Qazilər protezlərlə təmin edildilər


  • 13:17 / 22 06 2021 |
  • Bölmə: Sosial


Bu gün daha 10 Vətən müharibəsi qazisinə son nəsil protezlər təqdim edilib.

"Rupor" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov bildirib.

O deyib ki, daha 18 nəfərin protezlə təmin olunması üçün iş aparılır: “Həftə sonuna qədər 10-15 qazimizə də protezlər təqdim olunacaq. Bu cür müasir protezlər istifadəçilərə köməkçi vasitələr olmadan, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sərbəst hərəkət etməyə, qeyri-bərabər səthlərdə də addımlamağa, dəyişən məkanlarda və məqamlarda maneəsiz dönməyə, həmçinin idmanla məşğul olmağa və s. imkan verir. Protez fərdi hazırlanır, yəni bir protezin başqa bir şəxsin istifadəsi mümkün deyil, çünki protez həmin şəxsin bədən quruluşu, çəkisinə uyğun hazırlanır. Bu protezlər həmin şəxslərin fəaliyyətini 70-90 faiz bərpa edə bilir".

A. Məcidov qeyd edib ki, ümumilikdə aşağı ətrafları amputasiya olunmuş 70 qazinin ən son texnologiyalı protezlərlə təminatı həyata keçirilib. Eyni zamanda, yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir.

Bəzi qazilərdə iki ayaq və ya bir ayaq bir qol kəsilib deyə protez sayı adam sayından çoxdur.




Oxşar xəbərlər