Vətənə halal edilən gənc ömür - Şəhidimiz Əli Rzalının şərəfinə


  • 14:48 / 29 12 2020 |
  • Bölmə: Sosial / Bilgi


Sizə 18 yaşlı şəhidimiz Əlidən danışmaq istəyirəm. – Mahiyyəti adında ifadə olunmuş Yardımlı elində doğulub kamala yetmiş Əli Nuru oğlu Rzalı 14 aprel 2002-ci ildə Yardımlının Bilnə kəndində, zəhmətkeş bir ailədə doğulub. 18 yaşda bu işıqlı dünyaya əbədi göz yummaq fiziki ömür baxımından nakam ömürdü; 18 yaşda əbədi nur qazanmaq, cənnəti haqq etmək Tanrı naxışıdır. İstər milli, istər dini dünyagörüşümüz baxımından, hətta başqa dinlər baxımından da bu belədir: şəhid sorğu-sualsız cənnətməkandır.
Əli əliqabarlı Nuru atanın, ömrünü ailəsi üçün şam kimi əridən Samirə ananın halal çörəyi ilə böyüyüb. Halal çörək, Vətənə halal ömür, haqq işə ad edilmiş mübarizə və halal şöhrət! Əli ilə birgə üç övlad böyüdüb halal ailə. Evləri balaca olub, amma ürəklərinin böüyüklüyü mübahisə götürməyib. O kiçik evdə halal hüzur, necə deyərlər, səmimi bətəvərlik olub.
Əli ailənin, özəlliklə anasının böyük ümidi idi. Əli haqqında, ümumən şəhidlərimiz haqqında keçmiş zamanda danışmaq doğru sayılmadığı üçün o ümidin doğrulduğunu demək istəyirəm. Demək istəyirəm, Samirə bacı, ümidin inama dönüb. İnan oğlunun silahdaşları, Vətən Müharibəsinin odundan-alovundan keçmiş Azərbaycan gəncləri hamısı sizin mənəvi övladlarınız, qardaşlarınızdır. Oğlun sizin ümidlərinizi hansısa bir uzaq yaşda deyil, elə 18 yaşındaca doğruldub, əziz bacım! – Bu bəlağət deyil, bu təsəlli deyil, mənim özüm inandığımı bölüşürəm sizinlə. Tanrı o biri övladlarınıza can sağlığı versin – bir yandan öz övladlarınız, bir yandan mənəvi övladlarınız sizi heç vaxt yalnız qoymayacaq, əlbəttə. Əlbəttə, qüdrətli dövlətimiz, qədirbilən xalqımız sizin yanınızdadır, yanınızda olacaq. Şəhid oğlunuzun ruhu şaddır – onun sıralarında olduğu Ordu qalib ordudur! Şad ruhların kəraməti vardır.
Əli hələ məktəb illərindən öz təlim-tərbiyəsi, dərslərə məsuliyətli yanaşması ilə seçilib, müəllimlərinin sevimlisi olub; əsasən tarix fənninə maraq göstərib; işə baxın ki məhz yeni tariximizin altun səhifələrinin yazıldığı 44 günlük Vətən Müharibəsində özü tarix yazanların sırasındaydı…
Əli Rzalı 9 illik Bilnə kənd ümumi orta məktəbini bitirib, 10-11-ci sinifləri A.Bağırov adına Vərgədüz tam orta məktəbindən davam etdirib. Asayiş keşikçisi olmaq arzusunda olub Əli. Əli boylu-buxunlu, mənəvi dəyərlər bağlı bir igid olaraq, hər cür uğuru, uğrlu karyeranı haqq edirdi. Əli ailənin qayğılarını göz önündə tutub, işləmək qərarına gəldiyi üçün təhsilini davam etdirmək fikrini ertələyib, qollarını çırmalayaraq zəhmətə qatlaşıb. Gecə-gündüz demədən çalışan Əli ailənin qayğılarının bir hissəsini öz gənc çiyninə alıb.
Anası deyərmiş: “Sənin yoldaşların ali məktəbə qəbul olub, böyük adam olacaqlar”… - Onun sözünü gülnən kəsən Əli təmkinlə cavab verərmiş: “Ana, kimin böyük adam olacağını zaman göstərər, sən narahat olma. Mən həmişə sənin başını uca edəcəm”. Dedi də, etdi də!
Əsgərliyə getməyə bir müddət qalmış Əli idman məşqlərini daha da intensivləşdirib. Bunu görən babası – kəndin hörmətli ziyalısı Əlihüseyn müəllim soruşanda ki, “Əli bala, nə edirsən”? – təbəssümlə deyib: “Dədə, idman edirəm ki, əzələlərim daha da bərkisin. Əsgərlikdə yaxşı xidmət edib, qayıtdıqdan sonra hüquq mühafizə orqanında çalışmaq istəyirəm”. – Dedi və daha artığını etdi, əsgərlikdən qayıtmadan ən ali hüquq mühafizəçisi – Vətənin suveren hüquqlarının müdafiəçisi, mühafizəçisi oldu. – Daha doğrusu, hüquqtanımazlara, işğalçılara qarşı əks-hücumda yer aldı, döyüşdü, vuruşdu, şəhidlik mərtəbəsinə yüksəldi!
Bəli, Əlinin amalı Vətənə xidmət etmək olub. Vaxt-vədə yetişincə, hərbi xidmətə yollanıb. Onu hərbi xidmətə yola salmaqçün kənd ellikcə yığışıb – sanki ürəklərinə dammış kimi, sanki hallallaşmaq, vidalaşmaq məqamını idrak edirmiş kimi, son görüş olduğunu bilibmiş kimi… -
el-oba onunla vidalaşmağa gəlib...
Yardımlı rayon səfərbərlik və hərbi xidmətə çağırış idarəsinin girişində “Qəhrəman olmurlar, qəhrəman doğulurlar” yazılmış lövhənin altında dayanıb, dayısı – tanınmış jurnalistimiz Elşad Paşsoydan onun şəklini çəkməyi xahiş edir… Ərəblər demiş, təsadüf yoxdur, təvafüq vardır… - Əli qəhrəmanlıqçün doğulduğunu duyub, fərq edənlərdən olub...
Boylu-buxunlu, yaxşı fiziki hazırlığını nəzərə alıb Əlini Xüsusi Təyinatlı Dəstəyə (XTD) götürüblər. Bununçün həkim baxışından keçən zaman Əli qolunun uşaq vaxtı sındıgını gizlədib – düşünüb ki həmin zədə aşkar edilsə, onu XTD-yə götürməzlər...
Beləliklə, o, öz istəyinə çatıb, fəxri uniformasını, mavi baş geyimini fəxarətlə geyinib... Xidmət müddətində doğmaları ilə, Elşad dayısı ilə telefon danışığı imkanı yaranınca, nəinki hansısa çətinlikdən söz açıb, əksinə “hər şey yaxşıdır, dayı, heç bir çətinliyimiz yoxdur, komandirlərimizdən çox razıyıq” deyib yalnız...
Əlinin xidmətdə olduğu 6-cı ayda işğalçı Ermənistan yeni müharibə hazırlıqları içindəydi…
Əli atası ilə görüşmək üçün onu xidmət etdiyi hərbi hissəyə çağırıb –bəli, sanki son görüşləri olacağı damıbmış ürəyinə...
Hərbi hissəyə gələn ata Əlinin hərbi geyimdə necə möhtəşəm göründüyünü fəxarətlə danışıb. Yenə keçmiş zamanda danışmayaq – danışır – deyək. Şəhidlərimiz yaddaşımızda gözəl qalacaq, yaddaşımızın ən gözəl yerindədir onlar. Həmişə də belə olacaq..!
Atası ilə görüşən Əli Rzalı, oğlu ilə görüşən Nuru Rzalı Tanrıdan da, bir-birindən də çox razı qalıb. O gün razılıq günü olub, məgərsə həm də halallıq günüymüş, son görüş günüymüş həm də…

