri ilə iclas keçirildi. İclas zamanı COVID-19 pandemiyası dövründə tərəflər arasında iqtisadi mövcud vəziyyət, mövcud sosial-iqtisadi çağırışlar fonunda əlavə mexanizm kimi “Birgə Türk İnvestisiya Fondu”nun təsis olunması prosesinin yekunlaşdırılmasının sürətləndirilməsi,  Macarıstan və Avropada xüsusi investisiya təbliğat proqramına dair fikir mübadiləsi aparıldı. 
 
2021-ci il sentyabrın 10-da Türk Şurasının iqtisadi məsələlərə məsul nazirlərinin 10-cu iclası şuraya sədrlik edən ölkənin paytaxtında, Bakıda keçirildi. İclas zamanı ölkələr arasında maraq kəsb edən məsələlər müzakirə olunmuş, “Türk Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu” imzalandı.
 
2020-ci il mayın 7-də Türk Şurasına üzv və müşahidəçi ölkələrin miqrasiyadan məsul qurumların rəhbərlərinin iclası keçirildi. İclas zamanı viza, yaşayış/iş icazələri, dövlətlərin bir-birlərinin ərazilərində müvəqqəti qalan, təhsil alan və işləyən tərəflərin vətəndaşlarına dəstək və köməkliyin göstərilməsi məsələlərinə dair fikir mübadiləsi aparıldı.
 
2020-ci il iyunun 23-də videokonfrans vasitəsilə Türk Şurasının turizmdən məsul nazirlərin iclası keçirilib. İclas zamanı COVID-19 pandemiyasının üzv dövlətlərin turizm fəaliyyətlərinə təsiri, pandemiya dövründə turistlərin təhlükəsiz səyahətlərinin təmin edilməsi, Türk Şurası Müasir İpək Yolu Birgə Tur Paketi Layihəsi və pandemiyanın təsirininin azaldılması üçün üzv dövlətlər tərəfindən görülmüş təbirlər ilə bağlı təlim proqramının fəaliyyətə başlamasına  dair fikir mübadiləsi aparılıb. Cari ilin 24 iyun tarixində Özbəkistanın Kokand şəhərində Türk Şurasına üzv dövlətlərin turizmdən məsul nazirlərinin altıncı iclası keçirilib. Bununla Özbəkistan ilk dəfə olaraq üzv dövlət kimi təşkilat çərçivəsində nazirlər toplantısına ev sahiblik etdi.
2020-ci il fevralın 6-da Bakıda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib. Həmçinin 2021-ci il sentyabrın 27-də İstanbul şəhərində “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusunda Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası  keçirildi
 
2021-ci il martın 31-də isə videokonfrans vasitəsilə Türk Şurasının qeyri-rəsmi Zirvə Görüşü baş tutdu. Bu Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində sayca ikinci tədbir olub. Tədbir zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verilib. Uzun tarixə malik olan ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri vardır ki, bu səbəbdən sözügedən ənənə davam etdiriləcəkdir. Tədbirdə qeyri-rəsmi Zirvə Görüşünün Türkistan Bəyannaməsi qəbul olundu.
 
Təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığa da önəm verilir. Bu xüsusda 2019-cu il noyabrın 29-da Bişkek şəhərində, 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində müvafiq olaraq gənclərdən məsul nazirlərin dörd və beşinci iclaslarını göstərmək olar. Daşkənddə keçirilmiş nazirlər iclası çərçivəsində Birinci Gənc Sahibkarlar Forumu da baş tutdu. 
 
Azərbaycan Respublikasının təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da “online” formatda   TDƏŞ-in kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclası keçirilib. İclas zamanı kənd təsərrüfatından məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılığa gəlindi.
 
Azərbaycanın təşəbbüsü ilə 2021-ci noyabrın 1-2-də Bakı şəhərində Türkdilli Dövlətlərin Baş Prokurorlarının 1-ci iclası keçirildi, iclas çərçivəsində Türk Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olundu.
 
2020-ci il noyabrın 20-də Bakı şəhərində Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı keçirilib. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərildi.
 
Türk Şurasının Budapeşt Ofisində 2021-ci il oktyabrın 15-də keçirilmiş Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət Institutu tərəfindən “Türk Dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlıq: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkil olundu.
 
Azərbaycanın sədrliyi dövründə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi quruldu.
 
Azərbaycanın Türk Şurasına sədrlik etdiyi dövr üçün əlamətdar hadisələrdən biri də təşkilatın coğrafiyasının genişlənməsi idi. Bakıda keçirilən 7-ci Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. 
 
Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyi Türk Şurası Katibliyi tərəfindən davamlı olaraq birmənalı dəstəklənmiş, 2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədi boyu Tovuz rayonu istiqamətində törətdiyi təxribat barədə, 44 günlük müharibə dövründə Azərbaycanı dəstəkləyən, Ermənistan  tərəfindən Gəncə və Bərdə şəhərlərinin raket atəşinə tutulmasını qınayan bəyanatlar verildi.
 
Türk Şurası heyəti 2020-ci il oktyabrın 20-də Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Gəncə şəhərini ziyarət edib. Eyni zamanda, 2021-ci ilin yanvar ayında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış oldu.  
 
 Şair Abdulla



Oxşar xəbərlər