Rotterdamda Xocalı soyqırımı sərgisi açıldı - Fotolar


  • 15:35 / 23 02 2021 |
  • Bölmə: Sosial


Niderland Krallığında fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.

Sərgi çərçivəsində BAK-ın idarə heyətinin üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 

Rotterdam şəhərinin mərkəzində yerləşən "Qarabağ" idman klubunda gerçəkləşdirilən sərginin əsas ekspozisiyalarını Niderlandda yaşayan rəssamlar Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı soyqırımına həsr olunmuş sənət əsərləri təşkil edir. Bu rəsm əsərləri indiyədək Niderlandın bir çox sərgi və qalereyalarında təqdim olunub və yerli sənətsevərlərdə böyük maraq doğurub. Sərgidə həmçinin Azərbaycanın Niderlanddakı səfirliyinin təqdim etdiyi fotomateriallar, kitablar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki "Körpə fidanlar" teatrının uşaq qrupu tərəfindən çəkilən rəsmlər nümayiş etdirilir. 

Pandemiya məhdudiyyətlərinə baxmayaraq, sərgi yerli sakinlərdə maraq doğurub. Sərgiyə gələn niderlandlılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib və erməni terrorundan bəhs edən kitablar hədiyyə edilib. Qeyd edilib ki, erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə törətdikləri vandalizm və soyqırımı aktı xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

Sərgi iki həftə davam edəcək. 








 
 
 



Oxşar xəbərlər