"Şəhid Famil Əlizadə bütün Azərbaycanın doğmasıdır" - Komitə sədri -Fotolar


  • 19:05 / 20 12 2020 |
  • Bölmə: Sosial / Bilgi


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayonunun Ərkivan qəsəbə sakinləri – Vətən Müharibəsində şəhid olmuş könüllü əsgər Famil Əlizadənin atası Habil Əlizadə və qardaşı Qabil Əlizadə ilə görüşüb.
Komitədən "Rupor"a daxil olan məlumata görə, Q.Paşayeva şəhidin doğmalarını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində parlaq qələbəsi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:
“Famil bugün yalnız sizin doğmanız deyil, bütün Azərbaycanın əzizi, doğmasıdır. Şəhidlərimizin ailə üzvləri bizimçün əzizdir.
Biz bilirik ki 2019-cu ilin yanvarında Silahlı Qüvvələrdən tərxis olunan Famil, Vətən Müharibəsi başlanınca könüllü olaraq döyüşlərə qatılıb. O, bir çox döyüşdə qəhrəmanlıqla vuruşub, Füzulinin azad olunmasında, özəlliklə, Yuxarı Əbdürrəhmanlı kəndinin düşmən tapdağından qurtulmasında öz şücaəti ilə seçilib. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksələn Famil, ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Famil kimi gənclərimizlə hər zaman qürur duyacağıq!
Familin və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
Tanrıya çox şükürlə olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailəsi üzvlərisiz.
Sizi Tarixi Qələbə münasibəti ilə təbrik edirəm”!

Qeyd edək ki Famil Əlizadə 03 may 1999-cu ildə doğulub. 2016-cı ildə qəsəbədəki 3 saylı tam orta məktəbi bitirdikdən sonra, təhsilini peşə liseyində davam etdirib. 2017-ci ilin iyulunda hərbi xidmətə çağrılıb. 2019-cu ilədək həqiqi hərbi xidmət keçib, komandirləri, əsgər yoldaşları arasında hörmət sahibi olub. 
Şəhid atası və qardaşı ilə ətraflı söhbət edən Q.Paşayeva və A.Bağırova, onlara tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.





Oxşar xəbərlər