ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinə 18 ssenari hazırlayıb Politoloq rəyi


  • 10:50 / 20 01 2022 |
  • Bölmə: Siyasət


Politoloq Fərhad Mehdiyev sözlərinə görə, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı 18 ssenari hazırlayıb: “Onların içərisində Rusiyanın Cenevrədəki danışıqlarda təqdim etdiyi təhlükəsizlik zəmanətlərinin heç biri yoxdur. Rusiya Xarici İşlər Nazirliyi cavab üçün ayrılmış həftəni geri sayır, paralel olaraq Ukrayna ilə sərhədə qoşun toplayır. Rusiya ümid edə bilər ki, Qərb sərt mövqeyindən geri çəkiləcək və Moskvanın təklif etdiyi təhlükəsizlik zəmanətlərini imzalayacaq. Amma Qərb partnyorlarının qarşısında alçalacağı üçün belə qərarlar verə bilməz. Qərb Rusiyadan Şərqi Avropa ölkələri üçün necə analoji təhlükəsizlik təminatı tələb edə bilər? Bu ölkələrin özləri şübhəsiz ki, zəmanət istəyəcəklər. Bəs, region ölkələri Rusiyanın təminatlarına inanacaqmı?! Axı Ukrayna Krımın itirilməsi ilə barışmayacaq, Gürcüstan isə Abxaziya və Cənubi Osetiyadan imtina etməyəcək”.

Fərhad Mehdiyev vurğulayır ki, hər iki tərəfdən qəbul edilməsi mümkün olmayan şərtlər irəli sürülür və bu da müharibəni qaçılmaz edir: “Tərəflər bütün ssenariləri hesablayıblar, amma müharibənin gözlənilməz nəticəsi amili var. Rusiyanın ildırım sürətli qələbə ilə Ukraynanı ələ keçirəcəyi gözləntisinə əks olaraq Qərbin hesablamaları belədir: Rusiya müharibə zamanı minlərlə qurban verəcək, ağır sanksiyaların ilk təsirləri nəticəsində ölkədə narazılıq artacaq, bu da nəticə etibarilə elitadaxili çevrilişə və çöküşə gətirib çıxaracaq. Ümumiyyətlə, müharibə bir günə hesablanmır və gedişatda münaqişə edən tərəflər planlarına düzəlişlər edə bilər. Vəziyyət kifayət qədər mürəkkəbdir və bizim coğrafiyada geosiyasi reallıqların dəyişməsinə gətirib çıxara bilər”. Qeyd edək ki, 2021-ci ilin dekabrının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.(Musavat.com)




Oxşar xəbərlər