Koronavirus testindən keçmək istəyənlər neçə manat ödəməldir?


  • 22:50 / 18 06 2020 |
  • Bölmə: Sosial


“Koronavirus xəstəliyinin əlamətlərini hiss edən şəxslər dövlət hesabına pulsuz test verə bilər. Bunun üçün 103-ə zəng vurursunuz və heç yerə getmirsiniz, gəlib evdən test götürürlər. Amma uçuşlarla əlaqədar olaraq üç özəl laboratoriya fəaliyyətə başlayıb. Dövlət hesabına test istəməyən vətəndaşlar onların xidmətlərindən yararlana bilər”.


"Rupor" xəbər verir ki, bu sözləri “Yeni Müsavat”a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat katibi Rəvanə Əliyeva bildirdi. Onun sözlərinə görə, həmin laboratoriyaların müayinəyə görə nəticələri dövlət tərəfindən təsdiqlənib.

Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib.

Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs həmin müəssisələrə müraciət edə bilər.

Virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Mətbuatda gedən xəbərlərə görə, qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur.

Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Xəbər verilir ki, COVİD-19-a görə müayinələr İnci laboratoriyası, Referans klinikası və “Memorial Klinik”də aparılır. Lakin həmin klinikalara zəng edərkən fərqli və konkret cavablar aldıq.

Müştəri qismində əlaqə saxladığımız Referans klinikasından deyildi ki, əvvəl testlər götürülürdü, hazırda ləvazimatlar olmadığı üçün bu iş hələlik dayandırılıb.

“Memorial Klinik”dən isə bildirildi ki, koronavirus testi 118 manatdır və iyunun 19-dan etibarən vətəndaşlar müraciət edə bilər.

İncə laboratoriyasından isə öyrəndik ki, qan müayinəsi 40 manat, yaxma ilə test isə 130 manatdır. Azərbaycanla yanaşı Türkiyədə də özəl laboratoriyalarda COVİD19 testləri götürülür.

Türk mediasının yazdığına görə, rəsmi xəbərdarlıqlara baxmayaraq, özəl klinikalar test götürür və məbləğ 400-500 liradır. Hazırda 400 lirə 100 manat edir. ABŞ-da isə özəl test etdirmək 119 dollardır.

Bəs, hansı halda test etdirmək zəruridir - hərarət qalxır, dərman qəbul etdikdən bir az sonra yenə artır, boğaz, sinə ağrısı, burun axması, öskürək, ağciyərlərdə küy, döş qəfəsində nəfəs alarkən ağırlıq, bəzi hallarda ürəkbulanma, diareya, qarın ağrısı, halsızlıq və s. olanda...

Prosedur özü bir neçə dəqiqə çəkir. Nəticə isə 1-2 gün ərzində hazır olur. Düzdür, digər ölkələrdə daha tez müddətli analizlər çıxıb, amma bizdə 1-2 gün nəticəli testlərdir.

Bu virus üçün əsas xarakterik əlamət tənəffüsün çətinləşməsi və pozulmasıdır. Bu halda harasa baş götürüb qaçmaq lazım deyil, sadəcə qaynar xətt və 103 təcili yardıma zəng edib, həkimi gözləyin.

Testin müsbət, pozitiv olması o deməkdir ki, virus var. O zaman həmin insan xəstə hesab edilir, xüsusi xəstəxanaya yerləşdirilir, onunla fiziki kontaktda olan hər kəs- ailəsindən tutmuş iş yoldaşlarına kimi hər kəs karantinə alınır.

Onların hamısında test aparılmır, əgər xəstəlik simptomları görünmürsə. Sadəcə 2 həftə təcrid olunurlar ki, başqa adamlarla təmas olmasın.

Azərbaycanda indiyədək aparılmış koronavirus testinin sayı 397 399-dur. Ölkədə ümumilikdə 10 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6075 nəfər müalicə olunaraq sağalıb, 133 nəfər vəfat edib, 4783 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.



Oxşar xəbərlər