Gömrük Akademiyasında “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirildi


  • 18:58 / 25 02 2021 |
  • Bölmə: Sosial


Dövlət Gömrük Komitəsinin Akademiyasında Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalıya Zəfərlə” adlı anım tədbiri keçirilib.
“Zoom” platforması üzərindən təşkil olunan tədbirdə Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.
Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Xocalı soyqırımının XX əsrin ən dəhşətli, insanlıq adına utanc gətirən, yaddaşlarda ən acı xatirələr buraxmış bir faciə, soyqırımı olduğunu deyib. Xocalı soyqırımının törədilməsində mənfur ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri məkrli niyyət və nifrətinin, işğalçılıq planlarının dayandığını, 29 il bundan öncə ərazilərimizin 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğala məruz qaldığını deyib. O, işğal altda olan torpaqların Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi sayəsində şanlı Azərbaycan Ordusunun dəmir yumruğunun gücü ilə azad olunduğunu bildirib. Qulu Novruzov deyib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsində xalqımızın yaşadığı məhrumiyyətlər geridə qaldı, Azərbaycan xalqı qalib xalqa çevrildi.

Akademiya rəisi istər erməni təxribatı nəticəsində Azərbaycanın qərb sərhədlərində olan Tovuz döyüşlərində, istərsə də, 44 günlük Vətən müharibəsində müasir Azərbaycan gəncliyinin göstərdiyi şücaətdən söz açıb. “Bu gün hər bir Azərbaycan gənci, vətəndaşı Ulu öndərin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam sözlərini  qürurla deyə bilər” – deyə Qulu Novruzov qeyd edib. O, Xocalı soyqırımı qurbanları, həmçinin bütün şəhidlərin əziz xatirəsinin əbədi olaraq qəlblərdə yaşayacağını bildirib.

 Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi, gömrük xidməti kapitanı Araz Aslanlı  və “Hüquqşünaslıq” ixtisasının 3-cü kurs tələbəsi Cəbrayıl Məmmədzadə məruzə ilə çıxış edərək, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımının insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri olduğunu bildiriblər. Xocalı soyqırımının bütün bəşəriyyətə qarşı cinayət olduğunu vurğulayan çıxışçılar bu qanlı hadisənin hüquqi və siyasi-ictimai təhlilinə toxunublar. Vurğulanıb ki, Xocalı soqırımına siyasi-hüquqi qiymət yalnız ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra verilib.

İşğal altda olan torpaqların azad olunması üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin sonunda bütün dünyanın haqqın və ədalətin zəfər çalmasının şahidi olduğu bildirilib, Azərbaycanın möhtəşəm qələbəsinin tariximizə qızıl hərflərlə yazıldığı vurğulanıb. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanlarının intiqamının alındığı qeyd edilib. 

Tədbirdə Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda tələbələr ədəbi-bədii kompozisiya təqdim ediblər. Kompozisiyada Xocalıya həsr olunmuş şeirlər səsləndirilib, həmçinin Akademiyanın xor qrupunun ifasında “Azərbaycan” mahnısı təqdim olunub. 


 


 



Oxşar xəbərlər