Şuşada qalanan bayram tonqalından ömrümüzə düşən pay - Qənirə Paşayeva yazır


  • 13:14 / 22 03 2021 |
  • Bölmə: Sosial / Köşə




Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin 2021-ci il 16 mart tarixində Şuşa şəhərinə səfəri Şuşanın, Qarabağın, ümumilikdə ölkəmizin həyatında daha bir əlamətdar hadisə oldu.

Ötən il bugünlər Şuşada saxta seçki havası vardı, Ermənistanın Azərbaycana həddini aşan hədələri vardı, qondarma “parlament”i Şuşaya köçürmək cəhdləri vardı... Gorbagor oldu onların hamısı! 2020-ci illə 2021-ci ilin yazı arasında mövcud fərqi açıq-aydın görürük və bugün burda qeyd etmək istərdim: 2022-ci ilin yazı daha başqa olacaq! Bu əminliyi bizə verən nədir? – Dövlətimizin qüdrəti, düzgün siyasət, dövlət-xalq birliyi, düşmənə vurulmuş ağır zərbə, ümumdünya hadisələri içərisində ölkəmizin özünəxas geopolitik mövqeyi və başqa önəmli məqamlar! Bizə əsas verir ki gələcəyimizin bugündən daha yaxşı olacağını söyləyək. Əlbəttə, bu söyləm bizim titanik səylərlə çalışmağımızı inkar etmir. 30 il işğaldan ağır yaralar almış torpağımız, dağıdılmış şəhər-rayonlarımız yenidən tikilməli, qurulmalı, bərpa edilməlidir. Özü də, öncəkindən daha yaxşı, abad və ağıllı şəhərlər, qəsəbə və kəndlər şəklində...
İşğaldan azad edilmiş ərazilərimizdəki sürətli infrastukturlaşma dediklərimizə sübutdur. Müzəffər Ali Baş Komandan indi də Müzəffər Quruculuq Ustadı, Kamil Abadlıq Memarı sifəti ilə növbəti zəfərlərin astanasındadır.     

Bəli, azad edilmiş torpaqlar erməni vəhşiliyinin böyük yaralar almış şahididir. Bu şahidlik o torpaqlara səfər edən xarici diplomatlar, yerli jurnalistlər, QHT başçıları, siyasi partiya liderləri, sənətçilər və b. tərəfindən görünür. Necə deyərlər, bu iş burda bitməyəcək: əsərlər, kitablar, albomlar, filmlər, tədqiqat işləri, hüquqi işləmlər... işğal illərinin ağır izlərini sabahkı nəsillər üçün yaşadacaq. Yaşadacaq ki, bir daha belə hallar olmasın; yaşadacaq ki erməniləri müdafiə edənlər vəhşiliyi, vandalizmi müdafiə etdiklərinin fərqində olsunlar...
“Pənahəli xanın sarayı Şuşa şəhərinin tarixi mərkəzində yerləşir və Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray idi. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar. Mənfur düşmən gəlib bizim torpağımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Erməni vandalları işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şəhərdə erməni vəhşiliyi ilə üz-üzə qalan tikililərdən biri də Şuşa Dövlət Rəsm Qalereyasının binasıdır. Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də işğal zamanı ciddi ziyan görüb”. – Bu sitat dövlət başçısının Şuşa ismarınclarındandır. Bu ismarınclar dağlar qoynundakı şəhərdən, haqlılığın zirvəsindən, qalibiyyətin təntənəsindən verildi. Verildi ki bizim necə bir düşmənə qalib gəldiyimizi dünya idrak etsin. İdrak edib də, özünü idraksız yerinə qoyanlar bəhanəsiz qalsın. Bununla öz sözlərinin kəsərsiz olduğunu görsün bütün erməniyanlılar.

