ATƏT Minsk qrupunu "siyasi reanimasiya"dan çıxara bilmir - Politoloq rəyi


  • 13:36 / 05 12 2021 |
  • Bölmə: Siyasət


ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında qurumun postmünaqişə dövrünün reallıqları diqqət mərkəzində oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün ATƏT-in acınacaqlı vəziyyətdə olduğunu dedi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  “Cənubi Qafqazda daimi sabitliyin olması üçün yeni fürsətlər açılıb. ATƏT İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni reallığı nəzərə almaqla regionda sülhə dəstək verə bilər”, - deyə vurğuladı.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə ATƏT Nazirlər Şurasının iclasında çıxışı zamanı deyib ki, Azərbaycan ATƏT-ə müharibədən sonrakı dövrdə əməkdaşlıq üçün tədbirlər təklif edib və hələ də cavab gözləyir. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin bərpasında ATƏT Azərbaycana kömək edə bilər: “Biz ATƏT-ə bu məsələ ilə bağlı əməkdaşlıq təklifi irəli sürmüşük və hələ də cavab gözləyirik. Münaqişənin başa çatması Azərbaycan və Ermənistanın bir-birinə qarşılıqlı hörməti, o cümlədən ərazi bütövlüyünə əsaslanan mehriban qonşuluq münasibətlərinin inkişafı üçün böyük imkan yaradır”.

Yeni reallıqlarla bağlı yaranmış vəziyyətə adekvat olaraq səsləndirilən fikirlərə münasibət  bildirən politoloq Nurlan Qələndərli  "Rupor"a -açıqlamasında deyib ki, ictimai rəydə müzakirə predmetinə çevrilən məqamlardan biri ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı və missiyanı yerinə yetirəcəyi məsələsidir: 

"Maraqlıdır, bəs ATƏT-in Minsk qrupu nəyi gözləyir? Sirr deyil ki, 30 ilə yaxın müddət ərzində vasitəçilik missiyası daşıyan, amma vəzifəsini yerinə yetirə bilməyən ATƏT-in Minsk qrupunun fəaliyyəti etimad və səmimiyyətdən uzaq olub, sülhə, təhlükəsizliyə xidmət etməyib. Bir sözlə, bu qurum “turist diplomatiyası” ilə məşğul olub. Münaqişə isə artıq həll edilib, ona görə də ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyətinə heç bir əsas və ehtiyac yoxdur. Şübhəsiz ki, indi əsas məsələ müharibəsonrası dövrdə bölgədə davamlı sülh və təhlükəsizliyin təmin edilməsi, üçtərəfli Bəyanatda əksini tapan məsələlərin icrası, kommunikasiyaların açılması, mina xəritələrinin verilməsi və digər bir sıra istiqamətlərdə fəaliyyət göstərməkdir. “Siyasi reanimasiya” şəraitində olan Minsk qrupu isə varlığını qorumağa çalışsa da, yeni mərhələnin şərtlərinə və çağırışlarına uyğun konkret təşəbbüslərlə fərqlənə bilmir".

Politoloq söyləyib ki, keçmiş münaqişənin beynəlxalq hüquq normaları əsasında həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu postkonflikt dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq, faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir.   

Toğrul 
 



Oxşar xəbərlər