Şəhid Elvinin son telefon danışığı: "Cabbarın qisasın aldıq"


  • 19:30 / 23 12 2020 |
  • Bölmə: Sosial / Bilgi


Müharibə ağrı, acı, itkilər deməkdir. Müharibə arzuların bitdiyi yerdir. Əllərini doğmalarından, əzizlərindən üzüb odun, alovun içinə getməkdir. Qəlbində baş alıb gedən ümidlərin, diləklərin arxasınca deyil, ən ali bir vəzifəni yerinə yetirmək üçün yollanmaqdır. Arxanda gözüyaşlı qoyub getdiyin körpənin göz yaşlarını silib, bütün uşaqların xoş gələcəyi uğruna irəli atılmaqdır. Cəsarət, hünər məktəbidir.
Bu məktəbin iki cür məzunu olur. Onlardan birini torpaq öz köksünə alır, ruhunu isə müqəddəslərin yanında qərar verir. İkincisini isə Vətənə əmanət qoyub gedir. Azərbaycan əsgəri də iki yoldan birini - şərəflə döyüşməyi, şəhadətə qovuşmağı üstün tutdu. Şəhid Həsənov Elvin Höküməli oğlu da belə igidlərimizdən idi.
O, 8 iyul 1992-ci ildə Saatlı rayonu Əhmədbəyli kəndində anadan olmuşdu. Saatlı rayon Əhmədbəyli kəndindəki 269 saylı məktəbdə orta təhsil almışdı. İmkansız olduqlarından təhsil arxasınca getməyən Elvin öz şəxsi motosikleti ilə süpürgə satmaqla evini, ailəsini dolandırırdı. Hərbi xidmətə getməzdən öncə bir müddət pambıq zavodunda işləyirdi.
Sentyabrıın 29-da ölkə prezidentinin qismən səfərbərlik əmrindən sonra cəbhəyə yollanır. Qismətinə cəmi 23 gün döyüşmək düşür. Oktyabrın 22-də isə şəhadətə ucalır. 
Elvin vətəni sevdiyi kimi, ailəsini, övladlarını da çox sevirdi. Çox çətinliklər çəksə də ruhən mübariz insan idi. Qardaşı Ağahəsən
Həsənov onunla keçən günlərin xatirələrini vərəqləyir:
- Qardaşım çox zəhmətkeş bir insan idi. Biz elə əvvəldən kasibçılıq ilə böyümüşük. Elvin orta təhsil almış, 9 ilik məktəbi bitirmişdi. Qardaşımın 18 yaşı tamam olanda hərbi xidmətə yollandı. Əvvəlcə Bakıda hərbi xidmətdə oldu, sonra isə Murova göndərdilər. Qalan 1il 5 aynı da Murovda hərbi xidmət keçdi. Çox əziyyətlərdən sonra 2012 ci ildə hərbi xidmətini başa vurdu, qayıtdı. Atam infarkt xəstəsidir. Ailəmizə Elvin baxırdı. Mən də beyin daxili təzyiqdən əziyyət cəkirəm. Müharibə başlayanda qardaşım hər gün deyirdi ki, məni də cağırsınlar, çünki o, bu vətəni həqiqətən çox sevirdi. Dayımın oglu da 2017-ci ildə şəhid olub. O, müharibəyə gedəndə əvvəlcə dayım oğlunun məzarını ziyarət etdi. Onun məzarı başında qanını alacağına söz vermişdi. Sonuncu telefon danışığımızda da dedi ki, - "Cabbarın qisasın aldıq". 
Bir an belə qorxmurdu. Həmişə deyirdi, ölənlərdən artıq deyiləm ki... 
Ötən il mənim balaca oğlum əməliyyat keçirməli idi. Üç min pul lazım idi. Dedim ki, qardaş pulum yoxdur, vəziyyət pisdir. Qardaşım heyvanların satdı, qoymadı ki, mənim balam xəstəlikdən əziyyət çəksin. Bu gün mənim övladım ona görə həyatdadır. 
Arzuları çox idi. Evini bəzəyib, oğluna toy etmək istəyirdi. Amma qismət olmadı. Elvin bir qız, bir oğul əmanətini bizə yadigar qoyub getdi. Oğlunun 6, qızının isə 3 yaşı var.

İndi bizim tək təsəlli yerimiz var. Elvin Azərbaycanın ərazi bütövlüyü, azadlığı yolunda şəhid olmuşdur. O adını Azərbaycanın zəfər tarixinə qızıl hərflərlə yazmışdır. İllər ötəcək, amma şəhidlərimiz unudulmayacaq. Onlar gələcəyimiz olan körpələrimizə azad, bütöv Azərbaycanı miras qoyub getdilər. Ruhları şad olsun! 

Dilşad Xaqaniqızı 
BDU-nun jurnalistika fakültəsinin tələbəsi


 







Oxşar xəbərlər