İcra hakimiyyətlərinin fəaliyyətində növbəti boşluq


  • 10:35 / 10 06 2021 |
  • Bölmə: Sosial


“Yaşıllıqların uçotunun aparılması sahəsində koordinasiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. 2018-ci ildə qəbul edilmiş qərara əsasən, yaşıllıqların qeydiyyatını yerli İcra Hakimiyyəti orqanları aparmalıdır. Ancaq yerli İcra Hakimiyyətləri tərəfindən bu ümumiyyətlə aparılmır, aparılanlar isə lazımi keyfiyyətdə aparılmır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov yerli İcra Hakimiyyətləri tərəfindən yaşıllıqların uçotunun aparılmaması məsələsinə münasibət bildirərkən deyib. 

O qeyd edib ki, bu sahədə çoxlu suallar var və bununla bağlı növbəti fəaliyyətlərində belə məsələlərə baxmalıdırlar: “Biz çalışacağıq ki, bu məsələ yerli icra hakimiyyətləri tərəfindən təmin edilsin. Ola bilsin ki, bu iş başadüşməzlikdən, yaxud lazımi mütəxəssislərin cəlb olunmasıyla bağlı obyektiv və subyektiv səbəblərdən görülmür”.

Xatırladaq ki, sözügedən nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə də mövzu ilə bağlı “Qafqazinfo”ya bildirmişdi ki, yaşıllıqların uçotu qanunvericiliyə görə yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır və müvafiq orqanlara təqdim edilməlidir: “Çox təəssüf ki, bu iş aparılmır”.




Oxşar xəbərlər