Qazi torpağının zəbt edildiyini iddi edir - Açıqlama


  • 12:45 / 10 09 2021 |
  • Bölmə: Sosial / Şikayət


Bakı şəhər sakini Şərif Şərifov Abşeron rayonu Mehdiabad qəsəbəsindən aldığı torpaq sahəsinin Hacı Arif adlı şəxs tərəfindən zəbt edildiyini iddia edir. 

"Rupor" xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən Ş. Şərifovun sözlərinə görə, bu ilin avqust ayından torpaq sahəsi sənədlə onun mülkiyyətinə verilib: “Azərsu”da işləyən Hacı Arif və qohumu Niyazi Hüseynov tərəfindən torpağım zəbt edilib istifadə olunur. Hacı Arifə zəng vuranda hər şeyi üzərindən atır. Sənəd-sübut ortaya çıxartmır, hər dəfə bir bəhanə gətirir. Mən torpağı alandan əvvəl də oranı zəbt edibmiş. Ona dedim ki, sənədlərin sürətini daşınmaz əmlaka verək və hər ikimizin yeri dəqiqləşsin, rüsumu da mən ödəyim, razı olmadı. Çünki mənim aldığım torpağa onun sənədi yoxdur.

Deyir ki, get hara istəyirsən şikayət et, bizim hər yərdə adamımız var. Özüm Qarabağ müharibəsi əliliyəm və Prezident təqaüdçüsüyəm. Bu barədə Baş Prokurorluğa da rəsmi olaraq müraciət etmişəm”.

Sözügedən şikayətdə adı hallanan Niyazi Hüseynovun vəkili İlham Nuriyev “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, həmin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 0303958 nömrəli çıxarışına əsasən Hüseynov Niyazi Bahadur oğluna məxsusdur: "Arif müəllimin həmin torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Qeydiyyat vəsiqəsi və çıxarış Hüseynov Niyaziyə aiddir. Onların qohum olmağı o demək deyil ki, torpaq Arif müəllimə məxsusdur. Biz məhkəmədə iddia qaldırmışıq. Məhkəmə də torpaq sahəsinə ekspertiza təyin edib. Ekspertiza yerə baxış keçirəndən sonra qərar qəbul edəcək. Məhkəmənin qərarından kim narazı qalsa apellyasiya şikayəti verə bilər. Prezidentin Fərmanına əsasən torpaq sahələri faktiki məkan sahələrinə görə sənədləşdirilməlidir.

İşlər çox olduğu üçün Abşeron rayon Reyestr xidməti də işin öhdəsindən gələ bilmir. Ona görə də vətəndaşlar müraciət edir ki, hər kəsin tutduğu torpaq sahəsi müəyyənləşdirilsin. Çünki köhnə koordinatlarla yeni koordinatlar bir-birinə uyğun gəlmir".

Vəkilin sözlərinə görə, fərmana uyğun olaraq hər kəsin faktiki məkan göstəricilərinə görə yeni çıxarış verilməlidir: "Reyestr xidməti də deyir ki, gözləyin biz nə vaxt bunu başa çatdıra bilsək, məsələ o zaman həll olunacaq. Ona görə də vətəndaşlar məhkəməyə üz tuturlar. Hazırda bizim iddiamıza Sumqayıt inzibati məhkəməsində baxılır. Təkcə Şərif Şərifovun deyil, digər vətəndaşların da yeri başqalarının ərazisinə düşür. Ona görə də məhkəməyə müraciət etmişik ki, bizim faktiki çəpərimiz olan yerə yeni çıxarış verilsin. Ayın 20-də yerə baxış keçirilib rəy təqdim olunacaq. Rəyin nəticəsindən asılı olaraq məhkəmə qərar qəbul edəcək”.












Oxşar xəbərlər