Aprel döyüşləri: zəfər yürüşünün ilk addımları


  • 19:30 / 03 04 2021 |
  • Bölmə: Sosial


Beş il öncə dünya ictimaiyyəti Cənubi Qafqazda işğala məruz qalmış qüdrətli dövlətlə işğalçı ölkənin silahlı birləşmələrinin qarşı-qarşıya gəldiyi “dördgünlük müharibə”yə - APREL DÖYÜŞLƏRİNƏ şahidlik etdi. Bu hərbi konfrantasiya – silahlı qarşıdurma bir çox nüansları yenidən aşkar etməklə bəzi reallıqlara bir daha aydınlıq gətirdi: 

ƏVVƏLA, aprel döyüşləri Azərbaycanın işğal faktı və status-kvo ilə barışmaq niyyətində olmadığını nümayiş etdirdi: Ermənistan rəhbərliyi həmin dövrdə cəbhə xəttində növbəti təxribat törədərək vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı qəti mövqeyini neytrallaşdırmağa çalışdı. Lakin Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması, nəticədə Ermənistan silahlı qüvvələrinin 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirməsi, 2000 hektara yaxın ərazinin, o cümlədən Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması Ermənistanın niyyətlərinin iflasla nəticələnməsini şərtləndirdi. Aprel döyüşləri həm də  status-kvonun qəbuledilməzliyini qətiyyətlə ifadə edən Azərbaycanın Ermənistanın təxribatlarına dözmək niyyətində olmadığını və düşmənə layiqli cavab vermək əzmi və iqtidarında olduğunu göstərdi! 

İKİNCİSİ, Azərbaycan Ordusunun aprel qələbəsi həm də beynəlxalq ictimaiyyət tərəfindən münaqişənin həlli məsələsinə adekvat yanaşmanın ortaya qoyulmasını şərtləndirdi: aprel döyüşlərindən sonra ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatların nümayəndələri, rəsmilər Ermənistanın təxribatçı hərəkətlərinə son qoyulmasının və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyini bəyan etdilər; 

ÜÇÜNCÜSÜ, 2016-cı ilin aprelindən sonra beynəlxalq ictimaiyyət bir daha anladı ki, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yaranmış münaqişə ölkəmizin ərazi bütövlüyünə qarşı törədilmiş qəsdin və təcavüzkar siyasətin əyani nümunəsi olmaqla yanaşı, həm də regional təhlükəsizlik sistemi üçün ciddi təhdiddir. Ona görə də bu problemin həlli beynəlxalq təhlükəsizliyin diktə etdiyi zərurətdir və Dağlıq Qarabağ münaqişəsi nə qədər ki ədalətli şəkildə həll edilməyib, regionda bütövlükdə sülh və sabitlikdən bəhs etməyə dəyməz. Çünki ərazi iddialarının, təcavüz faktının və separatizmin mövcud olduğu məkan və şəraitdə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq niyyətlərini istənilən səviyyədə reallaşdırmaq qeyri-mümkündür; 

DÖRDÜNCÜSÜ, aprel döyüşləri erməni təbliğat maşınının Ermənistan ordusunun gücü haqqında formalaşdırdığı mifi dağıtdı: bu ölkənin hərbi-siyasi dairələrinin bir sıra nümayəndələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərdilər. Yəni 2016-cı ilin aprel döyüşlərinin nəticələri Ermənistanda ideoloji əsasları dağıtmaqla yanaşı, bu ölkənin işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini bir daha nümayiş etdirdi. Aprel döyüşləri, eyni zamanda, sarsıdıcı zərbə kimi Ermənistanda hərbi xunta rejiminin çökməsində mühüm rol oynadı.

BEŞİNCİSİ, aprel döyüşləri torpaqlarımızın işğaldan azad olunması prosesinin başlanğıcı, şanlı hərb səlnaməsinə düşən zəfərdir. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində  tarixi qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünün bərpasına nail olmaqla yeni zəfər salnaməsi yaratdı. 

Nurlan Qələndərli 
politoloq





Oxşar xəbərlər