Vətən müharibəsi qəhrəmanının anım mərasimi keçirildi Foto+Video


  • 18:59 / 30 09 2021 |
  • Bölmə: Sosial


Bakının Pirşağı qəsəbəsində Vətən müharibəsi şəhidi Səyavuş Kəlbalıyevin anım mərasimi keçirilib.

"Rupor" "Report"a istinadən xəbər verir ki, tədbirdə Cəbrayıl və Sabunçu Rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhidin döyüş yoldaşları, ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın dövlət himni ilə başlayıb, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxışçılar S.Kəlbalıyevin qəhrəmanlığından, döyüş yolundan bəhs ediblər.



Qeyd edək ki, Səyavuş Hümbət oğlu Kəlbalıyev 1987-ci ilin oktyabrın 16-da Cabrayıl rayonunun Horovlu kəndində anadan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbdə alıb. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib.

2009-cu ildə ali hərbi məktəbi bitirən S.Kəlbalıyev leytenant hərbi rütbəsinə layiq görülüb. 2009-2010-cu illərdə Sərhəd Qoşunlarının Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçdikdən sonra hərbi vəzifəsinə başlayıb. 2012-ci ildə kəşfiyyat ixtisası üzrə kurs keçib, xidmətini xüsusi hərbi hissədə davam etdirib.

Vətən müharibəsi zamanı S.Kəlbalıyev kəşfiyyat rəisi olaraq Cəbrayıl istiqamətində gedən döyüşlərdə vuruşub.

O, ötən il sentyabrın 29-da Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən S.Kəlbalıyev ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

















Oxşar xəbərlər