Vətən Müharibəsi başlayınca, Əli öncəbhədə olduğunu yalnız bacısı Səbinəyə deyib və amanatlayıb ki evdəkilər bilib, rahatsız olmasın. Bacısı da bu sirri Əli şəhid olan günə kimi saxlayıb... Şəhid xəbəri gəlincə, sirrin saxlanma müddəti də bitib…
Əlinin üzvü olduğu hərbi birik döyüşə ilk atılanlardandı. Onların qarşısında böyük məsuliyyət qoyulmuşdu: onlar çətin relyefə malik olan və düşmənin 27 il möhkəmləndiyi Murov dağ silsiləsinin düşməndən azad edilməsi tapşırığı almışdı. – “Bu yolun gedişi var, dönüşü olmaya bilər” demişdi komandir. Komandir demişdi, “kim könüllü bu savaşa qoşulmaq istəyirsə, bir addım irəli çıxsın”. Əli Vətənin azadlığını, bütövlüyünü öz həyat amalı olaraq uca tutan və ilk olaraq və tərəddüdsüz bir addım irəli çıxan qorxmaz oğulların sırasındaydı.
Və düşmənin – arxalı köpəyin illərlə qurduğu sədləri yarıb keçərək irəliləyərkən qəhrəmancasına həlak olan igidlərimizdən biri Əli Rzalı olub...
Murov istiqamətində şiddətli döyüşlər vaxtı düşmənin çoxsaylı canlı qüvvəsi və zirehli texnikaları sıradan çıxarılıb. 2020-ci il, oktyabrın 2-dəki döyüşlərdə Əli Rzalı şəhadət şərbəti içib!

Əli dogma kəndinin qəbirstanlığında torpağa tapşırılarkən kənddə insan seli yaranıb, eşidən-bilən, dogma-uzaq axışıb Bilnəyə - 18 yaşlı igidlə son vida üçün...
Əli Nuru oğlu Rzalı Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.
Əlinin və bütün şəhidlərimizin şərəfinə Bilnə və Vərgədüz kəndlərində Bayraq Meydanları yaradılıb, adı dillərdən düşmür, məzarı ziyarətgaha çevrilib...
VƏTƏN SAĞ OLSUN!

Qənirə Paşayeva
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri 








Oxşar xəbərlər