Bir daha gördü ki dövlət başçısının düşünülmüş addımları bir-birini tamamlayır:
-Azərbaycanın multikultural, birgəyaşayışın geniş, unikal imkanlarının mövcud olduğu ölkə imicinin gücləndirilməsi, təbliğ və tərənnüm edilməsi,
-Şuşanın Mədəniyyət Paytaxtı elan edilməsi,
-sülyaratma işinə səmimi töhfələr fonunda, dünya birliyinin təkzibolunmaz, quru faktları görməyə dəvət edilməsi!
Nəinki çağdaş dünyada, orta çağlarda, hətta qədim dünya tarixində Qarabağdakı erməni vəhşiliyinə bənzər vəhşilik bəlkə də olmayıb. Kütləvi şəkildə qəbirləri eşib, ölülərin sümüklərini çıxarmaq, tarixi abidələri ya dağıtmaq ya özününküləşdirmək, yerli əhalini öz tarixi, hüquqi torpaqlarından məcburən qovmaq, soyqırım törətmək – bunu ermənilərdən savayı daha hansı zehniyyətsizlik edər?! Demək, bütün həqiqətlər bir daha, olduğu kimi, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır: “Beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər həqiqətləri. Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.

Və əsas mövzulardan biri: Şuşanın bərpası üçün bütün imkanlar səfərbər olunacaq!  Şuşanın bərpa olunması ilə bağlı bəzi layihələr Heydər Əliyev Fondu tərəfindən icra olunacaq. O yerdə ki Heydər Əliyev Fondu var, orda zövq var, həssaslıq var, əsl iş var! Şuşa Şuşa kimi Şuşa olacaq! – Bənzərsiz! Əsl Mədəniyyət Paytaxtı! Qafqazın incisi!

Ermənilər Şuşaya 28 il qanunsuz hökm etdi, ancaq Şuşanı Şuşa edə bilmədilər; çünki onların salmadığı, onların yaşamadığı, onların gələcəyi olmayan şəhər onlara sanki otel kimi, yataqxana kimi, turist obyekti kimi gəlirdi... Onlar Şuşanın Şuşalığını anlamadılar, anlaya bilmədilər və qondarma “parlament”i Şuşaya köçürmək istəyində belə saxta idilər, əsassısz idilər, inamsız idilər. Özlərinə inanmayanlar onlara aid olmayan yerlərdə gələcək inşaa edə bilməz! – “Şuşa əzəli Azərbaycan şəhəridir. Ermənilər Şuşanı erməni şəhəri kimi qələmə vermək istəyirlər. Halbuki, Şuşanın təməlini qoyan Pənahəli xan olub və həmişə burada azərbaycanlılar yaşayıb. Şuşa kimi mənzərəsi, təbiəti olan şəhəri belə günə salmaq vəhşilikdir.” – Prezidentin sözüdür. Şuşa ömrümüzün işığıdır, Şuşaya işıq xətləri çəkilir, yarımstansiya artıq fəaliyyət göstərir, Şuşa dayanıqlı enerji ilə təchiz ediləcək!

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri və orada səsləndirdiyi fikirlər dünya ictimaiyyətinə siyasi ismarıncları ehtiva edir. Dünya birliyi Azərbaycanın zəngin tarixi irsini silmək üçün 28 il çalışmış işğalçıların törətdiyi vəhşiliyin, dağıntıların miqyasını görməlidir.

Prezidentin səfərləri zamanı verilən ən mühüm ismarınclardan biri budur ki, düşmən buna nail ola bilməyib, Azərbaycan o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıdıb! Və Azərbaycan bugün və gələcəkdə istənilən təxribatlara adekvat cavab vermək iqtidarındadır! Prezidentin səfər vaxtı peşəkar hərbi strateq kimi müharibə zamanı aparılmış hərbi əməliyyatların bəzi məqamlarına aydınlıq gətirməsi də təsadüfi deyil. Dövlət başçısı Dağlıq Qarabağdakı qondarma rejim və Ermənistanın özü ilə bağlı kəşfiyyat bilgilərinə malik olduğunu açıq şəkildə bildirib.
“Dəmir Yumruq” yerindədir.

DÖVLƏTİMİZ VAR OLSUN!



Oxşar xəbərlər