Gördüyün işə könlünü bağla - Beynəlxalq Könüllülər Günüdür


  • 10:22 / 05 12 2021 |
  • Bölmə: Sosial


Hər il dekabrın 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.

BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib.

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük, həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib

Son illər könüllülüyün sürətlə inkişaf etdiyi Azərbaycan könüllülük fəaliyyətinin təbliğində və inkişafında özünəməxsus rol oynayır. Azərbaycanın müstəqilliyin bərpasından sonra qazandığı uğurlarda, şübhəsiz ki, könüllü gənclərin də payı var.

Müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Elə buna görə də könüllülük hərəkatının nəzərəçarpacaq yüksəlişi məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Belə ki, dahi öndərin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü şəkildə cəlb etməyə, onların sahə təcrübəsindən yararlanmağa mühüm önəm verilib 

1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

XXI əsrin əvvəllərində Prezident İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə ölkəmizin tarixinin dinamik və hərtərəfli inkişaf mərhələsi başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri neft kapitalının insan kapitalına çevrilməsi idi. Bu zaman qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyac yaranmışdı və təbii ki, bu sahədə könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Məhz bu dövrdə - 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi Azərbaycanda könüllülük fəaliyyətinin inkişafında təkanverici rol oynadı.(Modern.az)

 






Oxşar xəbərlər