"Erməni vandalizminə qarşı bütün müsəlman dövlətləri açıq etiraz etməldir" - Mübariz Göyüşlü


  • 20:06 / 08 04 2021 |
  • Bölmə: Sosial



"İslam həmrəyliyinə kölgə salaraq Ermənistanla “can bir qəlbdə” olan müsəlman dövlətləri, nəhayət ki, İƏT nümayəndələrinin gördüklərindən nəticə çıxararaq, Ermənistanla isti münasibətlərə son qoymalıdırlar". 

"Rupor" xəbər verir ki, bu fikirləri “Bakı-Xəbər”ə açıqlamasında Müasir İnkişaf İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü 
bildirib. 

Son 30 ildə bəzi islam dövlətlərinin Ermənistanla isti münasibətdə olduqlarını pisləyən M.Göyüşlü hesab edir ki, bu müsəlman ölkələri gözlərini açıb ermənilərin müsəlman abidələrini, məscidlərini murdarladığını, təhqir etdiyini, donuzxanaya çevirdiyini görməli və bunun hesabını Ermənistandan soruşmalı, tələb etməlidirlər. 

"İƏT-ə üzv olan ölkələrin nümayəndələrinin işğaldan azad edilən Ağdama səfər etmələri və orada ermənilərin vandalizminə, təhqirlərinə məruz qalan müsəlman abidələrini gözləri ilə görmələri çox önəmli bir məsələdir. Torpaqlarımız hələ işğalda olduğu dövrdə hər zaman deyirdik, beynəlxalq aləmə, İslam dünyasına səslənirdik ki, maddi-mədəni, dini abidələrimizə qarşı erməni vandalları tərəfindən bu cür dəhşətlər törədilir. Biz o zaman da, torpaqlarımız azad olunandan sonra da müsəlman dövlətlərini erməni vandalizminə qarşı sərt mövqe sərgiləməyə çağırmışıq, çağırırıq da. İƏT tək-tək beynəlxalq təşkilatlardandır ki, haqq-ədalətin tərəfində durub və həmişə Ermənistanın təcavüzünü, vandal hərəkətlərini qınayıb, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün qətnamələr qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tam olaraq dəstəkləyib.
İƏT təmsilçilərinin bölgəyə səfər etmələri, İbrahim Xəlil xanın İmarətinin, məscidlərimizin donuzxanaya çevrildiyini öz gözləri ilə görmələri Azərbaycanın haqq işinin təbliği və Ermənistanla mübarizədə haqlı olması ilə bağlı real təsəvvürlərin daha da genişlənməsinə səbəb olacaq amildir.
İƏT Azərbaycanı, birmənalı olaraq, dəstəkləsə də, təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri Ermənistanın islam abidələrinə, islami dəyərlərə qarşı sərgilədiyi vandalizmə, təhqirlərə baxmayaraq, hələ də buna münasibət bildirməyiblər, Azərbaycanın səsinə ya bilərəkdən səs verməyiblər, ya da ləngiyiblər. Təəssüf ki, bəzi müsəlman dövlətləri bütün bunlara baxmayaraq, hələ də Ermənistanla yaxınlıqları, əməkdaşlıqları davam etdirirlər. Əlbəttə, biz bunu qınayırıq. Hesab edirəm ki, hər hansı bir müsəlman dini abidəsinə qarşı təcavüz, bütövlükdə, İslam dünyasına olan təcavüzdür, bizim dinimizin qaydaları bunu təsdiqləyir. Nəhayət ki, Ermənistanla isti münasibətdə olan məlum müsəlman dövlətləri İƏT nümayəndələrinin gördüklərindən nəticə çıxararaq, bu münasibətlərə son qoymalıdırlar".

M.Göyüşlü hesab edir ki, İƏT nümayəndələrinin gördükləri bütün müsəlman dövlətlərinə təsir etməlidir və bəzi müsəlman dövlətləri bundan nəticə çıxarıb Ermənistanla əlaqələri dayandırmalıdırlar, bu olduqca vacib bir məsələdir:

"Fikrimcə, bütün müsəlman dünyası bu məsələdə həmrəylik göstərməli və Azərbaycana dəstək verməlidir. Baxmayaraq ki, Azərbaycan və Ermənistan arasındakı müharibə müsəlman-xristian müharibəsi deyil, amma ermənilər bütün dünyanın gözündə bunu belə qələmə vermək istəyirlər. Ermənistanın müsəlman abidələrinə qarşı vandalizminə, bütövlükdə, müsəlman dünyası susmamalıdır. İƏT nümayəndələri ermənilərin müsəlman abidələrinə qarşı həyata keçirdikləri vandalizm, təhqir aktlarını bütün müsəlman ölkələrində yaymalı və Ermənistanla dostluq edən bəzi müsəlman ölkələrini islam birliyinə zidd olan hərəkətlərdən çəkinməyə çağırmalıdırlar. Erməni vandalizminə qarşı bütün müsəlman dövlətləri açıq etiraz etməldir".





Oxşar xəbərlər